Saat:07:37
Haqqımızda

Prezidentin Almaniya səfəri BİR ÇOX MƏQAMLARI İLƏ TARİXƏ DÜŞDÜ

2024-04-30 10:40:02

Prezidentin Almaniya səfəri BİR ÇOX MƏQAMLARI İLƏ TARİXƏ DÜŞDÜ

"Bakı sülh müqaviləsində qarant ölkə təklifini qəbul etmir, çünki bu, yeni problemlərə yol aça bilər"

Məhəmməd Əsədullazadə: "ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında qarant ölkə olmağa çalışır"

Elxan Şahinoğlu: "Ermənistanla sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində mübahisələr yarana bilər"

Asif Nərimanlı: "İlham Əliyev Almaniyaya azad olunmuş ərazilərdən getməklə buranın artıq "təhlükəsiz bölgə" olduğunu nümayiş etdirdi"

Xəyal Bəşirov: "Biz Almaniya üçün təkcə ənənəvi enerji resursları, alternativ və bərpa olunan enerji, habelə yaşıl enerji əhəmiyyəti daşımırıq, eyni zamanda böyük iqtisadi, enerji və loqistika layihələrinin kəsişdiyi qitələrarası yolun üzərində yerləşən dövlət rolunu oynayırıq"

Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfər edib. Qeyd edək ki, səfər çərçivəsində ölkə başçısının Almaniya kansleri Olaf Şolts ilə təkbətək görüşü baş tutub. Aprelin 26-da isə liderlər birgə mətbuat konfransı keçirib. Bu zaman İlham Əliyev "Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk", deyə bildirib. O, həmçinin Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladaraq, növbəti görüşün Qazaxıstanda planlaşdırıldığını da vurğulayıb: "Beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq".

Almaniya kansleri isə öz növbəsində, münaqişənin ancaq sülh yolu ilə həll olunmalı olduğuna diqqət çəkib: "Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz. Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləyməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm". Olaf Şolts əlavə edib ki, ölkəsi Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.

Bu arada, onu da nəzərinizə çatdıraq ki, aprelin 28-də isə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığını məlumatda deyilir ki, Entoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu qeyd edib. Dövlətimizin başçısı isə iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu bildirib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Ölkə başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini qeyd edib. Bununla yanaşı, sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bəyan edib və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu bildirib. Ölkə başçısı əlavə edib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Dövlət katibi Entoni Blinken isə ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində, Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Entoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.

"Zəngəzur dəhlizi açılacaq və Ermənistanın nəzarətində olacaq"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyü və suverenliyini 1991-ci il Almatı bəyannaməsi əsasında tanıyır və artıq bununla bağlı razılaşma da əldə olunub: "Ermənistan da bunu istəyirdi və artıq ikitərəfli razılaşmaya uyğun olaraq dörd kənd Azərbaycana verilib. Azərbaycanın Ermənistanın Zəngəzur bölgəsinə heç bir ərazi iddiası yoxdur. Baxmayaraq ki, Zəngəzur bölgəsi tarixi Azərbaycan ərazilərdir və 1929-cu ildə Azərbaycan SSRİ-dən alınıb Ermənistan SSRİ-yə verilib. Bununla da Fransa və bəzi dövlətlərin "Azərbaycan Ermənistanın ərazisini işğal edəcək, hərbi təhdidlər var" kimi əsassız açıqlamalarına son qoyuldu. Çünki Almatı bəyannaməsi razılaşdırılıb. Əslində, Qərb də bunu istəyirdi".

Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəldikdə isə Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, sözügedən yol açılacaq və Ermənistanın nəzarətində olacaq: "Azərbaycanın bu yoldan imtiyazlı şəkildə istifadə etməsi üçün ikitərəfli danışıqlar aparılmasına ehtiyac var".

"Azərbaycan tərəfi qarant ölkə ABŞ və yaxud digər ölkə olacaqsa, Türkiyənin də prosesdə iştirakı təklifini irəli sürür"

Məhəmməd Əsədullazadə onu da əlavə edib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında qarant ölkə olmağa çalışır: "Qeyd edim ki, bu məsələdə Fransanın qarşısını məhz Azərbaycan alıb. Heç kimə sirr deyil ki, Ermənistan tərəfi sülh müqaviləsində qarant ölkə kimi Fransanın olmasını istəyirdi. Azərbaycan tərəfi isə Ermənistanla sülh müqaviləsində qarant ölkə təklifini qəbul etmir. Çünki bu, regional müstəvidə yeni problemlərə yol aça bilər. Sülh müqaviləsinin bağlanması üçün ən optimal məkan isə Qazaxıstandır. Azərbaycan tərəfi qarant ölkə ABŞ və yaxud digər ölkə olacaqsa, Türkiyənin də prosesdə iştirakı təklifini irəli sürür. Odur ki, hələlik bu məsələdə tərəflər arasında fikir ayrılıqları var".

"Paşinyan taktikasından imtina etməsə, daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar"

Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, bir qrup hərbçinin aksiyaya qoşulması hökumətə qarşı qiyamın əlaməti sayıla bilər: "Ermənistan Müdafiə Nazirliyi həmin hərbçilərin kimliyini müəyyənləşdirməyə çalışır. Baş nazir Nikol Paşinyan tələsməlidir. Əgər həmin hərbçilər özbaşınalıqlarına görə cəzalandırılmasalar, başqa hərbçilər də etiraza qoşulacaqlar. Nikol Paşinyanın taktikası bundan ibarətdir ki, etirazçılar qışqırıb-bağırdıqdan sonra dağılacaqlar. İkinci Qarabağ müharibəsindən sonra da belə olmuşdu. Radikallar İrəvan küçələrində aylarla qışqırdılar, bağırdılar, yürüşlər təşkil etdilər, yolları bağladılar, ancaq etirazçıların sayı artmadığına görə proses səngidi və Paşinyan yoluna davam etdi. Nikol Paşinyan yenə eyni taktikaya üstünlük verir, ancaq bu dəfə məsələ qəlizləşə bilər. 2020-ci ilin aksiyalarında hərbçilər və polislər etirazçılara qoşulmamışdılar, əksinə radikallarla mübarizə aparırdılar. Bu dəfə isə hərbçilərdən qopmalar baş verib, bu polisə də sirayət edə bilər. Ona görə də Paşinyan taktikasından imtina etməli, Tavuşdakı etirazları yatırtmağa çalışmalıdır, əks halda onun daxili və xarici düşmənləri birləşib çevriliş həyata keçirməyə çalışacaqlar".

"Azərbaycan üçün Ermənistana həmsərhəd olan Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər vacibdir"

Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan 4 kəndi Azərbaycana qaytardıqdan sonra yerdə qalan 4 kəndin nə zaman qaytarılacağı mövzusu aktuallaşıb: "Bu arada, ermənilərin iddia etdiyi Başkənd mövzusu ətrafında da müzakirələr başlayıb. Delimitasiya və demarkasiya prosesi davam edir. İlkin nəticələr müsbətdir. Ancaq sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində mübahisələr yarana bilər. Əslində bunda problem yoxdur, onsuz da qısa müddətdə iki ölkə arasında sərhədin tamamının müəyyənləşdirilməsi mümkün olmayacaq. Bizim üçün önəmli olan Qazaxa bitişik 4 kənd idi, onu həll etdik, digər 4 kəndlə bağlı danışıqlar davam edəcək. Sülh və ya çərçivə sazişinə bütün problemli məsələləri daxil etmək mümkün olmayacaq. Ermənistana həmsərhəd olan Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər Azərbaycan üçün vacibdir".

