Saat:21:09
Haqqımızda

"Putin o qədər ağılsız adam deyil ki, dövləti məhvə aparsın" - Kərəm Məmmədov

2022-05-16 19:26:00

Xəbər verdiyimiz kimi, İsveç və Finlandiya dövlətləri NATO-ya üzv olmaq istəyir. Rusiya isə onların bu təşkilata qoşulmasına etiraz edir. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev bildirib ki, Finlandiya NATO-ya daxil olarsa və alyansın zərbə silahlarını öz ərazisində yerləşdirərsə, Rusiya ümumi sərhəddə qoşun qruplaşmasını gücləndirəcək.

Bəs, İsveç və Finlandiya NATO-ya üzv qəbul edilərlərsə, Rusiya Ukraynadan sonra bu ölkələrlə də müharibə edə bilərmi?

Hurriyyet.az bildirir ki, mövzu barədə Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov dedi ki, Rusiya sadəcə hədə-qorxu gəlir:

“Hər bir dövlət hansısa siyasi təşkilata və yaxud da hansısa hərbi bloka üzv olmaq istəyirsə, təbii ki, öz müstəqil seçimidir. O cümlədən də Finlandiya və İsveç də müəyyən təşkilatlara üzv ola bilərlər. Rusiyanı da müəyyən mənada başa düşmək olar ki, Rusiya öz sərhədlərinə NATO-nun yaxınlaşmasını istəmir. Elə Ukraynadakı müharibənin də ən böyük səbəbi odur ki, Rusiya istəmirdi ki, Ukrayna NATO-ya daxil olsun və NATO-nun hərbi bazaları bilavasitə Rusiya ilə sərhəddə yerləşsin. Burada yeni vəziyyət yaranıb ki, Finlandiya və İsveç NATO-ya daxil olmaq istəyir. Rusiyanın məhz bu ölkələrin NATO-ya üzv qəbul olunmaq istəyinə görə onlarla müharibə aparacağına heç bir ehtimal vermirəm. Sadəcə Rusiya bir az hədə qorxu gəlir ki, onlar üçün bunun ağır nəticələri ola bilər. Amma indiki vəziyyətdə Rusiya Ukraynadakı düşdüyü bataqlıqdan hələ necə çıxacaq, onun yollarını araması daha yaxşı olar, nəinki bu dövlətləri hədə-qorxu gəlib NATO-ya üzv olmaq fikrindən yayındırmaq. Məncə Rusiya, xüsusilə də Putin ağılsız deyil ki, Ukraynada müharibəni başa çatdırmamış, - necə başa çatacaq hələ o da bəlli deyil - digər tərəfdən şimaldakı qonşularla da belə bir müharibəyə girsin".

Konfliktoloq bildirdi ki, Rusiya müharibə etmək istəyərsə, Ukrayna kimi Finlandiya və İsveçə də kömək göndəriləcək:

“Sadəcə hədə-qorxu gəlmək variantıdır. Əgər Rusiya Finlandiya ilə müharibəyə girsə, bu, Rusiyanın böyük bir fəlakəti olacaq. Putin o qədər ağılsız adam deyil ki, dövləti məhvə aparsın. Qərb dövlətləri və digər ədalətsevər insanlar, dövlətlər Ukraynaya hərbi yardım göstərirlər. Eynilə bu dövlətlərə də yardım göstərəcəklər. Amma fəal şəkildə hərbi qüvvələrlə bu dövlətlərə yardım etmək yenə də Ukraynadakı vəziyyəti yaradacaq. Ukraynaya hər gün silah-sursat, texnika göndərirlər, amma olan təbii ki, Ukrayna xalqına və dövlətinə olur. Heç kim belə bir müharibəni istəməzdi. Burada da Rusiya Finlandiyaya hədə qorxu gəlmək üçün sərhəddə qoşun yığır ki, sabah bu məsələ reallaşsa, onda biz əks tədbir görəcəyik. Əks tədbir görüb yenə də müharibə edəcək. Bu artıq Üçüncü Dünya müharibəsinə doğru irəli atılmış böyük bir addım olar”.

Kərəm Məmmədov Rusiya tərəfindən atom silahından istifadənin mümkünlüyü barədə açıqlamalara da toxundu.

"Putin hədələyir ki, atom silahından istifadə edəcəm. Atom silahından istifadə etməyin nəticəsi tək bir tərəfli məhv etməyəcək, hamını məhv edəcək. Özləri o silahın təsirindən kənar qala bilməz. Bu qədər ağılsızdılar ki, atom silahından istifadə etsinlər? Ona görə bu, artıq özü-özünü məhv etmək addımıdır. Ola bilər ki, orada kompromis variant tapılacaq ki, bu dövlətləri bu fikirdən yayındırsınlar və yaxud da qarşıya başqa bir maneə çıxacaq ki, bu dövlətlər yayınsınlar. Şimaldakı dövlətlər NATO-ya üzv olarsa, Rusiyanı mühasirəyə almaq vəziyyəti yaranır. Rusiyanın da istər-istəməz ən çox qorxduğu və ehtiyat etdiyi NATO-nun sərhədlərinə doğru gəlməsidir. Elə onun ucbatından Ukraynadakı bugünkü vəziyyət göz qabağındadır”, - deyə konfliktoloq bildirdi.

Zərif Ülviqızı

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR