Saat:06:20
Haqqımızda

Putin üçün GÖYDƏNDÜŞMƏ FÜRSƏT: Soçi görüşünün qeyri-rəsmi tərəfində MÜŞKÜL LABİRİNT – TƏHLİL

2021-09-28 23:22:00

Putin üçün GÖYDƏNDÜŞMƏ FÜRSƏT: Soçi görüşünün qeyri-rəsmi tərəfində MÜŞKÜL LABİRİNT – TƏHLİL

Sentyabrın 29-da Soçidə baş tutacaq Ərdoğan-Putin zirvə görüşündə vacib məsələlərin müzakirəsi gözlənilir. Əvvəlcə gəlin Türkiyə və Rusiya prezidentləri arasındakı müzakirə mövzularına başlıqlar şəkilində toxunaq.

  1. Türkiyə növbəti dəfə Rusiyadan S-400 HHM sistemlərini satın almaq üçün təkliflərini təqdim edəcək. Rusiya son model Su-29 qırıcı təyyarələrini də Türkiyəyə satmaq istəyir.
  2. Suriyanın şimalında, daha doğrusu, İdlib bölgəsində Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) silahlıları ilə Əsəd rejimi arasında son günlər konflikt gərginləşir və bunun daha ağır məcraya keçəcəyi təxmin edilir. İdlib mövzusu Ərdoğan və Putin arasında müzakirə olunacaq ən ciddi məsələdir. Rusiya konkret istəyir ki, ən azından İdlibin müəyyən hissəsindən ASO silahlıları geri çəkilsin.
  3. Soçidəki müzakirə mövzularından biri də Dağlıq Qarabağ ətrafındakı məsələ, regionda nəqliyyat habının həyata keçirilməsi olacaq. Qarabağ məsələsində Türkiyə və Rusiya arasında elə bir kardinal fikir ayrılıqları yoxdur.
  4. Əfqanıstanda “Taliban”-ın iqtidarı ələ keçirməsi, gələcəkdə bu siyasi və hərbi qruplaşmanın Mərkəzi Asiyaya təhdidi də Ərdoğan-Putin görüşündə müzakirəyə çıxarılacaq vacib mövzulardan biridir.

Şübhəsiz ki, hər iki lider Əfqanıstanda inklusiv hökumətin qurulmasında maraqlıdır.

Yuxarıda yazdıqlarım ikili zirvənin rəsmi müzakirə tablosudur. Ancaq Türkiyə və Rusiya prezidentlərinin həm də müzakirə edə biləcəyi qeyri-rəsmi hissə var…

Reallıq budur ki, Türkiyə prezidenti Nyu-Yorkdan narazı qayıtdı. O, cəhd etsə də ABŞ prezidenti Cozef Baydenlə görüşə bilmədi. Və məsələ o qədər ciddidir ki, Ərdoğan açıq-aydın dedi ki, o, Baydenlə çalışmaqda zorlanır.

Və… və nə?

Bu, Putin üçün göydəndüşmə bir fürsətdir. Həm fürsətdir, həm də Putinin əlini gücləndirən imkandır. Ortaya maraqlı sual çıxır:

Vladimir Putin bundan Ərdoğana qarşı təzyiq kimi istifadə edə bilərmi?

Bunda heç şübhəniz olmasın, Putin belə mövzularda “mahir” ovçudur.

Məsələn, Putin təklif edə bilər ki, Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyın, əvəzində biz də Şimali Kiprin müstəqilliyi məsələsinə baxa bilərik. Lakin bu mövzu da o qədər asan deyil. Rusiyanın Yunanıstanla ənənəvi dostluq əlaqələri var.

Putinin Krımla bağlı təklifinin Türkiyə tərəfindən qəbul edilməsi indiki halda qeyri-mümkündür. Belə olan təqdirdə, rəsmi Ankara Ukrayna kimi hərbi-siyasi müttəfiqi itirə bilər. Mən buna siyasi macəra deyərdim. Zənnimcə, Ərdoğan bu səhvi etməz, etməməlidir.

Çünki,bu elə bir labirintdir ki, içindən çıxmaq müşkül məsələdir…

  1. Rusiya daha sonra tələb edə bilər ki, separatçı Donetsk və Luqanskın da müstəqilliyini tanı.
  2. Daha sonra başqa separatçı qurumlar olan Osetiya və Abxaziyanı da tanı.

Təsəvvür edin, Putin belə təklif irəli sürməklə Türkiyəni həm Ukrayna, həm də Gürcüstan ilə düşmən edə bilər.
Üstəlik, bu, Türkiyəni bütövlükdə qərb ilə qarşı-qarşıya gətirə bilər və hadisələrin kuliminasiya nöqtəsi türklərin NATO ilə birdəfəlik vidalaşmasına gətirib çıxara bilər. Bunu təsəvvür etmək belə ağlasığmazdır.

Məncə, Şimali Kiprin müstəqilliyini əvvəlcə türdilli ölkələr tanımalıdır. Onlar da hələ ki, Kremlin orbitindən kənara çıxa bilmirlər.

Bir sözlə, Ərdoğanın Putin ilə görüşü çətin keçəcək.

Kamal Əliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı

Kaim.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR