Saat:15:44
Haqqımızda

Proseslər Azərbaycanın LEHİNƏ CƏRƏYAN EDİR...

2021-12-07 10:40:00

Proseslər Azərbaycanın LEHİNƏ CƏRƏYAN EDİR...

Məhəmməd Əsədullazadə: "Hesab edirəm ki, İrəvanla Bakı arasında konfidensial danışıqların aparıldığını, Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinin açılmasına gedəcəyini demək mümkündür"

Asif Nərimanlı: "Bakı antiterror əməliyyatında saxlanılan və məhkəmə qarşısında çıxarılan erməniləri verməməklə, Qarabağda baş verənlərin "daxili məsələmiz" olduğu mövqeyindən geri çəkilmədi"

Bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı informasiyada deyilir ki, telefon danışığı zamanı Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə Qarabağla bağlı bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib.

Bildirilib ki, Bakı və İrəvanın regionda sabitliyin təmin edilməsi kontekstində qarşılıqlı fəaliyyətə, habelə iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasına hazırlığının təsdiqlənməsi vacibdir. Həmçinin, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı praktiki məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Ərdoğan isə Rusiyanın vasitəçilik rolunun vacibliyini vurğulayaraq, səylərin gələcək koordinasiyasının, eyni zamanda atəşkəs rejiminə və münaqişə zonasında bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə Mərkəzinin imkanlarından istifadə edilməsinin tərəfdarı olduğunu deyib.

Onu da qeyd edək ki, bunun ardınca Azərbaycan tərəfi humanizm prinsiplərini əsas tutaraq, 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan 10 erməni əsirini Ermənistan tərəfinə təhvil verib. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

"Düşünürəm ki, artıq Brüssel görüşünə ehtiyac yoxdur, çünki erməni lobbisi prosesi pozacaq" 

Beləliklə, həm qeyd olunan mövzu, həm də ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində Stokholmda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmama səbəbləri ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, noyabrın 26-da Soçidə imzalanmış bəyanat Ermənistan tərəfindən yerinə yetirilmir: "Belə ki, Ermənistan tərəfi Zəngəzur dəhlizini qəbul etmədiyini elan edir. Amma buna baxmayaraq, baş nazir Nikol Paşinyanın ötən həftə keçirdiyi qapalı iclasda dəhlizin açılmasının vacib olduğunu xüsusi qeyd etməsi istisna deyil. Hesab edirəm ki, İrəvanla Bakı arasında konfidensial danışıqların aparıldığını demək mümkündür. Məhz bu səbəbdən də Azərbaycan tərəfi 10 erməni əsiri Ermənistana təhvil verdi".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, əsirlərin mina xəritəsi ilə dəyişdirildiyi qeyd edilsə də, pərdəarxasında Azərbaycanın lehinə gedişlər var və razılaşma gedir: "Ermənistanın bu günə kimi bizə verdiyi xəritələr tam düzgün olmayıb və Azərbaycanın da artıq belə bir xəritələrə ehtiyacı yoxdur. Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına gedəcək, bununla razılaşmaq məcburiyyətində qalacaq. Brüsseldə keçiriləcək görüşə gəldikdə isə düşünürəm ki, artıq buna ehtiyac yoxdur. Çünki erməni lobbisi prosesi pozacaq, Minsk qrupu məsələsi qaldırılacaq və bu, Azərbaycanın lehinə olmayacaq".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün baş tutmama səbəblərinə toxunan Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, Azərbaycanın XİN rəhbəri Minsk qrupunun həmsədrlərinin bu prosesdə iştirak etməsini və artıq bitmiş Qarabağ məsələsinin yenidən gündəliyə çıxarılmasını önləmək üçün görüşü təxirə salıb: "Sirr deyil ki, bu görüşdə Minsk qrupunun həmsədrləri və uzun illər münaqişənin davam etməsində maraqlı olan Anjik Kaspişik də iştirak edəcəkdi. Odur ki, görüş təxirə salınmaqla bunlar önlənmiş oldu. Onu da qeyd edim ki, Ermənistan tərəfi yaxşı bilir ki, öhdəliklərə əməl etməyəcəyi halda ciddi şəkildə hərbi təzyiqlərə məruz qalacaq".

"Kreml bölgədə "tək hakim" rolunu saxlamaq üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin aktiv fəaliyyətinin qarşısını alıb" 

Siyasi şərhçi Asif Nərimanlı isə bu qənaətdədir ki, Kreml müharibənin başa çatmasından sonra bölgədə "tək hakim" rolunu saxlamaq üçün Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin aktiv fəaliyyətinin qarşısını alıb: "Ankara və Bakının məqsədi isə bölgədəki proseslərdə yekun sözün rus sülhməramlı kontingentinin rəhbərliyində yox, mərkəzdə olmasına nail olmaqdır və istisna deyil ki, bu məsələ zaman-zaman qapalı təmaslarda da gündəmə gətirib. Bakı Qarabağda erməni terrorçuların təxribatları ilə bağlı da davamlı olaraq mərkəzi məlumatlandırır. Ərdoğanla Putinin müzakirələri haqda informasiyalarda həmişə mərkəzin fəaliyyətinin qənaətbəxş olduğu vurğulanırdı. İlk dəfədir Türkiyə prezidenti mərkəzin imkanlarından istifadəyə çağırır, yəni bununla aktivləşdirmək istədiyini elan edir. Ankaranın bunu indi açıq şəkildə dilə gətirməsi təsadüfi deyil. Sərhədin delimitasiya və demarkasiyası prosesinin yekununda Qarabağda Ermənistan de-fakto oyundan kənarlaşdırılacaq. Ankara, Bakı və Moskvanın qalacağı oyunda Türkiyə bu mərkəz üzərindən təsir imkanlarını genişləndirmək, ən azı ruslarla balansı bərpa etmək niyyətindədir. Bakı və Ankaranın buna nail olmaq üçün praktiki gedişlər etməsi də mümkündür".

"Ermənistan Bakıda həbsdə olan ermənilərin qaytarılması məsələsindən əl çəkməyəcək və bu, Bakıya əlindəki "kart"dan daha səmərəli istifadə etmək, dəqiq olmayan xəritələrdən daha çox şey qazanmaq imkanı verir"

Erməni əsirlərin qarşılığında verilən mina xəritələrinə gəlincə, ekspert qeyd edib ki, onların yalnız 25 faizi doğrudur və bundan sonra tələb minalanmış ərazilərin yox, minaların basdırıldığı yerlərin xəritərinin verilməsi şəkilində qoyulub: "Ermənistanın bu tələbi yerinə yetirdiyi və indi verdiyi xəritələrin tam dəqiqliyi yenə də şübhəli olaraq qalır. Bu "barter"də ilk qazanan tərəf Rusiyadır. Belə ki, Soçi görüşünün "humanitar razılaşmasını" icra etdi, Avropa İttifaqının Brüssel görüşündə humanitar məsələ üzərindən vasitəçilik etmək imkanını azaldır". Onun sözlərinə görə, mina xəritələrinin tam dəqiqliyi istisna olsa da, Bakı qazanan tərəfdir: "Birincisi, antiterror əməliyyatında saxlanılan və məhkəmə qarşısında çıxarılan erməniləri yox, 16 noyabrda sərhəddə saxlanılan erməniləri verdi. Bununla Qarabağda baş verənlərin "daxili məsələmiz" olduğu mövqeyindən geri çəkilmədi. İkincisi, sərhəddə saxlanılan 10 erməni hərbçiyə qarşı bütün ərazilərin mina xəritələrini əldə etdi. Üçüncüsü, Ermənistanın Brüssel görüşünün gündəmini formalaşdırmaq imkanını azaltdı. İstisna deyil ki, İrəvan Bakını "əsir" məsələsində ittiham edəcək, Bakı buna qarşı görüş öncəsi "barteri" göstərə, məhkəmə qarşısına çıxarılan ermənilərin Azərbaycan ərazisində saxlanıldığı və Qarabağın Azərbaycan ərazisi olduğu reallığını irəli sürə biləcək". Siyasi şərhçi onu da əlavə edib ki, əsirlərin əvəzinə mina xəritələrinin verilməsində ən mühüm məqam bütün ərazilərin mina xəritələrinin verilməsi və bu mövzunun müəyyən mənada aradan çıxmasıdır: "Ermənistan Bakıda həbsdə olan ermənilərin qaytarılması məsələsindən əl çəkməyəcək və bu, Bakıya əlindəki "kart"dan daha səmərəli istifadə etmək, dəqiq olmayan xəritələrdən daha çox şey qazanmaq imkanı verir".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR