“Psixoloqa müraciət edən qazilərin sayı azalıb” - HƏRBİ PSİXOLOQ
44 günlük Vətən müharibəsindən sonra, hər kəsə bəlli olduğu kimi, qazilərin intihar etməsi halları kəskin artmışdı. Tez-tez qazilərin özünü yandırması və ya başqa üsullarla intihar xəbərləri yayılırdı. Hətta bir neçə dəfə hansısa rayon icra hakimiyyətinin və yaxud məşğulluq xidmətinin qarşısında da bu cür hallar baş vermişdi. Qazilər dəfələrlə sosial durumlarından narazılıqlarını ifadə etmək üçün ƏƏSMN-in qarşısında toplaşaraq, etiraz aksiyaları da keçirmişdilər. İntihar edən qazilər əsasən əlillik dərəcəsinin düzgün verilməməsindən və yaxud ümumiyyətlə, əlillik dərəcəsinin verilməməsindən şikayətçi idilər. Şübhəsiz ki, həmin qazilərin 44 günlük Vətən müharibəsindəki yaşadıqları sarsıntılar onların psixoloji durumlarına ciddi zərbə vurmuşdu və bu, onların intihar etməsinə əsas səbəb idi. Görünür ki, zaman keçdikcə, psixoloji sarsıntılar da keçib gedir və şükürlər olsun ki, bu, qazilərin intihar hallarının azalmasında özünü göstərir.
Bu barədə Hurriyyet.az-a danışan həkim-psixoterapevt, hərbi-psixoloq Azad İsazadə deyib ki, qazilər müraciət edir, amma müraciət edənlərin sayı azalıb: “Amma hələ də qazilər müraciət edir və biz çalışırıq imkan daxilində kömək edək. Amma müharibədən sonra ki kəskin problem vardı, o vəziyyət yoxdur. Demirəm ki, problem yoxdur. Sadəcə, o kəskinlik enib, amma mənə müraciət edənlər var. Təbii ki, indi qazilər arasında intihar halları azalıb”.
CAVİD
