Saat:15:47
Haqqımızda

Putin Ukraynanı bir dövlət kimi MƏHV ETMƏK NİYYƏTİNDƏDİR

2022-10-04 11:47:00

Putin Ukraynanı bir dövlət kimi MƏHV ETMƏK NİYYƏTİNDƏDİR

Məhəmməd Əsədullazadə: "Əgər Ukraynaya yeni hücum və uzaq vuran artilleriya sistemləri verilərsə, Rusiyanın planı baş tutmayacaq"

Elxan Şahinoğlu: "Putin və tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyir, Astana isə özünü qorumaq üçün alternativ yollar axtarır"

Ərəstun Oruclu: "Rusiyanın talandığını iddia edən Putin bunu edənlərin onun ən yaxın dostları və özü olduğunu unudur"

Mübariz Göyüşlü: "Kremlin ilhaq qərarı Rusiya kimi addım atmaq istəyən ölkələri daha da həvəsləndirəcək, onlar üçün böyük bir "nümunə" yaradacaq"

Kənan Novruzov: "Putinin şəxsi ambisiyaları, qələbə hərisliyi, Ukrayna ərazilərinin qanunsuz ilhaqı Rusiya-Türkiyə münasibətlərinə də təsir edəcək"

Rusiya prezidenti Vladimir Putin 23-27 sentyabr tarixlərində Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson regionlarında "referendum" təşkil etdikdən sonra adıçəkilən vilayətlərin rəsmi ilhaqını elan edib və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu açıqlayıb. Putin sözügedən bölgələrə nümayəndələr təyin etsə də, Ukrayna və onun Qərb müttəfiqləri bu regionlarda Rusiyaya birləşmə referendumlarını "saxta" adlandırıb və Kremlin ilhaq qərarını tanımayacaqlarını bəyan ediblər. Rusiya prezidenti həmçinin, zərurət yaranarsa Ukraynaya qarşı nüvə silahından istifadə ediləcəyinə də işarə edib. NATO baş katibi Yens Stoltenberq isə hesab edir ki, Ukraynada nüvə silahından istifadə bu müharibənin mahiyyətini tamamilə dəyişəcək. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Stoltenberq nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı açıqlamaları təhlükəli və məsuliyyətsiz ritorika adlandırıb: "Bu səbəbdən biz prezident Vladimir Putinə açıq şəkildə bildirdik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün ağır nəticələrə səbəb olacaq və əlbəttə ki, münaqişənin xarakterini dəyişəcək. Nüvə müharibəsində qalib olmayaq".

NATO Ukraynaya "qapımız üzünüzə açıqdır" desə də, hələlik Rusiya ilə toqquşmaqdan çəkinir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, istefada olan general Devid Petreus isə bu qənaətdədir ki, Vladimir Putin taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ Ukraynadakı bütün rus qoşunlarını və texnikasını məhv edəcək, həmçinin Qara dəniz donanmasını batıracaq: "Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin və Çeçenistan lideri Ramzan Kadırovun açıq şəkildə danışdıqları, Putinin özünün də dəfələrlə eyham vurduğu nüvə eskalasiyasına cavabı ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri verəcək. Kremlin ilhaq edilmiş əraziləri "müdafiə etmək" üçün Ukraynanı hədələdiyi nüvə zərbəsi, kollektiv özünümüdafiə prosesini işə salan NATO nizamnaməsinin 5-ci maddəsinin əsası kimi görünməyəcək. Lakin belə bir hücumun radiasiyası blok ölkələrinə də çatarsa, o zaman bu vəziyyət NATO üzvü olan bir ölkəyə hücum kimi qiymətləndirilə bilər. ABŞ nüvə eskalasiyasına getmək istəməsə də, cavabsız qalmayacaq".

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Donetsk, Luqansk, Zaporojye və Xerson regionlarının Rusiya tərəfindən rəsmi ilhaqından sonra Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin sürətləndirilmiş prosedurla NATO üzvlüyü üçün müraciət edəcəyini bəyan edib: "De-fakto biz artıq NATO-da öz yolumuzu getmişik. De-fakto biz artıq Şimali Atlantika Alyansının standartlarına uyğunluğu sübut etmişik. Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir". NATO baş katibi Yens Stoltenberq isə öz növbəsində, alyansın qapılarının Ukrayna üçün açıq olduğunu, lakin indi əsas diqqətin onu Rusiyanın genişmiqyaslı müdaxiləsindən qorumağa yönəldildiyini vurğulayıb. Stoltenberq əlavə edib ki, üzvlüklə bağlı qərar alyansın 30 üzvünün hamısı tərəfindən qəbul edilməlidir. Qeyd edək ki, artıq Mərkəzi və Şərqi Avropanın 9 ölkəsi - Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Monteneqro, Polşa, Rumıniya və Slovakiya Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir.

"Mövcud vəziyyətdə istənilən danışıqlar Kiyevin əleyhinə işləyəcək"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya noyabrda yeni hərbi briqadalarla Ukraynaya qarşı döyüşü intensivləşdirməyi planlaşdırır: "Rusiyanın Ukraynanın işğal etmiş ərazisində qeyri-legitim referendum keçirməsi danışıqlar prosesinə son qoydu. Bundan sonra, yəni mövcud vəziyyətdə istənilən danışıqlar Kiyevin əleyhinə işləyəcək. Moskva referendumdan sonra Kiyevə danışıqları bərpa etmək üçün müraciət edib. Təbii ki, belə bir danışıqlar Ukrayna üçün alçaldıcı təklifdir. Rəsmi Kiyev bəyan edib ki, danışıqlar yalnız Rusiyanın Ukrayna ərazisindən tam çıxarılmasından sonra baş tuta bilər. Bunun üçün isə Ukraynanın mütləq qələbəsi gərəkdir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Rusiya Avropanın təhlükəsizlik arxitekturasını dağıdaraq dövlətlərin beynəlxalq səviyyədə qəbul edilən sərhədlərini zorla dəyişdirərək anneksiya siyasəti ortaya qoydu: "Buna baxmayaraq, son günlər Ukraynanın əks-hücumları yeni mərhələyə keçir. Rusiya isə öz növbəsində, səfərbərlik nəticəsində yeni birliklər yaradır. Düşünürəm ki, noyabr ayından Rusiyanın yeni hücumları olacaq. Kreml yeni ərazilər işğal etməklə onları Rusiyaya birləşdirib, sonda Ukraynanın bir dövlət kimi məhv olmasını həyata keçirməyə başlayacaq. Odur ki, gələn aydan Rusiyanın intensiv hücumları gözlənilir. Əgər bir ay ərzində Ukraynaya yeni hücum və uzaq vuran artilleriya sistemləri verilərsə, Rusiyanın planı baş tutmayacaq".

"Putinin Ukraynanın 4 bölgəsini ilhaq etməsi Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurub"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Vladimir Putin Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirdikdən sonra tərəfdaşlarından dəstək gözləyir: "Ankara ilk gündən açıqlama verib ki, Ukraynanın parçalanmasını və ərazilərinin ilhaqını tanımır. Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında Ukrayna torpaqlarının ilhaqını beynəlxalq hüquqa zidd adlandırıb. Bu ilhaq Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyinə də zərbə vurub. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Putindən sonrakı Rusiya lideri ilə görüşə bilər, indiki Kreml sahibi ilə görüş mümkün deyil. Halbuki, Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilhaqa qədər Putinlə Zelenskini görüşdürməyə çalışırdı. Belarus və Ermənistan Rusiyanın müttəfiqləri olsalar da, Rusiyanın ilhaqını dəstəkləməyiblər. Belə olan halda Kremlin ümidi ötən dəfə olduğu kimi Nikaraqua və bir neçə ada dövlətinədir. Kreml Krımı ilhaq edəndə məhz bir neçə ada dövləti işğalı qəbul etmişdi. Putin Ukrayna torpaqlarının Rusiyaya birləşdirdiyini elan etdiyi günün sabahı Çin lideri Si Sinpinə təbrik məktubu yazıb. 1 oktyabr Çində Respbulika günü kimi qeyd edilir. Putin məktubunda Si Sinpini əziz dostu adlandırıb. Kreml sahibi Çinin beynəlxalq arenada artan nüfuzuna işarə edərək iqtisadi və sosial sahədə uğurlarını vurğulayıb. Si Sinpin də Putinə yazdığı məktublarda həmkarına "əziz dost" deyə xitab edir. Buna baxmayaraq, Si Sinpin Ukrayna ərazilərinin ilhaqını tanımayacaq. Ancaq o eyni zamanda, bu ilhaqa görə Kremli tənqid də etməyəcək".

Politoloqun fikrincə, Putin anlayır ki, Pekin Ukraynanın 4 bölgəsinin Rusiyaya birləşdirilməsini tanımayacaq. Onun sözlərinə görə, Putin üçün önəmlidir ki, ilhaqa rəğmən, Pekin Kremllə tərəfdaşlıqdan imtina etməsin: "Rusiyanın Ukrayna torpaqlarını ilhaqı Mərkəzi Asiya ölkələrinin də maraqlarının əleyhinədir. Rusiyanın Mərkəzi Asiyadakı əsas tərəfdaşı Qazaxıstan Ukraynanın ərazi bütövlüyünü tanımaqda davam edəcək. Vladimir Putinin bir gözü də Qazaxıstandadır. Kreml sahibi və onun tərəfdarları Qazaxıstanın şimalını qarışdırmaq üçün münbit zaman gözləyirlər. Ukraynada olduğu kimi Qazaxıstanın şimal şəhərlərində də ruspərəst qüvvələr yetişdirilir. Astana Rusiya təhlükəsindən özünü qorumaq üçün alternativ yollar axtarır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, Ukrayna ordusu işğal olunan Donetsk, Luqansk, Zaporojye və Xerson istiqamətində əks-hücumlarını davam etdirəcək: "Artıq Rusiya bu bölgələrin adminstrativ sərhədlərindən geri çəkilməkdədir. Belə olan halda "birləşmə" ancaq kağız üzərində qalıb. Saxta referendumun nəticəsinə görə Liman Rusiya "şəhəri" sayılır, ancaq indi Ukraynanın nəzarətinə keçib". Politoloqun qənaətincə, Putini durduracaq qüvvə Ukraynanın müharibədə qələbəsi və itirdiyi bölgələri geri qaytarması, o cümlədən Rusiyada artan narazılıq ola bilər.

"Bu gün Putin çıxışlarında vaxtilə Hitlerin etdiyi kimi bəşəriyyətin bütün bəlalarının səbəbkarı qismində yanlış ünvanlar göstərir"

Siyasi şərhçi Ərəstun Oruclu isə hesab edir ki, bu gün Putin çıxışlarında vaxtilə Hitlerin etdiyi kimi bəşəriyyətin bütün bəlalarının səbəbkarı qismində yanlış ünvanlar göstərir: "Putin növbəti dəfə təsdiq etdi ki, onun hələlik Ukraynaya qarşı təcavüzkar siyasətinin əsasını Adolf Hitlerin 80 il əvvəlki siyasi doktrinası təşkil edir. Z simvolikasından tutmuş işğal etdiyi ərazilərdə keçirdiyi "referendumlara" qədər, "Rus dünyasından" tutmuş demokratik dəyərlərin təhrif olunmuş təsbitinədək hamısı bəşəriyyətin böyük qurbanlar verərək artıq keçdiyi yoldur. Vaxtilə Hitlerin etdiyi kimi bu gün Putin də çıxışlarında bəşəriyyətin bütün bəlalarının səbəbkarı kimi yanlış ünvanlar göstərir". Siyasi şərhçinin sözlərinə görə, Rusiyanın talandığını iddia edən Putin bunu edənlərin onun ən yaxın dostları və özü olduğunu unudur: "Amma Kreml diktatorunun çıxışında çox mühüm bir mesaj da vardı: onun zala topladığı hakim zümrə nümayəndələrinin üzündəki inamsızlıq və ümidsizlik. Putinin təntənəli şəkildə Ukrayna torpaqlarının ilhaq olunmasına dair tədbirlər keçirdiyi bir vaxtda Ukrayna ordusu işğal altında olan strateji əhəmiyyətli Liman şəhərini azad edib minlərlə Rusiya hərbçisini mühasirəyə aldı. Bu, məğlubiyyət deyil, Ermənistan ordusunun sözçüsü vaxtilə dediyi kimi, taktiki geri çəkilmədir".

"Putinin davranışları beynəlxalq hüququ ayaqlar altına almaqdan başqa bir şey deyil"

Rusiyanın Ukraynaya qarşı ağlasığmayan bir müharibəni, avantüranı davam etdirdiyini vurğulayan Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə qeyd edib ki, dünya imperializminin aparıcı dövlətlərindən olan Rusiyanın, onun avantürist başçısı Putinin davranışları beynəlxalq hüququ ayaqlar altına almaqdan başqa bir şey deyil: "Rusiya bundan əvvəl Donetsk və Luqanskın "müsətilliklər"ini elan etməklə avantüranın uzun çəkəcəyinin, 2022-ci ilin fevralında müharibəni başlatmaqla, tutduğu ərazilərin özünə birləşdirilməsini rəsmiləşdirməklə bu ağlasığmaz prosesin bitməyəcəyinin anonsunu verdi. Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə tam şəkildə ilhaq etməklə Rusiya eyni zamanda, beynəlxalq münasibətlərdə çox pis bir presedentin, "kimin gücü varsa digərinin ərazisini tuta bilər" fikrinin daha da oturuşmasına səbəb oldu". Siyasi şərhçinin fikrincə, rəsmi Moskvanın bu qərarı Rusiya kimi addım atmaq istəyən ölkələri daha da həvəsləndirmiş olacaq, onlar üçün böyük bir "nümunə" yaradacaq: "Onsuz da dünyada "güclüsənsə haqlısan" fikri var idi, Rusiyanın bu hərəkəti həmin düşüncənin daha da işlək olmasını sürətləndirəcək".

"İlhaq olunmuş ərazilərə rusların köçürülməsinin qarşısı alınmasa, gələcəkdə Ukraynanın parçalanması real təhlükəyə çevrilə bilər"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bu qənaətdədir ki, Ukrayna ərazilərinin ilhaqı Rusiya-Türkiyə münasibətlərinə də təsir edəcək: "Putin bugünlərdə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətinin Rusiyaya birləşdirildiyini elan etdi. Təxmin edildiyi kimi, bu hadisə ölkədə bayram kimi qeyd olundu. Əslində, durumun fərqli olmasına baxmayaq, Kreml rəhbəri sanki qələbəsini elan etdi. Bundan sonra bir sıra dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar qanunsuz ilhaqı pislədilər. Türkiyə Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirdi. Bəyanatda "referendumun nəticələri" tənqid edildi. Rusiyada "referendum" prosesi davam edərkən Türkiyə rəsmiləri, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu ilhaqı tanımayacaqlarını bildirmişdilər. Ərdoğan Putin parlamentdə çıxış etməzdən bir gün əvvəl həmkarına zəng vurmuşdu. Çox böyük ehtimalla, tərəflər qanunsuz ilhaqı barədə də danışmışdılar. Ərdoğan bir müddət əvvəl Putinlə bağlı demişdi ki, mən onu tanıyıram, düşündüyünü edən liderdir. Fikrimcə, Türkiyə prezidenti bu fikirləri ilə təkcə Putinin nüvə silahından istifadə edəcəyinə yox, həm də qanunsuz ilhaqa münasibət bildirmişdi. Ola bilsin, Ərdoğan demək istəyirdi ki, Putini yolundan döndərmək çətindir. Məsələ ondan ibarətdir ki, Ankara Moskva ilə Kiyev arasında balanslı siyasət yeridən yeganə dövlətdir. Türkiyə rəsmiləri dəfələrlə ən yüksək tribunalarda Kremlin addımlarını haqq qazandırıb, Qərbi tənqid ediblər. Əslində, Türkiyə ilə Qərb dövlətləri, o cümlədən ABŞ arasında münasibətlərin gərginləşməsinin səbəbi də məhz budur, yəni rəsmi Ankaranın neytral mövqeyi, Rusiyaya qarşı sanksiyalara qoşulmaması".

Ekspert bildirib ki, Türkiyənin neytral mövqeyinin bir səbəbi Ərdoğanla Putin arasındakı dostluq münasibətidirsə, digəri, şübhəsiz ki, hər iki dövlətin ortaq siyasi-iqtisadi maraqlarıdır: "Türkiyə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmasında israrlıdır. Ərdoğan, Çavuşoğlu hər fürsətdə sülh istədiklərini dilə gətirirlər. Qanunsuz ilhaq isə sülh perspektivini xeyli azaltdı. Bu, həm də Ankaranı Qərb qarşısında gözü kölgəli edə bilər. Elə ona görə də "referendumun" nəticələrinin tanınmayacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmişdi. Sözsüz ki, Ankara bu nəticələri tanısa idi, Qərblə münasibətlərdə yeni, daha kəskin mərhələ başlayacaqdı. Bəlkə də, Ərdoğan "Putin dediyini edir" fikirləri ilə məhz özünü sığortalamaq istəyirdi. Dünyaya çatdırırdı ki, hətta mən də Moskvanın bu qərarına müdaxilə edə bilmərəm. İndi əsas suallardan biri Ankara-Moskva münasibətlərinin gələcək perspektividir. Düşünürəm ki, "referendum" Ankara üçün arzuolunan deyildi. Elə buna görə də qanunsuz ilhaq məsələsi ikitərəfli əlaqələrə təsir edəcək. Yəqin ki, Ərdoğan, Çavuşoğlu gələcək çıxışlarında bu məsələyə toxunacaqlar. Ankara qanunsuz ilhaqı görməzdən gəlsə, bu, onun balanslı siyasətinə kölgə sala bilər. Beləliklə, təəssüf ki, Kreml rəhbərinin şəxsi ambisiyaları, qələbə hərisliyi Ukrayna böhranını daha da dərinləşdirdi. İlhaq olunmuş ərazilərə rusların köçürülməsinin qarşısı alınmasa, gələcəkdə Ukraynanın parçalanması real təhlükəyə çevrilə bilər".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR