"Putin Rusiyanın altına qoyulmuş bombanın fitilini çəkdi" - XAQANİ CƏFƏRLİ

2022-09-22 11:08:00

"Onun nüvə silahından istifadə edəcəklərinə işarə etməsi 300 min nəfərin səfərbərliyinə Kremlin də böyük ümidlər bağlanmadığını aydın göstərir"

"Rusiya diktatoru Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdi. Bu 1941-ci ildən sonra Rusiyada ilk dəfə olaraq elan olunan hərbi səfərbərlikdir. Müdafiə naziri Sergey Şoyqu 300 min ehtiyatda olan hərbçinin səfərbər ediləcəyini bildirib. Putinin 20 il ərzində 1.1 trilyon dollar sərf edərək qurduğu və dünyanın ikinci ən güclü ordusu hesab olunan Rusiya ordusu yeddinci ayı tamam olmaqda olan müharibədə Ukraynaya qalib gələ bilmədi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, NATO-ya qarşı müharibə üçün hazırlanmış, La-Manşa qədər gedib çıxacağı iddia olunan 1-ci Qvardiya Tank Ordusunu Ukrayna Silahlı Qüvvələri Xarkov ətrfında darmadağın etdi: "Bu ordunun özəyini təşkil edən məşhur Kantemirov tank diviziyası və Tamansk qvardiya motoatıcı diviziyası Xarkov ətrafında ən azı 442 ədəd hərbi texnikasını ataraq qaçdılar. Təkcə bu məqam məcburi şəkildə hərbi xidmətə çağırılan 300 min nəfərin Rusiyanın qalib gəlməsini təmin edə bilməyəcəyini söyləməyə imkan verir. Putinin səfərbərliklə bağlı xalqa müraciətində Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranacağı halda nüvə silahından istifadə edəcəklərinə işarə etməsi də 300 min nəfərin səfərbərliyinə Kremlin də böyük ümidlər bağlanmadığını aydın göstərir. Çünki 50 yaşınadək kiçik zabitlərin, 55 yaşına qədər mayor və polkovnik-leytenantların, 3-cü dərəcəli kapitan və 2-ci rütbəli kapitanların, 60 yaşına qədər polkovnik və 1-ci dərəcəli kapitanların, 65 yaşından yuxarı generalların hərbi xidmətə çağrılacağını nəzərə alsaq, bu 300 minlik insan kütləsinin döyüş qabliyyətinin nədən ibarət olacağını müəyyən etmək çətin deyil. Bu 300 minlik çağrışçının döyüş qabliyyətli ordu olmayacağını müəyyən etmək mümkün olduğu kimi, 300 min mülki insanın məcburi şəkildə hərbi xidmətə çağrılmasının doğuracağı təsir Rusya cəmiyyətini dağıdacaq ən güclü hadisədir. Qəti şəkildə əminəm ki, Putin hərbi səfərbərlik qərarı ilə Rusiya dövlətinin altına qoyulmuş bombanın fitilini çəkdi. Dövləti çiynində saxlayan cəmiyyət dağılmadan dövlət dağılmaz".

Xaqani Cəfərli hesab edir ki, Putinin hərbi səfərbərlik qərarının doğuracağı nəticə Rusiya cəmiyyətini dağıdacaq: "Bundan sonra isə dövlət çökəcək. Buna heç kimin şübhəsi olmasın. Dərbəndin 300 illik rus işğalının bitməsinə çox az qaldı".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.109482