Putin: Kürd problemi həllini tələb edir / XƏBƏRDARLIQ YA ŞANTAJ
.jpg)
Rusiya prezidenti Putin Ərdoğanla sıx əməkdaşlıqdan və Yaxın Şərqdə mürəkkəb kürd probleminin həllinin tapılmasının zəruriliyindən danışıb. O, Türkiyə tərəfi ilə sıx əlaqələrin olduğunu təsdiq edərək, prezident Rəcəb Tayyib Ərdoğanla daimi əlaqə saxladığını qeyd edib.
“Prezident Ərdoğanla daim təmasdayıq. Onunla sonuncu dəfə nə vaxt danışdığımızı xatırlamıram, amma biz təbii ki, regiondakı, Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik”, deyə Putin mətbuat konfransında deyib. Putin vurğulayıb ki, Rusiya və Türkiyənin Yaxın Şərqdəki bir çox məsələlərdə mövqeləri hamıya məlumdur:
“Bizim mövqeyimiz heç bir bugünki konyukturaya tabe deyil. Biz həmişə buna inanmışıq və indi də inanırıq ki, Fələstin problemi ancaq onun yaranmasına səbəb olan səbəbləri aradan qaldırmaqla həll edilə bilər, deyə Putin BMT Təhlükəsizlik Şurasının iki dövlət - İsrail və Fələstin yaratmaq qərarını xatırladıb:
“İsrail yaradıldı, Fələstin əslində hələ yaranmayıb. Problem budur”.
Putin Fələstin-İsrail münaqişəsi ilə yanaşı, regionda daha bir mühüm problemi - kürd problemini diqqətə çatdırıb.
“Türkiyənin, bildiyimiz kimi, PKK ilə onilliklər boyu problemi var. Ümid edirəm ki, gərginlik olmayacaq, amma bu yaxınlarda bəzi avropalı siyasətçilər görüşlərdə mənə dedilər ki, Birinci Dünya Müharibəsindən sonra kürdlərə öz dövlətlərini vəd ediblər, onları aldadıblar və s”, deyə Putin ifadə edib.
O, Yaxın Şərqdə yaşayan milyonlarla kürdü “nəzərə alaraq”, vəziyyətin ciddiliyini vurğulayıb:
“Bu, ciddi kürd problemidir. Kürdlər ciddi oğlanlardır, ciddi döyüşçülərdir. Kürd problemini həll etmək lazımdır. Suriya çərçivəsində prezident Əsədlə bunu həll etmək lazım idi, indi isə hazırkı yeni hakimiyyətlə bunu həll etmək lazımdır və Türkiyə hansısa şəkildə öz təhlükəsizliyini həll etməlidir”.
Beləliklə, Putin Türkiyə ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb və mürəkkəb regional problemlərin, o cümlədən Fələstin-İsrail münaqişəsi və kürd probleminin həllinə kompleks yanaşmanın zəruriliyini vurğulayıb.
P.S. Türkiyənin Suriyada güclənməsilə oradan çıxmağa məcbur qalan Rusiyanın prezidentinin bu ifadələri daha çox xəbərdarlığı yaxud şantajı xatırladır.
Ülviyyə, Hurriyyet.az
