"Putin mühüm mövzularda Rusiyanın həlledici rolunu vurğulamağa çalışır" - ELXAN ŞAHİNOĞLU

2021-11-25 09:52:00

"Onun komandası Kreml sahibinin qrafikini elə tərtib edirlər ki, Rusiya prezidenti xarici qonaqların əksəriyyətini bir neçə günlük zaman kəsiyində Soçidəki iqamətgahında qəbul etsin"

"Rusiya prezidenti Vladimir Putinin maraqlı iş qrafiki var. Putin Moskvadan və Kremldəki otağından bezəndə kurort şəhəri olan Soçiyə gedir, həm dağ havası alır, həm də qonaqlarını qəbul edir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloqun sözlərinə görə, Putinin komandası Kreml sahibinin qrafikini elə tərtib edirlər ki, Rusiya prezidenti xarici qonaqların əksəriyyətini bir neçə günlük zaman kəsiyində Soçidəki iqamətgahında qəbul etsin: "Misal üçün Vladimir Putin bir neçə gündür Soçidədir, artıq Fələstin prezidenti Mahmud Abbasla görüşüb, bu gün Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşəcək, sabah isə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçərəcək. Putin Mahmud Abbasla Fələstinin problemlərini, Aleksandr Vuçiçlə Serbiyaya satılan Rusiya qazının qiymətinin ucuzlaşdırılmasını, Azərbaycan və Ermənistan liderləri isə kommunkasiya xətlərinin açılmasını müzakirə edib və ya edəcək".

Bütün bunların rəngarəng mövzular olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Putin bu mövzuların hər birində Rusiyanın həlledici rolunu vurğulamağa çalışır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az