Saat:13:24
Haqqımızda

Prezidentin böyük hədəflərə doğru inamlı addımları - növbəti dayanacaq Zəngəzur!

2021-07-29 09:29:00

Prezidentin böyük hədəflərə doğru inamlı addımları - növbəti dayanacaq Zəngəzur!

İham Əliyev daha böyük müttəfiqlərlə bu və ya digər formada anlaşıb, müttəfiqlik qurub, böyük hədəflər üçün addımlayır; təhlilçilərdən ilginc açıqlamalar: “Dəhlizin açılmasında maraqlı olan tərəflər əleyhinə olan qüvvələrdən qat-qat üstündür”

Prezident İlham Əliyev ölkəsini böyük hədəflərə doğru aparmaqda israrlı görünür. Müharibədən keçən 8 ay ərzində işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb.

Üstəlik, Prezident Əliyev Zəngəzur dəhlizi layihəsinin reallaşması üçün var gücü ilə çalışır. Çünki bilir, bu layihə Qarabağın və Azərbaycanın təhlükəsizlik kəməridir. Bu yoldan neçə dövlətin marağı keçəcək. Ona görə də beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin keçdiyi o mürəkkəb coğrafiyada sabitliyin təmin edilməsi yalnız Azərbaycanın işi və məsuliyyəti olmayacaq. Rusiya, Türkiyə, İran, İsrail, Pakistan, müəyyən mənada Avropanın qabaqcıl ölkələri də buradakı maraqlarının qorunmasına çalışacaqlar. BTC-nin keçdiyi marşrutda 15 ildir necə sabitlikdir, Zəngəzur dəhlizinin keçdiyi regionda da ondan qat-qat artıq sabitlik təmin ediləcək. Ötən ilin iyulunda Ermənistanın Tovuza hücumundan sonra bu təxribatın Azərbaycandan (Tovuzdan) Qərb bazarlarına uzanan enerji kəmərlərinin vurulması kimi alqılandı və münaqişənin böyüməsinin qarşısı xarici dövlətlərin də yaxından iştirakı ilə alındı. Azərbaycan Türkiyə və Pakistan arasında Bakı bəyannaməsi ölkəmizin strateji hədəflərinin böyüməsinə təkan verən növbəti mərhələdir. Hərbi əməkdaşlığın ardından siyasi əməkdaşlığın rəsmiləşdirilməsi prosesi gedir. Bəs bu ittifaqa başqa ölkələrin qoşulması da gözlənilirmi yaxın gələcəkdə, sualının cavabı maraqlıdır. Belə həssas məqamda Ermənistan Azərbaycanla sərhəddə - son günlər əsasən Kəlbəcər istiqamətində - atəşkəsi demək olar, hər gün pozur. Azərbaycanın hərbi-siyasi ittifaq qurmasına, böyük sülh planına qarşı təxribatdır bunlar. Amma Ermənistan unudur ki, Türkiyə-Azərbaycan-Pakistan birgə hərbi təlimləri boşuna keçirilməyib. Bakı Bəyannaməsi də boşuna imzalanmır. İlham Əliyev daha böyük müttəfiqlərlə bu və ya digər formada anlaşıb, müttəfiqlik qurub, böyük hədəflər üçün addımlayır. Ancaq gəlin görək bu nəhəng birliyə Ermənistanın bu cür təxribatları nə edəcək? Ermənistan sülh masasında böyük güzəştlər əldə etmək üçün də bu cür təxribatlara gedə bilər. Burada ən önəmli məsələ Putinin Ermənistana və Paşinyana qarşı tutacağı mövqedir. Cünki Paşinyan və ölkəsi ABŞ-dan, Avropa Birliyindən təlimat alaraq sərhəddə gərginliyə gedir. Əslində sərhəddə atılan hər güllə həm də Putinin maraqlarına və nüfuzuna tuşlanır. Cavadı mütləq veriləcək, bunu ekspertlərimiz də təsdiqləyir.

İlyas Hüseynov: Azərbaycanda bu ilin ilk üç ayının yekunları müsbət  qiymətləndirilməlidir

İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan mahir diplomat, uzaqgörən siyasətçidir: “Qardaş Türkiyə və Pakistanla qurulan strateji münasibətlər uzunmüddətli hədəflərə hesablanıb. Bu barədə 27 sentyabrdan əvvəl də bəzi qeydlər mövcud idi. Zəngəzur dəhlizinin açılması ilə böyük geosiyasi arealda siyasi-iqtisadi təhlükəsizlik qurşağı reallaşacaq. Lakin bu dəhlizin icrası ilə bağlı təsirli mexanizmlərin işə salınması mühüm əhəmiyyət kəsb edir. Bu xüsusda Bakı-Ankara-İslamabad geosiyasi oxunun formalaşması geniş regionda sülhün, təhlükəsizliyin, sabitliyin və qarşılıqlı əməkdaşlığın qorunmasına xidmət edəcək. Bakı Bəyannaməsi həm də əməkdaşlığa hərbi komponentin əlavə olunması ilə müşayiət olunacaq. Bir müddət öncə üçtərəfli müstəvidə xarici işlər nazirlərinin iştirakı ilə ilkin konturlar cızılırdısa, hazırda qanunvericilik seqmentində əməkdaşlığın genişləndirilməsi həyata keçirilir. Bu ittifaqın dövlət başçılarının iştirakı ilə daha da dərinləşdirilməsi gözlənilir. Digər tərəfdən, Bakı Bəyannaməsi ölkəmizin strateji hədəflərinin daha da büyüməsinə təkan verən amilə çevrilməsinə kömək edir”. İ.Hüseynovun sözlərinə görə, ABŞ və müttəfiq qoşunlarının regiondan çıxmasından sonra Əfqanıstanda Türkiyənin maraqlarının təmsil olunması nəzərdən keçirilir: “Şuşa Bəyannaməsi əgər Azərbaycanla Türkiyənin strateji müstəvidə əməkdaşlığını gücləndirirdisə, Bakı Bəyannaməsi ilə türkdilli dövlətlərə nüvə dövləti də əlavə olundu. Pakistanın nüvə dövləti olması, Türkiyənin NATO-da döyüş qabiliyyətinə görə ikinci orduya malik olması ölkəmizin beynəlxalq mövqelərinin gücləndirilməsinə xidmət edir. Sonrakı periodda hərbi təlimlərin keçirilməsi əldə edilmiş təcrübənin mübadiləsi üçün önəmli olacaq. Gələcəkdə bu ittifaqa başqa ölkələrin qoşulması da gözlənilir”. Ekspert bir məqamı da vurğuladı: “Son dövrlər Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatlarda Ermənistan və onun havadarları anlamalıdır ki, bu gün Azərbaycanın yanında Türkiyə və Pakistan kimi güclü dövlətlər dayanıb və qarşıya qoyulan hədəflər genişmiqyaslıdır. ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Zəngəzur və Basarkeçərə səfərlərindən sonra Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaradılması da təsadüfi sayıla bilməz”.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı 

QAT sədri Akif Nağı qeyd etdi ki, ilk baxışdan bölgədə mürəkkəb vəziyyətin yarandığı müşahidə edilir: “İstənilən mürəkkəb şəraiti həll etməyin ən asan yolu onu sadələşdirməkdir. Məsələni bir qədər sadələşdirsək, deyə bilərik ki, regionda əsas məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Hər şey Zəngəzur dəhlizi ətrafında cərəyan edir. Siz də bu dəhlizin təkcə Azərbaycan üçün deyil, dünyanın bir çox aparıcı ölkələri üçün əhəmiyyətini qeyd etdiniz. Vaxtilə İpək Yolu dünyanın mənzərəsini təyin edirdi, o yolun dayanması yeni mənzərə yaratdı, infrastrukturlar dağıldı, yolboyu ölkələr müflis oldu. Bu gün Zəngəzur dəhlizi işə düşəndən sonra bir çox ölkələr yeni iqtisadi inkişaf dövrünə başlayacaq və bu şansın əldən verilməməsi üçün hər şeyi edəcək”. A.Nağı hesab edir ki, dövlətimiz bu yolu özünün “qala divarları”  kimi qoruyacaq: “Azərbaycan Prezidenti vəziyyəti çox gözəl başa düşür, bütün çətinliklərə baxmayaraq, fikirlərini həyata keçirməyə davam edir, eyni zamanda özünə inamlı görünür. Bu da reallıqları yaxşı bilməsindən irəli gəlir. Onu da bilir ki, dəhlizin açılmasında maraqlı olan tərəflər əleyhinə olan qüvvələrdən qat-qat üstündür. Prezidentin özünə inamı və işləri sürətlə davam etdirməsi həm də bu amillə bağlıdır. Yuxarıda dediyimizə bir daha qayıdaq ki, əsas hədəf Zəngəzur dəhlizidir, yerdə qalan məsələlər ondan asılı olanlardır. Bu, məsələlərin 90 faiz həlli demək olacaq. Dəhlizdə maraqlı olanlar Türkiyə və Azərbaycanla yanaşı Rusiya, Çin kimi ölkələrdir. Əleyhinə olanları daha çox Qərbdə axtarmalı oluruq. Ermənistan da həmişəki kimi alət roluna hazırdır”. QAT sədrinin sözlərinə görə, atəşkəsin intensiv şəkildə pozulması da erməniləri “xidməti” davam etdirməsindən xəbər verir: “Yerində işlətdiyiniz bir ifadəni azca dəyişidirərdim ki, sərhəddə atılan hər güllə Putinin ürəyinə tuşlanıb. Putin də bunu başa düşür, sifarişçilərin də kim olduğunu bilir. Ona görə də uyğun nəticə üçün Azərbaycan və Türkiyə ilə birlikdə olmağın vacibliyini, başqa yolunun olmadığını başa düşür. Hadisələrin gedişi Azərbaycan, Türkiyə, Rusiyanın birlikdə hərəkət etməsindən, haraya qədər bir yerdə olacaqlarından asılıdır. Rusiya Ermənistanı yanlış addımlardan çəkindirməyə, cilovda saxlamağa çalışır. Müdafiə nazirlərinin görüşü də bu məqsədə xidmət edir. Məntiqlə Ermənistan başa düşməlidir ki, Azərbaycan istənilən vaxt sarsıdıcı, öldürücü zərbə vura bilər. Eyni zamanda onları Rusiyadan başqa real müdafiə edəcək qüvvə yoxdur. Ümid edirik ki, ermənilər bu məntiqlə hərəkət edəcək, hər şey Azərbaycanın istəklərinə uyğun ssenari, ”yol xəritəsi" ilə baş verəcək".

A.Nağı qeyd etdi ki, Paşinyanın daha çox Rusiya ilə təmaslar qurması, nazirlərini tez-tez Moskvaya göndərməsi ağıllandıqlarına ümidlər verir: “Amma bunu davamlı edəcək, yoxsa yox, bilinmir. Hər halda biz istəklərimizə nail olacağıq! Nücə deyərlər, xoşluqla olacaqsa, lap yaxşı, olmayacaqsa,  onada ”ağa dürür, ağacan da öz yerində"".

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə də qəzetimizə bildirdi ki, Ermənistanın hazırkı siyasəti regionda gərginliyi tətikləmək və prosesi dalana dirəməkdir: “Faktiki olaraq bununla rəsmi İrəvan 10 noyabr və 11 yanvar razılaşmalarından yayınmağa çalışır. Amma bu, Ermənistan üçün acı nəticələrin yaşanmasına gətirib çıxara bilər. Həmçinin Kəlbəcər və Naxçıvanda təxribatlara cəhd etməsi və ciddi şəkildə cəzalandırılması daha da böyük miqyas ala bilər. Paşinyan Fransa və ABŞ-ın təhriki ilə əməkdaşlığı və sülhü özündə ehtiva edən üçtərəfli razılaşmaları pozmağa çalışır. Bu siyasət ilk növbədə Rusiyanın Ermənistanda etibarına və etimadına zərbə vurmaq, Qərbin maraqlarını Rusiya ilə toqquşdurmaqdan ibarətdir. Amma Paşinyan bu siyasətini sərhəddə təxribatlara əl atılması üzərində qurur, onun bu siyasətini fiaskoya uğradacaq”. M.Əsədullazadənin qənaətincə, ilk növbədə Paşinyan çalışır ki, Zəngəzur dəhlizinin açılmasına gedilməsin: “Amma Azərbaycanın üçtərəfli platformalar yaratması, aparıcı ölkələrlə əməkdaşlığı artıq regionda yeni bir siyasi nizam və mərhələ formalaşdırır. Şuşa Bəyannaməsi və Bakı Bəyannaməsi artıq Azərbaycanın regionda siyasi-hərbi üstünlüyünü təmin etməklə yanaşı xarici təzyiqləri neytrallaşdırır. Belə olan təqdirdə, Ermənistanın Zəngəzur dəhlizi və digər razılaşmalardan yayınması ona qarşı ciddi təzyiqlərin yol açmasına gətirib çıxaracaq. İlk növbədə Rusiya da çalışacaq ki,  Paşinyanın Qərb siyasətinə zərbə vursun. Baş verənlər göstərir ki, rəsmi İrəvan çox ciddi siyasi oyunlara gedir və bu, böhranın yaranmasına aparır. Bu böhran da Ermənistanın əleyhinə yönəlir”. Politoloq nikbindir: “Düşünürəm ki, Azərbaycanın yaratdığı yeni bir siyasi reallıq və çağırışlar beynəlxalq və regional əhəmiyyətli olduğu üçün rəsmi Bakı tam dəstək alacaq. Hətta Rusiyada bununla razilaşacaq. Ona görə də bu kimi böhranı Ermənistanın davam etdirməsi uzun perspektivdə mümkün olmayacaq”.

Cavid TURAN,
“Yeni Müsavat”

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR