Saat:10:03
Haqqımızda

Prezidentin 22 il qabaq verdiyi aktlar əlil və şəhid ailələrinə tətbiq edilmir

2023-03-22 18:07:00

Prezidentin 22 il qabaq verdiyi aktlar əlil və şəhid ailələrinə tətbiq edilmir

100 illiyində Heydər Əliyevin Qarabağ əlillərinə ayırdığı kommunal xidmətlər əvəzi kompensasiyanı 100 manat etmək olar?

“Heydər Əliyev ili”ndə ən çox hansı ərazidəsə 100 ağac əkilməsi kampaniyaları diqqət çəkir . Bu kampaniyaların elə kampaniya xarakteri daşıması heç kimə gizli deyil. Nədən ölkədə bir qarış torpaq sahəsi qalıb ki, 100 ağac demirik, bircə ağac əkmək mümkün olsun?

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 14 il qabaq Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evin yerini və bütöv yaşayış kompleksini PA-nın, NK-nın , BŞİH-in , Nərimanov RİH -in “dövlət məmurları”nın  (dövlətin əlil və şəhid ailələrinə tikdiyi evi işğal edən məmurun adı yalnız dırnaq içində ola bilər- M. B. ) villaları, kommersiya obyektləri necə işğal edibsə, heç bir ağac əkməyə də yer qalmayıb. Amma dörd yandan bir metrlik məsafədən “əlil-şəhid evi”ni hasarlayan məmur villalarının hasar dibində əkdiyi yolkaların kölgəsi əlil və şəhid ailələrinə çətir rolunu oynaya bilmir. Villaların kölgəsi elə möhtəşəmdir ki, üçqatlı  villa dördqatlı “əlil evi”ndən bir boy da hündürdür ! “Şəhid-əlil evləri”nə heç gün işığı da düşmür  , düşən yolkaların su şırnağı ilə “çimizdirilməsi” zamanı mənzilin rütubətli su ilə dolmasıdır. İki oğlunu Qarabağ savaşına verən şəhid anası bu su şırnağı “qonaqlığı”ndan mənzilini qoyub qaçmağa məcbur olub. ..

Qarabağ qaziləri və şəhid ailələri mərhum prezident Heydər Əliyevin 100 illiyində onlara diqqətin 100 faiz artırılmasını, prezident aktları ilə müəyyən edilmiş cüzi vəsaitlərin həcminin ən azı 100 manata çatdırılmasını diləməkdə haqlıdırlar. Təsəvvür edin, Heydər Əliyevin sağlığında verdiyi fərman və sərəncamlarla Qarabağ əlillərinə ayrılan müavinətlərin məbləği  son 20-30 il ərzində nəinki dəyişməz qalıb, əksinə,  verilməsindən də imtina olunub! (?) Prezident Heydər Əliyevin 26.12.2013 tarixli 613 saylı fərmanının və 29.12.2000 tarixli 597 saylı sərəncamının icrasının sosial -maliyyə qurumlarının icra etməkdən imtinasını diqqətə çatdıraq.

2002-ci ilə kimi müharibə veteranları,  Qarabağ əlilləri və şəhid ailələri kommunal, nəqliyyat və digər xidmətlərin haqqını , hətta notarial hərəkətlər edilərkən dövlət rüsumunu ödəməkdən qanunla azad idilər. 2002-ci ildən sözügedən güzəştlərin müavinətlərlə əvəz edilməsi Milli Məclisin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi  haqqında” Qanunu ilə doğrulanıb. Bu qanuna uyğun olaraq  Prezident 26.12.2001 tarixli 613 saylı “ Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında”  fərmanla vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən GÜZƏŞTLƏRİN müvafiq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASI ilə əlaqədar AZTƏMİNATLI AİLƏLƏRİN SOSİAL MÜDAFİƏSİNİ GÜCLƏNDİRMƏK məqsədi ilə qərara alıb :

  1. Azərbaycan dövlətinin ərazi bütövlüyünün , müstəqilliyinin və Kostitusiya quruluşunun müdafiəsində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, 1990-cı il 20 Yanvar hadisələrində iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, Böyük Vətən  (?-M.B.) müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə , müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara -26 manat; (Prezident fərmanına 5 yanvar 2021 -ci il tarixli 1244 saylı və 22 noyabr 2022-ci il tarixli 1878 saylı fərmanlarla dəyişiklik edilərək, “130 min manat” “26 manat”la, “əlil” sözü “əlilliyi olan şəxs” ifadəsi ilə əvəz olunub- M.B.)

Böyük Vətən  (?-M.B.) müharibəsi iştirakçılarına -25 manat;

Həlak olmuş döyüşçülərin dul arvadlarına -18 manat;

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli  “Şöhrət” ordeninin hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə -12 manat;

Böyük Vətən (?-M. B. ) müharibəsindən sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına, şəhid ailəsi üzvlərinin hər birinə -12 manat. ( 31 dekabr 2020 tarixli 1223 nömrəli fərmanla “ŞƏHİD AİLƏSİ ÜZVLƏRİNİN HƏR BİRİNƏ” sözləri çıxarılıb – Bu da ZƏFƏR BAYRAMI ilə bağlı şəhid ailələrinə hədiyyə!(?)

Qarabağ müharibəsi veteranlarına fərmanın 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulan 11 manat müavinət 22.01.2007 tarixli 514 saylı fərmanla qüvvədən düşmüş hesab edilib. Qarabağ savaşı veteranlarına, şəhidlərinə ögeylik göz qabağındadır. Bu ögeylik Qarabağ əlillərinə ilgidə də özünü göstərir. QARABAĞ ƏLİLLƏRİNƏ PREZİDENT FƏRMANI İLƏ MÜƏYYƏN EDİLMİŞ 26 MANAT MÜAVİNƏTİN VERİLMƏSİNDƏN İMTİNA EDİLİR. ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı bu imtinanı 07.02.2006 tarixli “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi ilə əsaslandırır. Bu əsaslandırmanın əsassız olduğunu fərmanın və qanunun özü ortaya qoysa da, baxan yoxdur, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial “dedığım dedığdır” deməyindən əl çəkmir. Sözügedən filial anlamaq istəmir ki, prezident fərmanı ilə əlillərə ayrılan müavinət sosial müavinət yox, ləğv edilmiş güzəşt əvəzi kompensasiyadır. Bunu anlamaq belə çətindir ki, anlamayasan ki, ŞƏXS ƏLİLDİRSƏ MÜTLƏQ YA SOSİAL MÜAVİNƏT İLƏ YA DA ƏMƏK PENSİYASI İLƏ TƏMİN OLUNUR? Yəni “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsində kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ olan şəxsin  əmək pensiyası hüququ qazandıqda dayandırılması doğrulanıb. Belə çıxır, Böyük Vətən  (?-M.B) əlilləri və iştirakçılarının müavinəti dayandırılmır ki, onlar hələ də əmək pensiyası yox,  sosial müavinət alırlar ? Özü də cəmi 25-26 manat? Qarabağ əlillərinə ayrılan sosial müavinətlərin 26 manatdan on dəfə çox olmasını, “Sosial müavinətlər haqqında” qanunun 5-ci maddəsinə görə, müavinəti seçmək hüququnun olmasından da Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xəbəri yoxdur? Filialın “mənimsəmə məntiqi”nə görə, Qarabağ əlilləri 220 manatlıq sosial müavinəti yox, 26 manatlıq müavinəti seçiblər? Və 2006-cı ildə əmək pensiyaçısı olduqlarından bu 26 manatdan da məhrum ediliblər? Məntiqin mənimsəməyə yönəldiyi göz qabağındadır.

Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə Qarabağ əlillərinə ayrılan (əvvəlki qiymətlə) 50-70 min manat  arası yardımın mənimsənilməsi də “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi ilə əsaslandırılır. Bu sərəncamda ki kommunal və digər xidmətlərdən bir söz belə yoxdur! Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial buna heç olmasa, başqa “əsaslandırılma” tapsın, yoxsa, mənimsəmə faktı,  eldə deyildiyi kimi , ağbədiyə olur.

Uzunçuluq etməyimiz ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını Heydər Əliyevin 100 illiyində Prezidentin fərman və sərəncamlarının Qarabağ əlillərinə, şəhid ailələrinə tətbiq etməyə,  uzun illər verilməyən toplam 38-40 manat arası müavinətlərin bərpasına yönəltməklə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin diqqətini isə Heydər Əliyevin 100 illiyi münasibətilə Qarabağ qazilərinə və şəhid ailələrinə ayrılan “ATA HAQQINI” 100 manata qaldırmağa yönəldirik. Heydər Əliyevin 22 ildir verilməyən 26 manatlıq aylıq müavinətini İlham Əliyev bərpa edib,  100 manata çatdırmaqla 100 illiyə qazi və şəhid ailələrinə gerçək hədiyyə etmiş olar.

Məğrur BƏDƏLSOY

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR