Putin Rusiyanı UÇURUMA APARIR

2022-09-06 10:52:00

Putin Rusiyanı UÇURUMA APARIR

G7 ölkələrinin tam dəstəyini alan Ukrayna itirilmiş mövqelərini geri almağa doğru addım-addım irəliləyir

Şahin Cəfərli: "Rusiya enerjidən silah kimi istifadə etmək imkanlarının sonuna yaxınlaşır"

Elxan Şahinoğlu: "Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliya kimi dövlətlər Moskva ilə əlaqələri bərpa etməyi arzulayırlar"

Rusiya prezidenti Vladimir Putinin yaxın silahdaşı, Kremlin mətbuat katibi Dmitri Peskov iddia edir ki, Rusiyanın Ukraynada apardığı "xüsusi əməliyyat" yolunda gedir və bütün hədəflər yerinə yetiriləcək. Halbuki, reallıqda tamam fərqli mənzərə müşahidə olunmaqdadır. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Ukrayna ordusunun Donetsk vilayəti və cənub istiqamətində 3 yaşayış məntəqəsini azad etdiyini bəyan edib: "Donetsk vilayətində böyük irəliləyiş edərək yaşayış məntəqəsini azad edən 103-cü ərazi müdafiəsi briqadasının 63-cü taboruna təşəkkür edirəm. 54-cü briqada da Lisiçansk-Seversk istiqamətində irəli gedərək mühüm yüksəkliyi ələ keçiriblər".

Onu da qeyd edək ki, ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı məlumat da deyilənləri təsdiqləyir. Belə ki, bununla bağlı axar.az-da yer alan informasiyaya görə, sözügedən institut Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarının cənub və şərqdə nəzərəçarpacaq dərəcədə uğurla davam etdiyini vurğulayıb: "Ukrayna qoşunları Xerson vilayətinin qərb hissəsində bir neçə istiqamətdə irəliləyib və Donetsk vilayətində Severski Donets çayının o tayındakı ərazilərin təhlükəsizliyini təmin ediblər. Ukrayna qüvvələri Rusiya qüvvələrini tükəndirmək və onların qarşısını almaq üçün Rusiyanın quru rabitə xətlərinə, sursat anbarlarına və əsas mövqelərinə zərbələr endirməkdə davam edir. Ola bilər ki, ruslar vaxtaşırı əks-hücuma keçəcək və azad edilmiş yaşayış məntəqələrinə və irəliləyən Ukrayna qoşunlarına güclü artilleriya və havadan hücumlar həyata keçirərək itirilmiş mövqelərin bir hissəsini geri alacaqlar".

"Proseslərin yekununda Rusiya qlobal geosiyasətdəki çəkisini itirərək orta ölçülü regional güc səviyyəsinə düşəcək"

Gördüyünüz kimi, Dmitri Peskovun dediyinin əksinə olaraq, Ukrayna ordusu addım-addım irəliləyir. Şübhəsiz ki, Ukrayna ordusunun Rusiya qarşısında duruş gətirməsi, hətta bəzi istiqamətlərdə ciddi irəliləyişlərə nail olması "Böyük yeddilik" (G7) ölkələrinin - ABŞ, İngiltərə, Almaniya, Fransa, İtaliya, Yaponiya və Kanadanın rəsmi Kiyevə siyasi, hərbi və maddi dəstəyi sayəsində mümkün olub. Artıq heç kimə sirr deyil ki, G7 ölkələri yeni sanksiyalar tətbiq etməklə Rusiyanı təcrid etməyə, onu siyasi və iqtisadi iflasın eşiyinə gətirməyə çalışırlar. Məsələyə təxminən, bu konteksdən yanaşan siyasi şərhçi Şahin Cəfərli bildirib ki, G7 ölkələri Rusiya nefti üçün maksimal qiymət həddi müəyyənləşdirəcək: "Qərar ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya maliyyə nazirlərinin və bank təmsilçilərinin toplantısında qəbul olunub. Qərara əsasən müəyyənləşdiriləcək qiymətdən daha yuxarı qiymətə satılacaq Rusiya xam neftinin, eləcə də neft məhsullarının dəniz yolu ilə daşınması əngəllənəcək". Siyasi şərhçi qeyd edib ki, Rusiya neftinin təyin olunacaq qiymətdən baha satılmasını əngəlləmək üçün başlıca mexanizm Rusiya neftini daşıyan gəmilərə (tankerlərə) sığorta xidmətlərinin göstərilməsini dayandırmaqdır: "Bu xidmətləri həyata keçirən əsas beynəlxalq qurum (International Group of P&I Clubs - IG P&I) Londonda yerləşir. Həmin klubda təmsil olunan 13 qurumdan 7-si Britaniya, digərləri ABŞ, Yaponiya, Skandinaviya ölkələrinin şirkətləridir. Onların sığorta xidmətləri dünya tanker donanmasının 95%-ni əhatə edir. Sığorta və təkrar sığorta bazarı (Lloyd's of London) da Britaniyada yerləşir. Sığortasız tankeri heç bir liman qəbul etmədiyindən, bu cür xidmət çox vacib şərt sayılır. Qeyd etmək lazımdır ki, Rusiya nefti son aylar sanksiya olmadan da diskontla satılır. Məsələn, iyulda Brent neftinin orta qiyməti 102 dollar olduğu halda, Rusiyanın Urals neftinin orta qiyməti 78,41 dollar təşkil edib. Əslində bu da yüksəkdir və Moskvanın gəlirlərinin artmasını təmin edir. Bu səbəbdən G-7 ölkələri yuxarı qiymət həddi müəyyən etməyə qərar veriblər ki, Rusiya nefti bir tərəfdən satılmağa davam etsin və bazarda təklif azalmasın, eyni zamanda Moskva böyük gəlirlər əldə edə bilməsin. Dövlət aparatı və qanqsterlərin simbiozundan ibarət mafioz Putin rejimi əlbəttə ki, sanksiya tədbirlərindən yayınmaq üçün müxtəlif sxemlərə əl atacaq, belə bir qabiliyyəti və imkanları var. Məsələn, Urals neftini başqa neftlə qarışdırıb, fərqli adla satmaq istisna deyil və sair..."

Rusiyanın qəza bəhanəsi ilə "Şimal axını-1" kəməri vasitəsilə Avropaya təbii qaz nəqlini dayandırdığını vurğulayan siyasi şərhçi hesab edir ki, bu, açıq siyasi şantajdır. Onun fikrincə, burada əsas məqsəd Avropa Birliyinin iradəsini "sındırıb", onu ABŞ-la blok şəklində hərəkət etməkdən çəkindirmək və Qərbin Ukrayna məsələsində vahidliyini pozmaqdır: "Lakin artıq zaman dəyişib və Avropa Birliyi Putinin şantajına boyun əymək niyyətində deyil. Artıq Almaniya hökuməti əvvəl fəaliyyəti dayandırılmış, kömürlə işləyən İES-lərin işini bərpa edir. Belə bir hadisənin baş verəcəyi qısa müddət əvvələ qədər təsəvvür edilə bilməzdi, özü də yaşılların hökumətində. Hətta “Greenpeace” də qərarı anlayışla qarşılayıb. Avropada qaz anbarları 80-90% həcmində dolub. Bununla yanaşı, Avropa Birliyi qənaət tədbirləri də həyata keçirir. Almaniya Rusiyadan asılılığı azaltmaq üçün əvvəl 4 ədəd üzən LNG terminalı sifariş etmişdisə, indi bunların sayını 6-ya çatdırmağa qərar verib. Terminalların sistemə qoşulması bu ildən başlayaraq 1,5 il ərzində başa çatdırılacaq. Bu terminalların hər biri 5 milyard kubmetr qaz verəcək, müqayisə üçün deyək ki, 2021-ci ildə Almaniya Rusiyadan 48,2 milyard kubmetr qaz alıb. Yəni çox yaxın gələcəkdə rus qazının əsas alıcısı olan Almaniya bu asılılığa son qoyacaq".

Şahin Cəfərlinin qənaətincə, çətini bu qışı yola verməkdir: "Putinin gümanı budur ki, avropalılar rahatına düşkün, hedonist adamlardır və qışda evlərində, ofislərində, barlarda hərarətin azalmasına, üstəlik, qiymətlərin də artmasına dözə bilməyəcəklər. Almaniyanın xarici işlər naziri Annalena Berbok isə bildirib ki, hətta ölkə əhalisi küçələrə çıxıb, etiraz etsə belə, onlar mövqelərini dəyişməyəcəklər və Ukraynaya dəstəyi davam etdirəcəklər. Rusiya enerjidən silah kimi istifadə etmək imkanlarının sonuna yaxınlaşır. Bu silah onun əlindən çıxmaqdadır. Rusiya bu gün artan enerji qiymətlərindən faydalansa da, strateji baxımdan itirən tərəfdir. O, artıq Avropanın strateji enerji tədarükçüsü rolundan məhrum olur və gələcəkdə bir daha bu rolunu bərpa edə bilməyəcək. Rusiya bütün dünyanın gözü qarşısında qaz şantajına əl ataraq tamamilə etibarsız, güvənilməz tərəfdaş olduğunu öz əməlləri ilə nümayiş etdirir. Rusiya həm enerji, həm də nüvə silahı şantajından istifadə etməklə bütün kartlarını indidən açıb və başqa gedişi qalmayıb. Qərb isə poker oyunçusu təmkini ilə hərəkət edir və Ukraynanın silahlandırılmasında hələlik öz imkanlarının ən minimal səviyyəsini reallaşdırıb". Siyasi şərhçinin sözlərinə görə, bu proseslərin yekununda Rusiya qlobal enerji, eləcə də silah bazarındakı mövqelərini itirəcək, onun beynəlxalq nüfuzu ciddi şəkildə zədələnəcək və nəticədə qlobal geosiyasətdəki çəkisini itirərək orta ölçülü regional güc səviyyəsinə düşəcək.

"Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliyanı çətin keçəcək qışın qorxutduğu üçün onlar Rusiya qazına ümidlərini üzməyiblər"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Qərbi iki yerə bölüb: "ABŞ, Böyük Britaniya, Polşa və Baltik ölkələri Rusiyaya qarşı sərt siyasətin davamını istəyərkən, Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliya kimi dövlətlər müharibənin istənilən şəkildə bitməsini və Moskva ilə əlaqələri bərpa etməyi arzulayırlar". Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliyanı çətin keçəcək qışın qorxutduğunu bildirən politoloqun fikrincə, onlar Rusiya qazına ümidlərini üzməyiblər: "İşğalçı Rusiyanın da ümidi Avropadakı keçmiş dostlarınadır. Ukrayna isə yalnız ordusuna və həqiqi dostlarına ümid etmək məcburiyyətindədir".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056570