Saat:08:17
Haqqımızda

Prezidentin general-mayor rütbəsi verdiyi şəxslər kimdir? – Dosye

2024-01-30 14:03:24

Prezidentin general-mayor rütbəsi verdiyi şəxslər kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Yeniavaz.com gömrük xidməti general-mayoru rütbəsi alan şəxslərin tərcümeyi-halını təqdim edir:

Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini.

10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. 1987-ci ildə Biləsuvar rayon N.Gəncəvi adına 1 saylı tam orta məktəbi gümüş medalla bitirib.

1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1993-1996-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub.
1999-2001-ci illərdə  Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
2006-2011-ci illərdə “Ataholdinq” ASC-də departament direktoru vəzifəsində çalışıb.
2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə “Dövlət qulluğunda fərqlənməyə görə”medalı, 11 fevral 2020-ci il tarixdə “Tərəqqi” medalı  ilə təltif edilib.
Azərbaycan Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.

Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi.
Vüqar Əliyev 24 noyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Vüqar Əliyev kimya elmləri doktoru, professor İsmayıl Əliyevin oğludur. İsmayıl Əliyev hazırda Bakı Dövlət Universitetinin "Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasının müdiridir. 1996-cı ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbi bitirib.
2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə başa vurub. 30 dekabr 2002-ci ildə Bakı Dövlət Universitetində "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə əyani aspiranturaya daxil olub, 2005-ci ildə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin tənzimlənməsində gömrük tariflərinin tətbiqi problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 7 fevral 2006-cı il tarixli qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi verilib.
2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirb.
Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib.
2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib.
2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb.
Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Evlidir, iki övladı var.

Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi.
Anar Cahangirov uzun illərdir Dövlət Gömrük Komitəsində işləyir. Daha əvvəl Karqo Terminalında inspektor işləyib. 2018-2022-ci illərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə rəhbərlik etmiş Bəhruz Quliyev sədr müavini təyin olunduqdan sonra onun vəzifələri müvəqqəti olaraq Anar Cahangirova həvalə edilib. 2023-cü ilin mart ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi təyin olunub.
Anar Cahangirov gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiyinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiyinə görə 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru.
Kənan Aşurlu 1971-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Uzun illər Fövqəlada Hallar Nazirliyində işləyib. Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 2022-ci ilin avqust ayında  “Azərterminalkompleks” Birliyinə rəhbər təyin olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR