Pulumuzu Aygünə, Namiqə verir, haqqımızı isə Rasim Balayevdən tələb edirik...

2023-08-17 15:32:00

Pulumuzu Aygünə, Namiqə verir, haqqımızı isə Rasim Balayevdən tələb edirik...

Rasim Balayev Azərbaycanda deyil, ABŞ-da, yaxud Avropada doğulsaydı, sözsüz ki, adını dünya kino tarixinə yazdıra bilərdi. İnsanların həyatında təkcə zaman deyil, həm də məkan böyük rol oynayır... 

İyirmi, bəlkə də iyirmi beş il əvvəl keçmiş hakim Xəqani Məmmədovdan müsahibə götürürdüm. Dedi ki, bu yaxınlarda məşhur italiyalı hakim Pyer Kollina ilə birlikdə imtahan verib. Sonra da əlavə etdi ki, imtahan zamanı dünya futbolunun əfsanələrindən sayılan Kollinanı bütün göstəricilər üzrə üstələyib. 

Gənc və sadəlövh vaxtlarım olduğu üçün belə bir sual verdim: "Bəs niyə Pyeri bütün dünya tanıyır, amma sizi Biləcəridən o tərəfdə tanıyan yoxdur?" 

Cavabı belə oldu: "İmtahandan sonra hər kəs öz ölkəsinə döndü. Kollinaya "Milan" - "Yuventus" oyununu tapşırdılar, mənə isə Qazaxın "Göyəzən" klubu ilə İmişlinin "Metallurq" komandalarının qarşılaşması həvalə olundu". 

O vaxt rayonlarımızdakı stadionlarda tez-tez mal-qara "qonaq olurdu".  Futbolçular əvvəlcə danaları, sonra topu qovurdular...

Gələk mətləbə. Xalq olaraq Rasim Balayevdən pozulmuş hüquqlarımızın bərpası uğurunda mübarizə aparmağı tələb etməyə haqqımız varmı? 

Mən ziyalının açıqfikirli olmasının tərəfdarıyam. Ziyalı hər situasiyada sözünü deməyi bacarmalıdır. Ziyalının mövqeyi qəti olmalıdır. Ziyalı ondan plastilin kimi müxtəlif fiqurlar düzəldilməsinə imkan verməməlidir. 

Amma ziyalını hakimiyyət uğrunda mübarizə aparan siyasətçi ilə qarışdırmamalıyıq. Rasim Balayev siyasi ambisiyası olmayan kino xadimidir. Onu ən çox Azərbaycan kinosunun taleyi maraqlandırır. Rasim Balayev bu mövzuda danışıbmı? Çənəsi yorulana kimi danışıb! Şükür, internet əsrində yaşayırıq. Axtarış resurslarına baş vurmaqla Rasim Balayevin Azərbaycan kinosunun acınacaqlı durumundan bəhs edən yüzlərlə müsahibəsini, açıqlamasını tapa bilərik. Məsələn, bəndəniz klaviaturada bu sətirləri döyəcləyəndə təmbəllik etməyib kiçik bir araşdırma apardı. Qarşıma çıxan ilk yazı oldu: Rasim Balayev: "Azərbaycanda kinonun durumu sıfırdır". 

Rasim Balayevin də öz arqumentləri var. Məsələn, sonuncu müsahibəsində deyir ki, 9 il işsiz qalsa da, bir adam onu axtarıb-aramayıb. 

Bu gileyi belə də başa düşə bilərik: İşsiz qalanda niyə bir dəfə maraqlanmadınız ki, bu adam nə yeyir, nə içir? Niyə bir dəfə soruşmadınız ki, çəkiliş meydançalarında xəstə saldığın vücudunu az da olsa dirçəltmək üçün həkimin yazdığı dərmanları almağa pulun varmı? 

İnsan qocalanda kövrək olur. Hansısa ehtiyacını dilə gətirdiyi üçün onu qınamaq lazım deyil. 

Biz qəribə adamlarıq. Toyda yarım saatlıq ifa üçün Aygünə, Namiqə, Röyaya, 10 min, bəzən 12-15 min qonorar veririk, amma hüququmuzu qorumağı Rasim Balayevdən tələb edirik... 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141582