Saat:03:56
Haqqımızda

Prezidentə şikayət etdiyinə görə qazidən 30 milyon tələb edilib

2021-09-20 17:00:00

Prezidentə şikayət etdiyinə görə qazidən 30 milyon tələb edilib

Qarabağ qazisi nazir Vilayət Eyvazovdan məhkəmə təminatını diləyir

Daxili İşlər Nazirliyinin (DİN) zabit-pensiyaçısı, 1-ci dərəcə müharibə ilə bağlı əlilliyi olan şəxs kimi sayılan nazirimiz Vilayət Eyvazovdan qəbul olunmağım və uzun illərdir qadağa qoyulan pozulmuş hüququmun məhkəmə yolu bərpasına əngəlin aradan qaldırmasını diləsəm də, obyektiv -subyektiv nədənlərdən diləyimə,  istəyimə çatmamışam. Ona görə də epistolyar janrdan yararlanaraq sayğılı nazirə media üzərindən üz tutmaq yolunu seçdim. Qüsura sayılmaz, yəqin.

Doğma yurdumuzun Qarabağ bölgəsinin başının üstünü qara buludlar alanda çağırış kağızı gözləmədən hərbi komissarlığa üz tutub öncə Milli Ordunun , sonra DİN Daxili Qoşunlarının heyətində   döyüşlərə qatılmağım  , 1993-cü ilin martında Ağdərə bölgəsində ağır  baş beyin travması alaraq, Qarabağ qazisi, savaş veteranı adını qazanmağım danılmaz  faktdır. Heç vaxt pensiyamın yanlış hesablanmasına inanmazdım .  Fikirləşirdim , qanun nə diqtə edirsə,  ona uyğun pensiya və digər ödənişlərlə təminatımız gerçəkləşir. Günlərin birində, yanılmıramsa, Sidorova soyadlı pensiya işçisinin mənə “zamkomvzvod” , yəni taqım komandirinin müavini vəzifəsini “verməsini” pensiya işi qovluğunun üz qabığında gördüm. Pensiya şöbəsinin müdiri ( Tahir Kərimov ) tabur komandirinin görəvindən “alınmasını” xanımın rus olması ilə izah edib, rəhbərliyə şikayət etməməyi dilədi . Yenə də “xırdalığa” getmədim. Hələ Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 saylı qərarından, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992-ci il tarixli 109 saylı 15 ildir qüvvədən düşən qanundan və ümumiyyətlə, hərbi qanunvericiliyin tələblərindən soraqsızdım. Heç demə, sözügedən qanunun 15v və 23b maddələri  pensiyama yaşa görə minimum pensiyanın uyğun olaraq 300 və 100 faizi həcmində əlavə hesablamağa əsas verirmiş. Niyə hesablanmayıb, hələ də cavab tapa bilmirəm. Məhkəmə yolu ilə cavab tapmağıma isə qadağa qoyulub.

Məhkəmədən söz düşmüşkən, son xidmət yerim olan DİN DQ (və Maliyyə Plan İdarəsi ) mənə nə işdənçıxarma pulu, nə geyim - əşya kompensasiyası, nə məzuniyyət -ezamiyyət pulu, nə sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya verib, nə də digər sosial mənzil-məişət güzəştləri tətbiq edib. 1978-ci ildən dörd illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən baş leytenant rütbəm indiyədək dəyişməz qalıb. Halbuki xidmətdə olmayanların ehtiyatda rütbələri polkovnikə kimi artıb və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 180-ci maddəsinə  əsasən , ehtiyatdan həqiqi hərbi xidmətə təyin olunan ( çağırılan ) , yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin olunan  zabitlərə , istisna qaydasında, xidmət ilindən asılı olmayaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir – üç  pillə yuxarı hərbi rütbə verilə bilər. Bu hüquq niyə mənə tətbiq olunmayıb, niyə NK-nın 23.11.1992-ci il tarixli 631 saylı qərarının 10-cu bəndinə əsasən SSRİ dövründəki xidmətim və s. nəzərə alınmayıb?  Bu suala DİN DQ savaşın ilk çağlarında  xidmətdə olmamağım ilə , məhkəmə yolu ilə xidmətim doğrulananda isə Maliyyə Plan İdarəsi (Səxavətdin Abdullayev) 1978-ci ildən zabit olan şəxsin 13 il sonra- 1991-ci ildən  Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmaması ilə “əsaslandırıb” . Özbaşınalığı təsəvvür edin, DİN-in Daxili Qoşunlar Baş İdarəsindən hesablama vərəqi ortalıq 200 metrlik aradakı Maliyyə Plan İdarəsinə 5 ildən sonra “çatıb”. Şəki Apellyasiya Məhkəməsi “toyagetməlidi” ki, 2018-ci ildə bu instansiyadan  eyni binada yerləşən Şəki İnzibati Məhkəməsinə iş 4 aya çatmışdı! (?) 15.02.2019-cu ildə heç bir qərar qəbul edilmədiyi , növbəti tarixə iclas təyin edildiyi halda, Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi İlqar Cabbarov keçmiş həmkarı, müqaviləsi olmadan DİN-İN vəkili kimi işə mahiyyəti üzrə baxmağa imkan verməyən  Əlirza Həbilovla qeyri-prosessual ilişgi sonucunda həmin 15.02.2019-cu il tarixli saxta qərardadla iddianı mümkün saymayıb. Şəki Apellyasiya Məhkəməsi (Gündüz Abbasov və b.) də “e-məhkəmə” portalından “skrin-şot” qərarın qəbul edilmədiyinə sübut kimi apellyasiya şikayətinə əlavə edilsə də , saxtalığı qüvvədə saxlayıb. Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün ayrılan vəkilin şikayətimi yazmasına isə Əlirza Həbilov Vəkillər Kollegiyasındakı vəzifəsindən sui-istifadə edərək qadağa qoyub və şikayətin gec -6 aydan sonra yazılmasını bəhanə edən Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov kassasiya şikayətini icraatına götürməkdən imtina edib. Halbuki, suçum ucbatından olmaması əsası ilə buraxılmış müddətin üzrlü sayılmasını diləmişdim.  Buradaca, onu vurğulayım ki, 20 ilə yaxın müddətdə bir dəfə də olsun, iddiama mahiyyəti üzrə baxılmayıb və hamısında vəkil şikayəti yazmadığından kassasiya mümkün sayılmayıb . İddianın mümkün sayılmaması eyni predmet üzrə yenidən iddia qaldırılmasını istisna etmədiyinə baxmayaraq, Bakı İnzibati Məhkəməsi  (hakim Elvin Əliyev ) Əlirza Həbilovun qeyri-prosessual göstərişi ilə 25.02.2021-ci il tarixli qərardadla iddiamı bir illik süründürməçilikdən sonra gizlincə mümkün saymayıb ki, Şəki İnzibati Məhkəməsinin mümkün saymadığı qərardad hüquqi presedentdir . Bakı Apellyasiya Məhkəməsi  (Xəyalə Cəmilova və b.) 14.04.2021 tarixli hələ də vermədiyi qərardadla bu qeyri – prosessuallığı qüvvədə saxlayıb. Hazırda şikayətim  kassasiya instansiyasındadır , Ali Məhkəmə 06.10.2021-ci ildə şikayətə baxacaq.