"Ölkə başçısı Azərbaycanın torpaqlarını azad etdiyinin, suverenliyinin bərpa olunduğunun mesajını Avropaya çatdırdı"

Ölkə başçısının Almaniyaya səfəri ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması, azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış təkcə bu unudulmaz anı tarix səhifəsinə yazmaq məqsədi daşımır, həm də siyasi hesablamanın tərkib hissəsidir: "İstisa deyil ki, məsələ heç də Əliyevin Japarovla birlikdə Qarabağda olduğu üçün zaman trafikindən qaynaqlanmayıb. Füzulidən Berlinə uçan Prezidentin portfelində Azərbaycana dividentlər gətirəcək məsələlər olub. Əliyev Berlinə Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün gedib və COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi orada təmsil olunub. Berlin dialoqunda müzakirələr Bakıda baş tutacaq COP29 üçün istiqamətləri müəyyən edib. Və hazırda qlobal iqlim problemlərində iki istiqamət prioritetdir: 1. İqlim problemlərinin qarşısının alınması "yaşıl enerjiyə" keçidlə mümkündür; 2. İnvestorların "yaşıl enerji"yə kapital yatırması əhəmiyyətlidir və buna təşviq edilməlidirlər".

Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyev də Berlin gündəliyini bu prioritetlər üzərindən müəyyənləşdirib: "Əliyev Berlinə azad olunmuş ərazilərdən gedərək, buranın artıq "təhlükəsiz bölgə" olduğunu nümayiş etdirdi. Bu, investorlar üçün vacib amildir. Bakının hədəfi azad olunmuş əraziləri "yaşıl enerji zonasına" çevirməkdir və Əliyevin portfelində də məhz investorları bu bölgəyə cəlb etmək olub. Ən mühüm amillərdən biri Azərbaycanın torpaqlarını azad etdiyinin, suverenliyinin bərpa olunduğunun mesajı praktiki olaraq Avropaya çatdırıldı. Bu, xüsusilə Fransa başda olmaqla, suverenliyimizin bərpasını qəbul etməyən, hələ də regiondakı reallığı dəyişdirə biləcəklərinə ümid edən qüvvələrə ünvanlanıb".

"Cənubi Qafqazla bağlı heç vaxt sabit ədalətli mövqe tutmayan ABŞ-la da son dövrlərdə Yaxın Şərq, Uzaq Şərq və hətta Şərqi Avropa mövzularında əhəmiyyətli fikir ayrılıqlarında olduğunu da nəzərə alsaq, Almaniyanın Cənubi Qafqaz mövzusuna elə ilk növbədə öz maraqlarına görə səmimi yanaşmaq məcburiyyətində olduğunu demək olar"

"Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi”nin (SHAM) sədri Xəyal Bəşirov isə qeyd edib ki, Prezident İlham Əliyevin Almaniya səfəri bir çox məqamları ilə tarixə düşmüş oldu: "İlk baxışdan ölkə başçısının xarici ölkələrdən birinə rəsmi səfər etməsi normal səslənə bilər. Ancaq Azərbaycan Prezidentinin bu səfəri bir çox məqamları ilə tarixə düşmüş oldu. Məhz ona görə idi ki, Prezidentin köməkçisi Hikmət Hacıyev proseslərin içində olan şəxs kimi bu səfəri "Unudulmaz və tarixi uçuş" adlandırdı! Bəs nə idi bu səfəri özəl və tarixi edən? İlk öncə bu səfərin özəlliyi işğaldan yenicə azad etdiyimiz Füzulidən, Qarabağın hava qapısı olan Füzuli hava limanından birbaşa Avropanın mərkəzi Almaniyayanın paytaxtı Berlinə edilməsi ilə bağlı idi. Füzulidən Berlinə istiqamətləndiyi üçün Hikmət müəllim bu uçuşu unudulmaz və tarixi, səfəri isə möcüzəvi adlandırır! Növbəti məqam isə səfərin məhz Almaniyaya edilməsi ilə əlaqədar idi. O Almaniyaya ki, ora artıq ötən və bu il ərzində Prezident 3-cü dəfə səfər edir. Eyni zamanda da suverenliyimizin və bütövlüyümüzün tam təmin olunmasından sonra qalib Azərbaycan üçün yeni dövrün başlanğıcında keçirilən ilk Prezident seçkilərində qələbə çalan dövlət başçısı kimi ilk xarici səfərini bu ilin fevralında etdiyi Almaniyaya. Həm də həmin Almaniya ki, bu yaxınlarda Avropa İttifaqının istehsal maşını və iqtisadi avanqardı olan bu ölkənin İqtisadiyyatının Şərq Komitəsinin rəhbəri böyük bir nümayəndə heyəti ilə Bakıya səfər etdi və Prezident İlham Əliyevin qəbulunda oldu".

Xəyal Bəşirovun fikrincə, ən həlledici məqamlardan biri də Almaniyanın son zamanlar Cənubi Qafqazla bağlı reallıqlara elə real yanaşması ilə bağlıdır: "Böyük Britaniyadan sonra Avropa İttifaqı daxilində onunla liderlik uğrunda uğursuz rəqabət aparmağa cəhd edən ədalətsiz, qərəzli və ermənipərəst Fransanı Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırılması və sülh prosesində uğurla əvəz etməyə çalışır Almaniya. Rusiya Ukrayna müharibəsinin ən böyük iqtisadi və enerji zərbəsini alan dövlət olduğunu və Azərbaycan-Avropa İttifaqı enerji əlaqələrinin inkişaf tempini nəzərə alsaq, Almaniyanın bu siyasətini anlamaq çətin deyil. Cənubi Qafqazla bağlı heç vaxt sabit ədalətli mövqe tutmayan ABŞ-la da son dövrlərdə Yaxın Şərq, Uzaq Şərq və hətta Şərqi Avropa mövzularında əhəmiyyətli fikir ayrılıqlarında olduğunu da nəzərə alsaq, Almaniyanın Cənubi Qafqaz mövzusuna elə ilk növbədə öz maraqlarına görə səmimi yanaşmaq məcburiyyətində olduğunu demək olar. Biz Almaniya kimi dövlət üçün təkcə ənənəvi enerji resursları, alternativ və bərpa olunan enerji, habelə yaşıl enerji əhəmiyyəti daşımırıq, eyni zamanda böyük iqtisadi, enerji və loqistika layihələrinin kəsişdiyi qitələrarası yolun üzərində yerləşən dövlət rolunu oynayırıq. İkinci Dünya müharibəsində Almaniyanın hədəfə aldığı Bakının əhəmiyyəti o zamankından dəfələrlə artıb, sadəcə indiki şərtlər gücü deyil əməkdaşlığı diktə edir ki, iki ölkə arasında bu əməkdaşlıq üçün kifayət qədər iradə və istək də mövcüddur. Münasibətlərimizin və əməkdaşlığımızın Almaniya üçün də önəminin yüksək olduğunu Prezident İlham Əliyevin ölkənin Kansleri Olaf Şoltsun xarici işlər naziri Annalena Berbokla birlikdə qarşılamasında özünü açıq göstərmiş oldu. Bundan savayı Prezidentin ayrı-ayrılıqda Almaniya Prezidenti, Kansleri və xarici işlər naziri ilə məhsuldar görüşlər keçirməsi qarşı tərəfin səfərə həssas yanaşmasından xəbər verirdi. Təbii ki, Prezident İlham Əliyevin ənənəsinə sadiq qalaraq bütün platformalarda olduğu kimi Avropanın mərkəzində də həm postmünaqişə dövrünə və sülh gündəliyinə aid, həm daxili və xarici siyasətimizə dair və həm də Avropa coğrafiyası ilə bağlı gündəmimizlə əlaqədar növbəti dəfə ölkəmizin mövqeyini açıq şəkildə bəyan etməsi beynəlxalq ictimaiyyət üçün ciddi mesajlarla yadda qaldı!"

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.244926