Pulgir məddahların kökü kəsilməlidir

2021-09-14 10:09:00

Pulgir məddahların kökü kəsilməlidir

Sayı yeddi yüz minə çatan YAP-ın içindən beş-on qeyrətli kişi tapılmadı ki...

Həmişə neqativ münasibət bəslədiyim bir qəzetdə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun dediklərini diqqətlə oxudum. Niyə diqqətlə? Sadəcə ona görə ki, bu zat iqtidara sədaqətində sabit qədəmdir. Psevdovətənpərvərlər, minüzlü qondarma liderlərin aftafa gəzdirənləri onu dəfələrlə sancsalar da, ələ salsalar da o, nə sınıb, nə əyilib. Kişinin dərdini başa düşdüm, yəni müzəffər Prezidentin əməlləri göz önündədir, amma parlamentdə çoxluq təşkil edən YAP deputatlarının bivecliyi, susqunluğu, heç nəyə yaramadıqları da hamıya bəllidir. Sabir rəhmətliyin təbirincə desək, bu canlı dəyirmanların yeyib-içməkdən, sərvət toplamaqdan başqa iş gücləri yoxdur.

Abutalıb ağa gileylənir ki, bu həşəmətli zatlar hərdən iqtidarın əyər-əskiyini açıb ifşa edərkən əndazəni aşan bəzi ötkəmlərə cavab vermirlər, yəni hakimiyyəti müdafiə etmirlər. Mən bəndeyi-həqir də soruşuram, ya Abutalıb ağa, özlərini millətin əşrəfi sayan bu ağalar, niyə də susmasınlar, bu hakimiyyəti niyə də müdafiə etsinlər? Əvvəla, hakimiyyətin özü bütün gücü ilə minlərin qanı bahasına qurulmuş bu dövlətdə rəiyyətdən daha çox məhz bu zümrəni qoruyur. Saniyən, deputat ağaların əksəriyyətinin halı özündə deyil. İstər müharibənin birinci dövründə, istərsə də sonralar səngərlərdə, postlarda o qədər qar, yağış altında olublar ki, hamısı sətəlcəmə tutulub. Mən hələ başqa mərəzləri demirəm. Bir neçəsi də hələ parlamentə gəlməmiş sarsıntıdan dualıq idi, onlardan bir şey ummağın özü günahdır. Kişilər neçə illik mübarizədən üzülüblər.

Salisən, ruslar demişkən, ömürlük parlamentə “propiska” olmuş bizim qeyrət dağarcıqları həyatdan tam məstkamdırlar, əziz-giramları, cici-bacıları üçün gün ağlayıblar. Yeri düşəndə ümumi sözlərlə, ütülənmiş cümlələrlə, çeynənmiş şablon vəzzəriyatla gözlərə kül üfürüb “fəallıqlarını” göstərirlər. Bilmirsən bunlara nə ad verəsən? Rəhmətlik Məşədi İbadın təbirincə desəm, mən “Tarixi Nadiri”ni yarıya qədər oxumuşam, bunların dediklərindən indiyə qədər bir şey anlamamışam, o ki, bisavadlar ola.

Asim Mollazadənin çıxışlarına qulaq asın, ya da oxuyun, əgər bu kişinin nə demək istədiyini, kimi tənqid etdiyini, kimin üstünə getdiyini başa düşsəniz sizlərə “Afərin!” deyərəm. Bir qərinə keçib, indiyə kimi YAP-ın parlamentdə rahat oturmuş deputatlarından biri də ölkəni göz qabağında tarac etmiş quldurların birinin də adını çəkməyib. Rəzalət ondadır ki, bunlar müvafiq orqanların ifşa edib divara dirədikləri haramzadalar barədə də mərdi-mərdanə ikicə kəlmə demirlər.

Rabiən, mən heç vaxt inana bilmirəm ki, “hərşeyşünas” Fazil Mustafanın, ya da Ağdamın xarabalıqları fonunda utanıb qızarmadan qol qaldırıb oynayan Aqil Abbasın, ya da özünü misli-manəndi tapılmayan analitik sayan Aydın Mirzəzadənin Əli Həsənovun bəd əməllərindən tam bixəbər olublar.