Daxili işlər naziri kimi Əlirza Həbilovun DİN-in adından qeyri-prosessual hərəkətlər etməsinə son qoymağınıza ümidliyəm. Bu vəkil özünü DİN-in nümayəndəsi və vəkili kimi təqdim edir. DİN-in adından bu şəxsi vəkil etmisinizsə, hanı uyğun müqavilə? Fərdi vəkil DİN-in nümayəndəsi necə ola bilər? Dövlət qurumunun nümayəndəsi həmin qurumun işçilərindən seçilir . Belə çıxır, Əlirza Həbilov həm DİN-in,  həm də Vəkillər Kollegiyasının üzvüdür? Axı, bu qanuna qarşıdır. DİN DQ-nin özü və nümayəndələri  (əvvəllər Akif Mustafayev, indilərdə  Mahir Əsgərov , Zahid Əliyev ) də  məhkəmənin işə mahiyyəti üzrə baxmasına əngəldirlər. Fikir verin, qanunla doğrulanan sosial təminat, məhkəmə təminatı hüququma 20 ilə yaxındır qadağa qoyulub, mənə qərəzlə olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb və bu səbəbdən aldığım pensiya tabeliyimdə olan əsgər və çavuşların da pensiyalarından 2-3 dəfə azdır. Təsəvvür edin, Əlirza Həbilov məhkəməyə etiraz yazıb ki, 390 manatlıq (?) vəzifə maaşı ilə təminatım qanunidir.

DİN DQ-nin özbaşınalığından Prezidentə və baş prokurora şikayət(lər)im DQBİ-nin özünün (özününmü?) müharibə əlilindən  Nizami məhkəməsində (hakim Sveta Əhmədova) 30 milyon manat tələb etməsi İlə sonuclanıb. Belədə deyiblər, əzrayılın payladığı  bala lazım deyil, öz balamıza dəyməsin. Qarabağ əlili ona qanunvericiliyin ona verdiyi pul təminatını istəyir, əksinə, əlildən 30 milyon tələb edilir! Özü də Prezidentə şikayət etməklə Daxili Qoşunlar Baş İdarəsinin şərəf və ləyaqətinin təhqir edilməsi ilə bağlayırlar bu 30 milyonluq mənəvi ziyanı. Prezidentə, baş prokurora özbaşınalıqdan müraciət etmək haçandan hansısa idarənin şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edilir ? Məhkəmə təminatı hüququna 30 milyonluq “xox” kimi də qəbul edilə bilər bu “şərəf davası” . 30 manat tapmıram , avtobusla Naxçıvan “Duzdağ”ına  gedim, 30 milyon “şərəfpulu” tələb edənlərə baxın!

Sayılan nazirimiz, Sizdən diləyim məhkəməyə DİN-in adından basqıya  son qoyub, məhkəmə yolu hüququmun təminatına yardımçı olasınız. Qoy məhkəmə kimin haqlı olduğuna qərar versin!

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR