Saat:18:30
Haqqımızda

PRİQOJİN İNDİ DƏ AZƏRBAYCANA “BURUN SOXUR”? - Donbası Azərbaycana “nümunə” göstərir

2023-05-26 16:24:00

PRİQOJİN İNDİ DƏ AZƏRBAYCANA “BURUN SOXUR”? - Donbası Azərbaycana “nümunə” göstərir

“Donbası yerdəki cənnətə çevirərək, hamıya – Ermənistana, Gürcüstana və Azərbaycana göstərmək, onlara “baxın, biz nə qədər mükəmməlik, biz ən yaxşıyıq” demək əvəzinə, Donbası taladılar”.

Hurriyyet.az xəbər verir ki, bunu “Vaqner” başçısı Yevgeni Priqojin bildirib.

O, deyib ki, hələ 2014-cü ildən işğal olunmuş bölgədə azad iqtisadi zona yaratmaq, kömür hasil etmək və satmaq lazım idi: “Müharibə zonası bulanıqdır və orada müxtəlif hadisələr ola bilər. Reklam alınmadı”.

İlk baxışdan Priqojinin birdən-birə Cənubi Qafqaz dövlətlərini yada salması təsadüfi görünə bilər. Ancaq məsələ ondadır ki, Priqojin açıq mətnlə Donbası Cənubi Qafqazdakı köhnə münaqişə ocaqları ilə eyniləşdirir və sözsüz ki, “Donbası Ermənistan, Gürcüstan və Azərbaycan üçün nümunəyə çevirməli idik” deyərkən, Gürcüstanın Rusiya işğalı altındakı ərazilərini və Qarabağı nəzərdə tutur.

Yəni, Donbası talamaq əvəzinə, onu Qarabağdakı, Abxaziyadakı, Cənubi Osetiyadakı separatçılar üçün nümunə götürəcəkləri əraziyə çevirmək lazım idi. Həmin separatçılar isə bundan nümunə götürərək, Azərbaycanın, Gürcüstanın işğal olunmuş ərazilərini də “cənnətə çevirmək” üçün Rusiyaya birləşməyə can atmalı idilər.

Bu, Priqojinin dolayısı ilə sözügedən ərazilərdəki separatçı rejimləri legitimləşdirmək və Gürcüstanla Azərbaycana “burun soxmaq” anlamı daşıyır. Çünki Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, Ukrayna da daxil olmaqla, bütün dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmət edir. Onun nə işğal olunmuş Donbas, nə anneksiya edilmiş Krım kimi nümunələrə ehtiyacı yoxdur. Özü uzun illər işğala məruz qalmış Azərbaycan birmənalı şəkildə istənilən işğal və separatizm hallarının əleyhinədir.

Priqojinin bu “başından böyük” açqlamalarına “yersiz və mənasız” deyib, üstündən keçmək olardı. Ancaq məsələ ondadır ki, eyni xətt Priqojinə xidmət edən bir çox Rusiya mətbu orqanlarında, saytlarda da müşahidə olunur. Bu saytlarda rusiyalı ekspertlər Qarabağ ermənilərini Abxaziya və Cənubi Osetiya nümunəsi ilə “referendum” keçirib Rusiyaya birləşməyə çağırırlar.

Priqojinin və onunla eyni xəttə xidmət edən imperiyaçı qüvvələrin mətbu orqanlarındakı əsas tezis budur ki, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının və bununla da “artsaxı təslim etməsinin”, həmçinin Ermənistanın KTMT-dən çıxmaq istəyinin, Rusiya hərbi bazasının gələcək taleyilə bağlı rəsmi İrəvanın mövqeyinin arxasında ABŞ dayanır. Məqsəd isə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və onun bu bölgədəki hərbi mövcudluğuna son qoymaqdır.

 

 

Məsələn, yuxarıda qeyd etdiyimiz çevrələrin ixtiyarında olan “SM.news” saytında dərc olunan məqalədə deyilir ki, Nikol Paşinyanın Qarabağı “təslim etmək” məqsədi daşıyan “siyasi dastanı” başa çatmaq üzrədir: “Paşinyanı Ermənistanın sadə vətəndaşlarının və erməni lobbisinin mövqeyi maraqlandırmır. Əslində Paşinyan, sadəcə olaraq, öz vətəndaşlarına xəyanət edib... Hətta Paşinyan müxalifətdə olanda artıq onun Qarabağı təslim etməsi üçün Ermənistan rəhbərliyinə hazırlandığı barədə söz-söhbətlər var idi. O, hakimiyyətə gələndən sonra bu söz-söhbətlər öz təsdiqini tapmağa başladı”. Yəni, sayt ermənilərdən betər ermənilik edir və daha sonra ermənilərə “vəziyyətdən çıxış yollarını” göstərir: “Bu vəziyyətdə Qarabağ sakinlərinin üç yolu var: ya qovulma, ya assimilyasiya, ya da referendum keçirib Rusiyanın tərkibinə daxil olmaq. Amma dördüncü - radikal variant da var: Paşinyanın başçılıq etdiyi indiki hakim elitanın boynunu sıxıb ölkənin taleyini öz əllərinə almaq”.

Maraqlıdır ki, eyni xətt Rusiyanın rəsmi xarici siyasətində də keçməkdədir. Belə ki, bu siyasətdə hər vəchlə Paşinyan “Ermənistanın və ermənilərin maraqlarını satan” fiqur kimi təqdim olunur. Bunu Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıdığına dair bəyanatına Rusiya XİN sözçüsü Mariya Zaxarovanın qıcıq dolu münasibəti də təsdiqləyir.

Bütün bunlar göstərir ki, Priqojinin özünün və onun nəzarətindəki mətbu orqanların mövqeyi Kremldən qaynaqlanır. Çünki belə mövzular Priqojinin “başına və çapına” uyğun olmayan mövzulardır...

Görünən odur ki, Rusiya özünü saxta “vasitəçi”, “sülhməramlı” kimi təqdim etməklə yanaşı, özünün Cənubi Qafqazdakı əsl niyyətlərini də gizlətmir və bu işdə hətta Priqojin kimilərin xidmətlərindən istifadə edir, onun dili və mətbuatı ilə təkcə “qərbpərəsət” Ermənistan hakimiyyətinin işlərinə yox, həm də Azərbaycana “burun soxmaq”dan çəkinmir...

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR