Priqojinin ölümü Putin və Rusiya elitası üçün YAXŞI HEÇ NƏ VƏD ETMİR

2023-08-29 12:06:05

Priqojinin ölümü Putin və Rusiya elitası üçün YAXŞI HEÇ NƏ VƏD ETMİR

Natiq Cəfərli: ""Vaqner"in rəhbərinin ölümü ilə bağlı irəli sürülən bütün versiyalar Putin və elitanın ziyanınadır"

Kənan Novruzov: "Priqojinin ölümündə Qərbin və ya Ukraynanın əli varsa, deməli, onlar istənilən vaxt Putinin digər adamlarını da aradan götürə bilərlər"

Bugünlərdə, daha dəqiq desək, avqustun 23-də "Vaqner" özəl hərbi şirkətinin rəhbəri, "Putinin aşbazı" kimi tanınan iş adamı Yevgeni Priqojin Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində təyyarə qəzası nəticəsində həlak olub. Qeyd edək ki, indiyədək Priqojinin ölümü ilə bağlı bir çox versiya səsləndirilib. Məsələn, axar.az-da yer alan informasiyaya görə, Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun "Vaqner"in rəhbərinin ölümündə əli ola bilər.

Qətlin Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandirinin təyin edildiyi gün baş verdiyini deyən Ponomaryov belə təsadüflərə inanmadığını vurğulayıb: "Təyyarə iki S-300 raketi ilə Aerokosmik Qüvvələrin yeni komandirinin təyin edildiyi gün vuruldu. Mən belə təsadüflərə inanmıram. Ona görə də anladığımız kimi, buna Priqojin ilə şəxsi hesablaşması olan Sergey Şoyqu birbaşa göstəriş verməli idi". Ponomaryovun fikrincə, bu, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü olsaydı, o zaman FTX-nin (Federal Təhlükəsizlik Xidməti-red.) üslubunda, yəni ya zəhərlənmə, ya da "Afrikada ov qəzası" kimi olardı.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov isə iddia edir ki, təyyarədə Priqojin və Utkinin meyitləri olub, onlar qəzadan xeyli əvvəl öldürülüblər. Jirnovun sözlərinə görə, onların meyitləri təyyarədəki soyuducuda olub. "Priqojini həbs etdilər, işgəncə verdilər, daha sonra öldürdülər" deyən Jirnov qeyd edib ki, "Vaqner"in rəhbəri qiyamdan dərhal sonra öldürülüb, tərəfdaşlarını sakitləşdirmək üçün saxta foto və videolarını düzəldiblər: "Onun Belarusdakı bütün çəkilişləri gecə aparılıb və orada onu müəyyən etmək çətindir. Səsi isə müasir texnikanın köməkliyi ilə düzəltmək asandır. Onun sonuncu dəfə Afrikadakı videomüraciəti də saxtadır. Fikir verin, 50 dərəcə istidə, tam təchizatda onda bir damcı da tər yoxdur, heç dərisi də parlaq deyil".

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, "Vaqner"in digər komandirləri də öldürüləcək. Onun sözlərinə görə, Priqojin qiyama başlayanda özünün öldürülməsi və qrupunun məhv edilməsi üçün order imzalamışdı: ""Vaqner" 2023-cü ilin iyununda fəaliyyətini dayandırdı. İndi strukturun dağıdılması tam şəkildə baş verir, çünki Priqojin, Utkin və Çekalovdan başqa, bu və ya digər şəkildə rəhbərliyə yaxın olan bir sıra komandirlər şübhəsiz ki, öldürüləcəklər". Podolyakin hesab edir ki, müharibənin indiki mərhələsində Vladimir Putinin peşəkar hərbi kadrlara ehtiyacı yoxdur, ona tamamilə yararsız səfərbər edilmiş resurslar lazım olacaq.

"Rusiya kimi ölkədə aşağıdan dəyişikliklər, demək olar ki, mümkün olmadığından "saray çevrilişləri" baş verə bilər"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin qənaətincə, əgər Putinin Priqojini cəzalandırdığı doğrudursa, o zaman bu, Rusiya elitası üçün təhlükəli mesajdır: "Rusiyada Kreml təbliğatçıları Priqojini Qərbin xüsusi xidmət orqanlarının öldürdüyünü yayır. Əslində anlamırlar ki, bu, pis versiyadır. Tutalım, əgər hətta elədirsə, bu Rusiya elitası üçün çox pis mesajdır. Yəni, sizin təhlükəsizliyinizə təminat yoxdur, Qərb sizi hər yerdə öldürə bilər, Putin sizi qoruya bilmir. Əgər əsas versiya, yəni, Putinin onu cəzalandırdığı doğrudursa, o zaman da elita üçün təhlükəli mesajdır ki, "dəli qoca" kimi istəsə aradan götürə bilər. Digər versiya, yəni, Putinsiz Şoyqu və komandası onu aradan götürübsə, bu lap bərbad mənzərədir. Deməli, "dəli qoca" hər şeyi və hamını nəzarətdə saxlaya bilmir, yeni ciddi "güc mərkəzi" və ya "Kremlin güclü qülləsi" yaranıb".

Politoloq hesab edir ki, bütün hallarda Priqojin hadisəsi Rusiya elitası üçün çox pis gəlişmədir, yəni "Vaqner"in rəhbərinin ölümü ilə bağlı irəli sürülən bütün versiyalar Putin və elitanın ziyanınadır: ""Sağqalma instinkti" işə düşə bilər, həmin instinkt isə 1-ci versiya doğrudursa, Qərblə münasibətləri yaxşılaşdırmağa, 2-ci və 3-cü versiya doğrudursa "dəli qoca"dan can qurtarmağa yönləndirəcək. Uzun sözün qısası, bu hadisə elitanı öz başına çarə qılmağa vadar edəcək ki, bu da Putin üçün heç də yaxşı gedişat deyil. Rusiya kimi ölkədə aşağıdan dəyişikliklər, demək olar ki, mümkün deyil, amma "saray çevrilişləri" ola bilər".

"Əgər Priqojinin ölümünü, həqiqətən də Rusiya təşkil edibsə, Putin bununla dünyaya və düşmənlərinə göz dağı vermək istəyib"

CNN telekanalının Priqojının təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirdiyini deyən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib ki, "Vaqner"in uğursuz silahlı qiyamından sonra Rusiya prezidenti Vladimir Putinin ölkənin müdafiə naziri Sergey Şoyqu ilə Priqojin arasında seçim edəcəyini, o cümlədən ikincinin öldürüləcəyini çoxları proqnozlaşdırırdı: "İlk növbədə Putinin xarakteri bu qənaətə gəlməyə əsas verirdi. Belə ki, onun düşmənlərinə qarşı amansız olduğu əksəriyyətə məlumdur. "KQB" məktəbi keçən, keçmiş agent Putin üçün bu sui-qəsdlər adi haldır. İkinci bir tərəfdən, Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini tez-tez tənqid edirdi. Bu, uzun müddət davam edə bilməzdi. Putin intriqaya son qoymalı idi. Bu mənada "Vaqner" rəhbərinin ölümü əslində təəccüblü deyil. Amma suallar və qaranlıq məqamlar kifayət qədərdir. Ağıla ilk gələn sual budur: niyə məhz təyyarə qəzası? Sözsüz ki, sui-qəsdin başqa yolları da var. Məsələn, Putin Priqojini zəhərləyə və ya həbs etdirə bilərdi. Və bunu elə edərdi ki, kimsənin xəbəri olmazdı. Çoxları düşünərdi ki, Priqojin sadəcə olaraq yoruldu və getdi".

"Elə isə bu qədər səs-küy nəyə lazım idi" sualını cavablandıran Kənan Novruzovun fikrincə, əgər Priqojinin ölümünü, həqiqətən də Rusiya təşkil edibsə, ola bilsin, Putin bununla dünyaya və düşmənlərinə göz dağı vermək istəyib: "İkincisi, təyyarə qəzasının sırf texniki səbəblərdən olmadığını kimsə iddia edə bilməz. Bəlkə də digər hallarda Putin daha çox şübhə çəkərdi, nəinki indi. Maraqlı məqamlardan biri budur ki, həmin vaxt Priqojinə məxsus 2 təyyarə Tver səmasında idi. Bu, "Vaqner" rəhbərinin əslində ölmədiyinə və baş verənlərin sadəcə şou olduğuna dair şübhələr yaradır. Belə ki, Priqojinin digər təyyarədə olması da mümkündür. Qeyd olunan rəsmi açıqlamaların isə dezinformasiya olması, ictimai rəyi çaşdırmaq üçün məqsədli şəkildə yayılması qətiyyən istisna deyil. Üstəgəl, Priqojinin müxtəlif geyimlərə və kamuflyajda yayılan fotoları da onun ölmədiyinə dair şübhələri artırır".

Priqojinin uzun müddət, bəlkə də, ölümünə qədər Putinin adamı olduğunu vurğulayan siyasi ekspert qeyd edib ki, silahlı qiyama cəhdin də Kremlin hazırladığı şou olduğu iddia edilirdi: "Əgər qiyam şou idisə, deməli, Putinin indi də hansısa oyunu olması mümkündür. Ümumiyyətlə, Priqojinin, həqiqətən, ölüb-ölməməsi bundan sonra uzun müddət müzakirə olunacaq. Bəlkə də həmin vaxt səmada iki təyyarənin olması məhz buna hesablanıb. Bu arada, Belarus prezidenti Aleksandr Lukaşenko Priqojinin ölümü haqqında maraqlı fikir səsləndirib. O bildirib ki, "Vaqner" rəhbərinin təhlükəsizlik zəmanəti yox idi. Beləliklə, Lukaşenko məsuliyyəti həm öz üzərindən, həm də Putinin üzərindən yayındırmağa çalışıb. Həm rəsmi Moskvanın, həm də rəsmi Minskin mövqeyinə görə Priqojinin ölümündə Rusiyanın əli olmayıb. Kreml bu iddiaları rədd edir. Əslində, praktiki baxımından "Vaqner" rəhbərini Qərbin, hətta Ukraynanın aradan çıxarması mümkündür. Ola bilsin, doğrudan da, təyyarə qəzası Rusiyanın işi deyil. Amma Kremlin israrla öz yaxasını qırağa çəkməsi də əslində Rusiyanın ziyanınadır. Belə ki, Priqojinin ölümündə Qərbin və ya Ukraynanın əli varsa, deməli, onlar istənilən vaxt Putinin digər adamlarını da aradan götürə bilərlər. Bu isə Kremlin təhlükəsizliyinin açıq-aşkar təhdid altında olması deməkdir. Odur ki, Putinin Priqojinin ölümündə rolu olduğunu deməsi, bəlkə də, daha yaxşı variantdır".

Kənan Novruzov onu da əlavə edib ki, bundan sonra "Vaqner"in taleyinin necə olmasına dair müxtəlif versiyalar var: "Xüsusi hərbi təşkilatın dağılması istisna deyil. Mümkündür ki, "Vaqner" tədricən Belarus ərazisindən çıxacaq, döyüşçülərin bir çoxu Rusiya Müdafiə Nazirliyinin tərkibinə daxil olacaq. Hər halda Putin bu fürsəti qaçırmaq istəməz".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142105