Əli Həsənovun istər özünün, istərsə  də həyat yoldaşının “savab” əməllərindən bütün respublika danışırdı. Hamı eşidib, bir Aydın Mirzəzadə və digər YAP əyanları xabi-qəflətdə olublar!

Jurnalistlərin ev məsələsi daha acınacaqlı idi. İnsan nə qədər şərəfsiz olmalıdır ki, on illər boyu mənzil gözləyən, övladına toy edə bilməyən, bir dəqiqə də olsun dövlətə sədaqətindən dönməyən qələm sahiblərinin arzularını ürəyində qoysun. Prezidentin qayğısını puç edən, sadə insanların ona bəslədikləri ümidləri qıran vələdüzinaların kimin əbası altında olduğunu bizim həşəmətli deputatlar yaxşı bilirdilər. Vüqar Səfərli kim idi ki, qısa müddət ərzində milyonlara, külli miqdarda əmlaka sahib olaydı? Arxalı köpək qurd basar, deyiblər. İndi deyirlər ki, bu harının filan-filan əmlakına, vəsaitinə həbs qoyulub. Yəni ay camaat, sakit olun, ədalət zəfər çalıb. Ən əvvəl, çox yəqin ki, bu julik nəslinin sabahını düşünüb, yəni bir azdan ara sakitləşən kimi o, layiq olduğu cəzadan asanlıqla qurtulacaq və sonra da malikanələrinin birində rahatlıqla oturub özü üçün kefə baxacaq. Tağı Əhmədovun muğam müsabiqələrində ən yaxşı yerdə oturub ağayanalıqla hamıya baxması yadınızda olar.

... Bir qərinə ərzində bu qədər dəhşətli itkilər verdiyimiz halda, bu xarabada müharibə dövrünün qanunları işləmədi ki işləmədi. “Beşə” layiq olmasa da hər halda çox ölkənin, dövlətin tarixini “üç” səviyyəsində öyrənmişəm, bir günüm də mütaliəsiz keçməyib. Xəyanətlərin, kütləvi dönüklüyün necə baş verdiyini də öyrənmişəm. Amma heç bir vaxt görməmişəm ki, xalq təcavüzə məruz qalıb ağır sınaqlarla üzləşəndə, vəzifə sahibləri, yuxarı təbəqəyə mənsub olanlar vəziyyətdən sui-istifadə edib özləri üçün kaşanələr ucaldıb dövləti bir tərəfdən talamağa başlasınlar. Azərbaycandan başqa!

Səlib dünyasında istər orta əsrlərdə, istərsə sonralar birinci ayağa qalxıb düşmən üzərinə gedən kübarlar, şəcərəli zadəganlar olub. İstər nizami ordunu, istərsə də xalq qoşununu arxalarınca aparanlar bunlar idi. Bizdə isə öndə gedib birinci şəhadətə çatanlar aşağı təbəqənin balalarıdır. Bu son otuz ildə hələ heç kim bir sərvətü-saman sahibinin, ya vəzifəli şəxsin əzizinin qan tökdüyünü deyə bilməz.

Kiçik bir xatırlatma

Bir gün xəbər yayıldı ki, varı-dövləti başından aşan Ziya ağanın gülməşəkər balası ayı ətindən kabab yemək fikrinə düşüb. Daha dəqiq desək, nəfsi istəyib. Əhvalat Qəbələdə vaqe olub... Uzun sözün qısası Qəbələ hersoqluğunun şəriksiz sahibi Kəmaləddin ağanın izni ilə bir zavallı ayını bir milyon manata Ziya ağanın vəliəhdinə veriblər. Yazıq ayının başını bədənindən necə ayırıblar, cəmdəyi necə şaqqalayıblar, ilk kabab tikələrini yeyəndə harın əbləhlər bədbəxt xalqın ünvanına hırıdaya-hırıldaya nələr deyiblər, ... bütün bunlar həyatın prozasıdır, yəni olan şeydir.

Amma bu arada daha o tənə qalmadı iqtidarın üzərinə yağdırılmasın, o nifrin qalmadı deyilməsin. Prezident Aparatının susması dözülməz idi... Üzvlərinin sayı deyilənə görə yeddi yüz minə çatan YAP-ın içindən beş-on qeyrətli kişi tapılmadı ki, dəstə bağlayıb birbaşa Prezidentin sarayına üz tutsunlar. Ya şifahi, ya da yazılı  bildirsinlər ki, hörmətli Prezident, əmrinizlə ölümə getməyə hazırıq. Amma analar, gəlinlər qara bağlayan vaxt, gündə cəbhədən bir-iki şəhid gətiriləndə, dağıdılmış məzarların, öldürülmüş körpələrin qisası hələ alınmayanda hansısa zinadan törəyənin bir milyona ayı ətindən kabab yeməsi bu əvvəlcə bizlərə, sonra Sizə həqarətdir. Axı o pula bir dağıdılmış kəndi bərpa etmək olar, Siz gecə-gündüz çalışırsınız, bunu hamı görür, niyə bir bic vələdüzina bütün səyinizə, zəhmətinizə pəl vurur? Siz elə bilirsiniz biz ona da, dədəsinə də toy tuta bilmərik? Bir işarəniz bəsdir ki, Ramiz Mehdiyev – Əli Həsənov şəbəkəsini bir göz qırpımnda yox edək!

...Köhnə kişilər demişkən, səd heyf ki, bütün bunlar təxəyyülün məhsuludur. YAP-ın karyerist, pulgir xadimləri hara, belə cəsarət hara?

Belə deyim var, müharibə hər şeyin üstündən xətt çəkir, silib atır. Bizim qələbəmiz də pulgir minüzlü məddahların dadına çatdı. Azərbaycanın tarixində heç bir vaxt belə vüsətlə, belə coşqunluqla quruculuq işləri aparılmamışdı.  Sevincimiz hıçqırıqla, göz yaşları ilə qarışıb, qeyrətli oğullar şəhadətə çatdılar və cismani ölümləri ilə məzarlıqları gül-çiçəyə qərq etdilər. Xatirə lövhələrinin, heykəllərin, qəbirlərin qarşısına gülləri düzənlər fani dünyada yaşayanlardırsa, bunun fərmanını verən isə artıq behişt sakinləri olan şəhidlərdir. Onlar bizlərə deyirlər, baş daşlarımızı məlamət rəmzi bilməyin, onlar bizim daşlaşmış əbədi çağırışımızdır. Yadınıza salın, millətin qaymağı, say-seçmə ziyalıları məhv ediləndə müqəddəs məkanları murdarlananda Üzeyir bəyin “Üverturasının” şeypurları, “Çənlibel” xoru səsləndi. Bundan sonra Sizin xəcil olub beli bükük durmağa haqqınız yoxdur. Vaxtilə qədim Spartanın ordusu səfərə çıxanda bütün döyüşçülər vətən yolunda həlak olmuş qəhrəmanların şərəfinə qoyulmuş büstlərin, bareleflərin qarşında səf çəkib durar və bu hekzametri xorla oxuyardılar:

Siz nə idinizsə, biz buyuq!

Sizin indiniz nədirsə, biz həmin olacayıq.

Əziz oxucum, bu dünya tarixində ən qısa himn sayılır... Birinci telekanlada müzəffər Prezidentin çıxışı verilir, diqqət kəsilirəm. Nə kəkələyir, nə dili topuq vurur, nə də cümlələri qatıb qatışdırır, tər-təmiz doğma dilimiz səslənir. O nə nöqsanları ört-basdır edir, nə də boş vədlər verir!

Kişinin gül kimi çıxışlarını zəhlətökən ibarələr, ucuz məddahlıqla “şərh” pərdəsi altında camaata təqdim etmək guya ideoloji işdir. Bu iş yox, baş qatmaq, xalqı dolamaqdır. Şəxsən mən rasim musabəyovların, aydın mirzəzadələrin, elmira axundovaların, bahar muradovaların, ümumiyyətlə YAP alimnümalarının təlqin etdikləri vətənpərvərliyi saymıram, qəbul etmirəm!  Bunların ziyanı xeyirlərindən min qat artıqdır.

Firuz HAŞIMOV