Saat:15:29
Haqqımızda

Prezidentin “qeyri-bərabər döyüş” ismarışının hədəfi

2021-10-18 14:40:00

Prezidentin “qeyri-bərabər döyüş” ismarışının hədəfi

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında acı həqiqəti ən sərt şəkildə bildirməsi bir çoxları üçün gözlənilməz oldu. İlham Əliyev ilk dəfə idi ki, İran və Ermənistanı dövlət səviyyəsində işğalda saxlanılan Azərbaycan ərazisindən narkotranzit kimi istifadə etməkdə ittiham edir və faktlarla fikrini əsaslandırırdı.

Ermənistan Baş nazirinin cavabı haqda artıq qeyd etmişik: Nikol Paşinyan təkzibə qalxarkən, bilərəkdən, ya bilməyərəkdən İlham Əliyevin dediklərini təsdiqlədi.

İranın reaksiyası da “gecikmədi”. XİN səviyyəsində “bunun cavabı hazırlanır” deyildi, sonra “mehriban qonşuluğa xarakterik olmayan açıqlama” ifadəsi ilə reaksiya yekunlaşdı – hələlik. İran sözün bütün mənalarında hansı cavab verəcəyini bilmir, çünki həqiqətin ən yüksək tribunadan bu qədər açıq və sərt ifadəsini gözləmirdi.

İranın tərəddüdləri davam etdiyi və “cavab hazırladığı” bir vaxtda İlham Əliyev ikinci və ən sensasion bəyanatını Füzulidə səsləndirdi: Xudafərinin (və Füzulinin) azad olunduğu gündə Füzuliyə səfər edən ölkə başçısı ad çəkməsə də, bir daha sözünü dedi. İlham Əliyev rəsmi olaraq elan etdi ki, qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, qürurumuzu və müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik, bunu hər kəs bilsin!

“Qeyri-bərabər savaş” - əlbəttə ki, İran nəzərdə tutulur, çünki “bizi ...bəziləri müharibədən sonra da hədələməyə çalışır”. Bu isə o deməkdir ki, İran hələ də Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyindən əl çəkməyib.

İranın Azərbaycana münasibəti heç zaman ədalətli olmayıb və bunu hər kəs yaxşı bilir. Söhbət təkcə Şuşanın 1992-ci ildəki işğalında İranın da gizli imzasının olmasından getmir. 30 il boyunca İran Azərbaycana qarşı olub, öz iradəsini də yeritməyə çalışıb və bəzən buna nail olub. Ocaqnejadın Azərbaycanda casus şəbəkəsi qurmasına yaradılan şəraitdən, inanclı kəsimi təsir altına almaq istəyindən tutmuş güneyli milli fəalların Bakıda fəaliyyətinə qoyulan qadağalara qədər, hər iddiası bu və yaxud digər şəkildə təmin edilib.

İran Nardaran misalında əhalini Azərbaycan dövlətinə qarşı körükləyəndə və yaxud Gəncədə iki polis zabitinin qətlə yetirilməsinə səbəb olan hadisələri törədənlərin “İran bağı” aşkarlananda da Bakı bu qədər kəskin reaksiya verməyib. İrandan gələn əsl mühacirlər ölkədən çıxarılıb, əvəzində “mühacir” adı ilə gəlib, burda casusluq edən və İranla çox sıx münasibətləri haqda dəqiq məlumatlar olanlara məhz bu ölkənin istəyi ilə müxtəlif şəraitlər yaradılıb. Bir müddət həmin şəxslərə Prezident Administrasiyasındakı indi sabiqə çevrilən, İrana səfərləri ilə yadda qalan şəxs də himayədarlıq edib.

Ancaq Azərbaycanın İranla münasibətləri pozmamaq, İranda yaşayan etnik çoxluq olan azərbaycanlılardan istifadə etmədiyini nümayiş etdirmək və mehriban qonşuluq siyasətinə sadiq qalmasını təsdiq etmək üçün atdığı bütün addımlar Tehran tərəfindən fərqli qiymətləndirilib. Azərbaycan hər dəfə güzəşt etdikcə Tehran Bakıya qarşı siyasətini dərinləşdirmək, Ermənistana daha çox hərbi-siyasi və iqtisadi yardım etməklə bərabər, təzyiqlərini də artırıb.

Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün savaşa başlayanda İranın tutduğu mövqeyə də dözdü və sona qədər cənub qonşumuza fürsət verdi. Nəhayət, qələbə ilə başa çatan müharibədən sonra İrana “stop” verildi: daha bəsdir, bundan sonra ikitərəfli əlaqələrdə heç bir güzəşt olmayacaq. Çünki İran məğlubun yanında yer almışdı və məğlub olmuşdu. Azərbaycana qarşı inadla, sonuna qədər “gizli savaş” aparan və Azərbaycan Ordusunun qarşısını kəsməyə qədər qalxan bir ölkə nəhayət, yerində oturdulmalı idi.

Bundan o tərəfi yoxdur artıq. Biz “qeyri-bərabər savaşa” da, bu yolda ölməyə də hazırıq və İran iddialarından, Azərbaycana təzyiqlərindən, güc dili ilə danışmaqdan əl çəkməlidir.

Ərdoğanın 10 dekabr Zəfər Paradında dediyi “Arazı ayırdılar...” bayatısından həyəcanlanıb, diplomatik qaydalara zidd olaraq, ardıcıl bəyanat verən və bununla da köhnə siyasətindən əl çəkmədiyini, Azərbaycanın Zəfərini həzm etmədiyini göstərən İran əkdiyinin “bəhrəsini” görməlidir. İraq-Suriyada, o cümlədən Əfqanıstanda mövqelərini itirən İranın şimal sərhədində də bu cür “dağa rast gəlməsinin” günahkarı yalnız və yalnız özüdür.

İran Qafqazdan çıxmalıdır, 30 il boyunca Azərbaycana qarşı apardığı siyasətin nəticəsini dadmalıdı: ya ikitərəfli, müstəqil dövlətlər və qonşular kimi münasibətləri qoruyacaq, iqtisadi layihələrdə iştirakçı olacaq, ya da Ermənistanın yanında yer almaqda davam etməklə, Bakını və Türkiyəni itirəcək.Axaraz

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR