"Prezidentin müsahibəsinin məğzi xarici oyunçulara verilən mesajlarla dolu idi" - NATİQ CƏFƏRLİ

2022-01-14 11:21:00

"İndi əsas məsələ daxili siyasət və iqtisadiyyatda doğru addımlar atmaqdır, əsas hədəf sistemli islahatlar və Konstitutsiya dəyişiklikləri olmalıdır"

"Prezident İlham Əliyevin geniş müsahibəsinə bir daha tam baxdım, mövzuların əvvəlcədən seçilməsi nəzərə çarpırdı, daxili siyasət və iqtisadiyyat haqqında dediklərini bir kənara qoysaq, tədbirin məğzi xarici oyunçulara verilən mesajlarla dolu idi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq çıxardığı nəticələrə görə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaq istəmir: "Məhz buna görə əsas aksent "Qoşulmayanlar Təşkilatı" üzərində idi. İkincisi, Avropa Birliyi (AB) ilə razılaşma mümkündür, indi söhbət AB-nin maliyyə yardımlarının ədalətli bölgüsündən və ticarət anlaşmalarından gedir. Üçüncüsü, Ermənistanın sərhəddə təxribatları KTMT-nin cəlbinə hesablansa da, bu o qədər də mümkün görünmür. Məsələ o qədər də sadə deyil, əslində Paşinyan da bilir ki, bu münaqişəyə KTMT-ni cəlb etmək çətindir. Elə buna görə də cəhdlər edəcək, amma hər dəfə də öz xalqına, "görürsüz, bizə yardım etmirlərsə, biz nədən bu təşkilatda qalaq ki", mesajını verərək ölkəsini tam Qərbə tərəf yönəltməyə çalışacaq. Dördüncüsü, Rusiya "sülhməramlılarının" fəaliyyəti suallar doğurur, ciddi narazılıqlar da var. Beşincisi, ölkənin xarici siyasəti, ümumən, doğru istiqamətdə gedir".

REAL-ın icra katibi hesab edir ki, indiki qarışıq dünyada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Vatikana səfəri, ölkə başçısı İlham Əliyevin Ukraynaya səfərə hazırlaşması xarici siyasətin maraqlı, çoxşaxəli təməllər üzərinə oturduğunu göstərir: "İndi əsas məsələ daxili siyasət və iqtisadiyyatda doğru addımlar atmaqdır, əsas hədəf sistemli islahatlar və Konstitutsiya dəyişiklikləri olmalıdır. Daxili siyasət səhv olanda, sağlam təməllər üzərinə oturmayanda, xarici siyasət də bir müddət sonra ciddi şəkildə axsamağa başlayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az