Prokurorun Əhmədlə bağlı açıqlamasında sensasion detal
Xəbər verdiyimiz kimi, 5 nəfər ailə üzvünü xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədov barəsində məhkəmə məcburi müalicə qərarı çıxartdı.
Hurriyyet.az xəbər verir ki, məhkəmənin bu qərarı ictimaiyyətdə birmənalı qarşılanmadı. Xüsusilə onun qətliamı "anlaqsız" vəziyyətdə törətdiyi barədə tibbi rəyin prokuror tərəfindən də qəbul edilməsi və məhkəmənin bu rəylə razılaşması suallar doğurdu. Çünki “anlaqsız” olması onun cinayət məsuliyyətindən azad olunmasını və gələcəkdə xəstəlikdən sağalacağı halda törətmiş olduğu əmələ görə məsuliyyət daşımaması anlamına gəlir.
Qərara ictimai reaksiyasını nəzərə alan Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov təfərrüatlı açıqlama verdi. O bildirdi ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhməd Mehman oğlu Əhmədovun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəlikdən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib.
“Əhməd Əhmədovun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək”, - O.Səmədov vurğuladı.
Ən mühüm məqam isə prokurorun son qeydidir. Orxan Səmədovun sözlərinə görə, “qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.
Yəni faktiki olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicənin bir günü azadlıqdan məhrumetmənin ayrı formasıdır və cəza günləri də eyni hesablanır. 5 ailə üzvünü qətlə yetirdiyi üçün Əhməd Əhmədovun adi qaydada ömürlük cəza alması lazım gəlirdi və beləliklə o, “eyni cəza müddətini” (ömürlük) psixiatriya xəstəxanasında çəkəcək.