Saat:02:25
Haqqımızda

“Putin “5-ci kolon”u daha da dirçəltmək istəyir”

2021-11-30 13:00:00

“Putin “5-ci kolon”u daha da dirçəltmək istəyir”

ADP hakimiyyəti inzibati resurslarla, dövlət maliyyəsi hesabına rus dilinin tədrisinə son qoymağa çağırıb.

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlərin müzakirəsinə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 26 noyabrda Soçidə keçirdiyi üçtərəfli görüşün nəticələrinə münasibət bildirib. Partiya yetkililəri Rusiyanın xüsusi diqtəsi ilə baş tutan bu görüşün əsas qayəsinin Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşü önləmək, Cənubi Qafqazda əsas söz sahibinin Putin Rusiyasının olduğunu diqqət mərkəzinə gətirmək, “sülhməramlı” adı ilə Qarabağ ərazisinə yerləşdirdiyi hərbi kontingenti daha geniş formada qalıcı etməklə münaqişə tərəflərini öz iradəsindən asılı vəziyyətdə saxlamaq, hərbi-siyasi amacına ulaşmaq üçün sülh sazişini mümkün qədər uzatmaq olduğunu bildirib.

ADP Soçi görüşünü əslində 44 günlük Vətən savaşından qalib çıxan Azərbaycanın və acı məğlubiyyətdən sonra Qərbə üz tutan Ermənistanın yenidən məğlub vəziyyətə düşməsi, Rusiyanın isə bu siyasi oyundan qalib çıxması kimi dəyərləndirib. Bəyannamədə kapitulyasiya aktına qol çəkən Ermənistanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalardan irəli gələn müddəaları yerinə yetirmək tələbləri irəli sürülmək əvəzinə, ümumi formada iqtisadi, kommunikasiya xətlərinin açılması, rus “sülhməramlı” kontingentinin tərkibinin genişlənməsinə işarələr verilməsi, delimitasiya, demarkasiya məsələlərinin uzadılması kimi müddəların yer alması onu göstərir ki, Rusiyanın əsas niyyəti yekun sülh sazişindən Ermənistanı yayındırmaq məqsədi daşıyır. ADP belə hesab edir ki, Ermənistan tərəfi Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanımadan, ərazimizdə yerləşdirdiyi terrorçu və qeyri-qanuni hərbi birləşmələri çıxarmadan, yekun sülh sazişinə imza atmadan hər hansı bir kommunikasiya xəttinin açılmasından, Ermənistana nəfəs verən iqtisadi əlaqələrin genişlənməsindən söhbət gedə bilməz və hakimiyyət bu istiqamətdə ən yaxın müttəfiqi, qardaş Türkiyə ilə birgə addımlarını, beynəlxalq səylərini davam etdirməlidir.

İdarə Heyəti Soçi görüşündə Putinin  Azərbaycan məktəblərində təhsil alanların 34 faizinin rus dilində olduğu faktını dilə gətirməsini dolayı yolla təhsil sistemimizin işğal altında saxlanılması, yetişən gənc nəslin öz dili, ədəbiyyatı, mədəniyyəti əvəzinə, adı çəkilən ölkənin tarix və mədəniyyətini mənimsəməklə öz milli kimliyinin unutdurulmasına xidmət etməsi, ölkə mənafeyini yad ölkələrə satmağa meylli “5-ci kolon”un nümayəndələrinin daha da dirçəldilməsi faktı kimi dəyərləndirib və hakimiyyəti inzibati resurslarla, dövlət maliyyəsi hesabına rus dilinin tədrisinə son qoymağa çağırıb.

İdarə Heyəti İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Aşqabadda keçirilən görüşünə də münasibət bildirib və bu görüşün ölkələrimiz arasında dostluq, əməkdaşlıq, qarşılıqlı əlaqələr baxımından faydalı olmasını təqdir edib. Eyni zamanda KTMT-nın üzvü olan bir sıra türk respublikaları prezidentlərinin Azərbaycanın haqlı davasında yanında olduğunu, qələbə münasibəti ilə təbriklər etməsini yüksək dəyərləndirib və hakimiyyəti İslam Əməkdaşlıq Təşkilatı dövlətləri ilə daha sıx əlaqələr qurmağa, onların regioanal və beynəlxalq nüfuzundan səmərəli istifadə etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar İranla Azərbaycan arasında yaşanan gərginliklərin səngiməsindən, iki ölkənin siyasi, iqtisadi münasibətlərinin normal məcraya dönməsindən məmnun olduğunu və bu xoş münasibətlərin hər iki ölkə xalqlarının ümumi mənafeyinə xidmət etməsini qeyd edib. Eyni zamanda Tehran rejiminin yenidən qarşılıqlı münasibətlərə xələl gətirən davranış nümayiş etdirməsindən, Tehranda yerləşən park və küçələrə Azərbaycan toponimləri ilə həm də təhrif olunmuş formada adlar verilməsindən narahat olduğunu bildirib və adı çəkilən ölkəni qarşılıqlı münasibətlərin pozulmasına xidmət edən bu hərəkətlərdən çəkinməyə çağırıb.

İdarə Heyəti Avropa Parlamentinin bir qrup nümayəndəsinin guya “Azərbaycanın Ermənistan ərazilərini işğal etməsi” ilə bağlı bəyanatını ölkəmizə qarşı illər öncə başladılan qərəzli münasibətin, xristian təəssübkeşliyindən doğan ikili yanaşmanın iyrənc forması kimi qiymətləndirib və bu işdə qarşı tərəfin məkrli siyasətinin olması ilə yanaşı, Xarici İşlər Nazirliyinin Avropada fəaliyyət göstərən səfirlərinin öz vəzifə borclarını layiqincə yerinə yetirməməsi faktının da durduğunu qeyd edib və hakimiyyət yetkililərini xarici siyasət kursunda Ermənistanın işğalçı siyasətini qabardan, torpaqlarımızın bir hissəsinin hələ də işğal altında qalmasını ortaya qoyan dəlillərlə çıxış etməyə çağırıb.

İdarə Heyəti Rusiya xarici işlər naziri Sergey Lavrovun Suriya Demokratik Şurası adı ilə fəaliyyət göstərən bir sıra terrorçu təşkilat nümayəndələri ilə görüş keçirməsini qətiyyətlə pisləyib və bu faktın arxasında üzdə Türkiyə ilə dostluq nümayiş etdirən, Rusiyanın anti-Türkiyə siyasətinin durduğunu bildirib.

İdarə Heyəti siyasi motivlərlə həbsdə olan AXCP üzvü Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin 20 gündən artıq aclıq aksiyası keçirməsindən dolayı səhhətində yaranan problemlərdən narahatçılığını ifadə edib, eyni zamanda ölkə başçısını səlahiyyətlərindən istifadə edərək Saleh Rüstəmlinin işinin yenidən obyektiv və şəffaf şəkildə araşdırılması təşəbbüsü ilə çıxış etməyə çağırıb.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR