Putin Qazaxıstanı cəzalandıracaq? - TƏHLİL

2022-06-21 11:11:00

Putin Qazaxıstanı cəzalandıracaq? - TƏHLİL

Tokayevin səsləndirdiyi fikirlərdən qəzəblənən Rusiya prezidenti hansı siyasi gedişlər edə bilər?

Turan Rzayev: "Tokayevin səsləndirdiyi antirusiya bəyanatları və Rusiyanın buna cavab olaraq Qazaxıstan neftinin nəqlini dayandırması Kremlin planı əsasında baş tutur"

"Rəsmi Moskva bununla Qazaxıstanı Qərbin sanksiyaları və təzyiqlərindən yayındırmağa çalışır, o da mümkündür ki, yaxın zamanlarda proses Belarusla da bu və başqa formada cərəyan etsin"

Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər bir neçə gündür ki, həm ölkəmizdə, həm postsovet məkanında, həm də əksər Qərb dövlətlərində əsas müzakirə mövzularından birinə çevrilib, desək yəqin ki, yanılmarıq. Belə ki, Rusiya prezidenti Vladimir Putinin gözünün içinə baxa-baxa, Ukraynanın Donetsk və Luqansk vilayətlərində yerləşən qondarma respublikaları ("dxr" və "lxr"i) "kvazidövlət"lər adlandıran Tokayev BMT Nizamnaməsini əsas gətirərək, ölkəsinin Tayvanı, Kosovanı, Cənubi Osetiyanı və Abxaziyanı olduğu kimi, Luqansk və Donetskdəki qondarma rejimləri də tanımadığını bildirib: "BMT Nizamnaməsindəki iki əsas prinsip – ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ indi bir-biri ilə ziddiyyət təşkil edir. Lakin bütün dünyada millətlərin öz müqəddəratını təyin etmə hüququ reallaşarsa, indi BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600 dövlət yaranacaq ki, bu da xaosa səbəb olacaq. Buna görə biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Bu prinsip Luqansk və Donetskdə olan kvazidövlət ərazilərinə də şamil olunacaq".

Hələ bu, harasıdır. Rəsmi Kremli qıcıqlandıran, hətta belə demək olarsa, qəzəbinə səbəb olan məqamlardan biri də odur ki, Qazaxıstan prezidenti sözügedən forumda Rusiyanın ona təqdim etmək istədiyi "Aleksandr Nevski" ordenindən imtina edib. Bu barədə Qazaxıstan Prezidentinin Administrasiyasının yaydığı məlumatda deyilir ki, buna səbəb Tokayevin səlahiyyət müddətinin sonuna kimi yerli və xarici ölkə mükafatlarını qəbul etməmək barədə qərarıdır.

"Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları və sərmayəçiləri sayıq olmalıdırlar, çünki Putin Tokayev üçün "hədiyyələr hazırlamağı" əmr edib"

Görünən odur ki, Qasım Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirdiyi fikirlərdən, həmçinin "Aleksandr Nevski" ordenindən imtina etməsindən sonra Kreml Qazaxıstanı cəzalandırmaq qərarına gəlib. Məhz buna görə də Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyur. Bununla bağlı report.az-da yer alan informasiyada deyilir ki, Qazaxıstan neftinin ixracı Novorossiysk limanında dayandırılıb. Buna səbəb kimi isə liman sularında İkinci Dünya müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılması göstərilib. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb. Qeyd olunur ki, növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edə bilər.

Bu arada, axar.az-ın məlumatına görə, rusiyalı politoloq Valeri Solovey bildirib ki, Rusiya prezidenti Vladimir Putin həftəsonu Sankt-Peterburqda keçirilən iqtisadi forumda Qazaxıstan prezidenti Qasım Jomart Tokayevlə insidenti müxtəlif çevrələrdə müzakirə edib: "Cümə axşamından etibarən və ondan sonrakı iki gün ərzində Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı Rusiya prezidenti tərəfindən müxtəlif formatlarda həmsöhbətləri ilə davamlı olaraq müzakirə edilib. Putin sözün əsl mənasında qəzəblənib və niyə belə bir şeyə layiq olduğunu anlamağa çalışıb. Putin "Şərq mənşəli" Qazaxıstan prezidentini məzəmmət edib. Çünki ənənələrə görə, qonaq ev sahibinə hörmət etməli və aşağılayıcı ifadələrə yol verməməlidir". Rusiyalı politoloq əlavə edib ki, Putin möhkəm inciyib və bazar günü Tokayev üçün "hədiyyələr hazırlamağı" əmr edib: "Hələ ki, ciddi və konkret heç nə ifadə olunmayıb, lakin bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə tapşırıq verilib. Yaxın gələcəkdə mütləq Qazaxıstanın şimal ərazilərinə dair məsələ qaldırıla bilər. Üstəlik, Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları da sayıq olmalıdırlar, eləcə də qazax sərmayəçiləri. Hələ ki, dəqiq göstəriş yoxdur, amma prezidentin ətrafından səlahiyyətli yoldaşlardan təkliflər daxil olur".

"Tokayevin "Aleksandr Nevski" ordenindən imtina etməsi, Putinin yanında "dxr" və "lxr"i "kvazidövlət"lər adlandırması da rəsmi Kremlin razılığı ilə baş tutan məsələlərdir" 

Beləliklə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin sərgilədiyi mövqe ilə yadda qaldığını deyən siyasi şərhçi Turan Rzayev "Hürriyyət"ə açıqlamasında bildirib ki, Tokayevin "Aleksandr Nevski" ordenindən imtina etməsi, həmçinin Vladimir Putinin yanında "dxr" və "lxr"i "kvazidövlət"lər adlandırması ilk başda Kremlə qarşı mövqe kimi görünsə də, bu, belə deyil: "Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsinin gündən-günə uzanması və Qərbin sanksiyaları genişləndirməsi rəsmi Moskva ətrafında çəmbəri daraldır. Sanksiyalar səbəbindən iqtisadi baxımdan ciddi zərbə alan Kreml prosesin gec-tez ona yaxın olan ölkələrə sirayət etməsindən ehtiyat edir. Xüsusilə, 3 ölkə Belarus, Qazaxıstan və Ermənistan hazırda Kremlə ən yaxın ölkələrdir və Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkələrə də sanksiyaların tədbiq edilməsi mümkündür. Rəsmi Moskva tədbiq edilən sanksiyaların onunla əməkdaşlıq edən ölkələrə sirayət etməməsi üçün Avropanın gözündən pərdə asmağa çalışır. Bunun ən gözəl nümunəsini də Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin timsalında görə bilərik. Tokayevin "Aleksandr Nevski" ordenindən imtina etməsi, Putinin yanında "dxr" və "lxr"i "kvazidövlət"lər adlandırması da rəsmi Kremlin razılığı ilə baş tutan məsələlərdir. Xüsusilə, Tokayev "Putinin yanında "dxr" və "lxr"i "kvazidövlət"lər adlandırması sözün əsl mənasında "cəsarət" tələb edən addımdır. Lakin Tokayevin bunu BMT Nizamnaməsi ilə izah etməsi həm də Kremlin nə etmək istədiyini aydınlaşdırır".

"Neftin nəqlinin dayanması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutması ilk başda Kremlin Qazaxıstana gözdağı və ya cəzası kimi görünsə də, mahiyyət etibarilə bu, Qərbin gözündən pərdə asmaqdan başqa bir şey deyil"

Siyasi şərhçinin qənaətincə, Kremilin istəyi ilə Tokayevin dediklərindən çıxan məntiq belədir ki, Qazaxıstan heç də Rusiyanı dəstəkləmir və Kremldən fərqli olaraq beynəlxalq hüquqa hörmət edir, eyni zamanda Tokayev yeri gəldikdə Putinə sözünü deyə bilir və qazax xalqının maraqları çərçivəsində davranır: "Prezident Qasım Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirdiyi bəyanatlar sonrası Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. Belə ki, rəsmi Kremlin İkinci Dünya müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılması səbəbindən Qazaxıstan neftinin ixracını Novorossiysk limanında dayandırılıb. Minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edə biləcəyi deyilib. Neftin nəqlinin dayanması Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutması ilk başda Kremlin Qazaxıstana gözdağı və ya cəzası kimi görünsə də, mahiyyət etibarilə bu, Qərbin gözündən pərdə asmaqdan başqa bir şey deyil. Nəticə etibarilə hazırda Qazaxıstan ilə Rusiya arasında bu və ya başqa formada gərginliyin olduğunu düşünmürəm. İstər Tokayevin səsləndirdiyi antirusiya bəyanatları, istərsə də Rusiyanın buna cavab olaraq Qazaxıstan neftinin nəqlini dayandırması Kremlin planı əsasında baş tutur. Rəsmi Moskva bununla Qazaxıstanı Qərbin sanksiyaları və təzyiqlərindən yayındırmağa çalışır. O da mümkündür ki, yaxın zamanlarda proses Belarusla da bu və ya başqa formada cərəyan etsin".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya