Saat:04:03
Haqqımızda

PREZİDENTƏ KİM MANE OLUR? - Onminlərlə insan Bakıda bələdiyyədən aldığı torpağa mülkiyyət hüququ əldə edə bilmir

2022-05-17 11:49:00

PREZİDENTƏ KİM MANE OLUR? - Onminlərlə insan Bakıda bələdiyyədən aldığı torpağa mülkiyyət hüququ əldə edə bilmir

Uzun zamandır ki, ölkədə, xüsusilə də Bakı şəhərində bələdiyyələrin torpaq satışına dair hərraclar keçirməsinə qeyri-rəsmi qadağa qoyulub. Pandemiyadan öncədən başlayaraq 2007-ci ilin dekabr ayının 31-ə qədər bələdiyyələr tərəfindən verilən torpaq sahələrinin özününkülüəşdirilməsi ilə bağlı olan problemlər bu günədək həllini tapmır.

Bələdiyyələrdən “Hürriyyət”ə verilən məlumata əsasən, onlara torpaq satışı ilə bağlı qadağalar qoyulub. Səbəb kimi isə torpaq kadastr xəritələrinin hazır olmaması göstərilir. Əslində, həmin xəritələrin bir qismi İcra Hakimiyyətlərində mövcuddur. Lakin nədənsə bu xəritələrin bələdiyyələrə verilməsi həyata keçirilmir.

Məlumatlara əsasən, torpaqların mövcud sərhədlərinin müəyyən edilməsi üçün lazım olan xəritələr fakitki olaraq icra başçılarının seyfində saxlanılır. Dəqiqləşdirilmə aparılması və bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə verilməsi problemi süni olaraq yaradılır.

İlkin araşdırmalar zamanı məlum olur ki, əslində, bələdiyyələr tərəfindən vətəndaşlara ayrılan torpaq sahələri ilə bağlı “Kupça” çıxarışların alınması üçün “arxa qapı” da var. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının tanınması problemini “həll etmək” üçün “arxa qapı” açıq saxlanılıb. Xidmətin yardımcı qurumları olan bir neçə MMC Bakıda, İçərişəhərdə bu işi həll edirlər. Lakin paytaxtın regionlarından asılı olaraq iqymətlər və veriləcək “şirinlik” də dəyişir.

Yəni rüşvət verə bilməyən vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsinə də veto qoyulur.

Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, prosedur olaraq bələdiyyələr müraciətlərə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində cavab veriləcəyini deyirlər. Xidmətdə torpaqlarına mülkiyyət hüququ almaq istəyənlərə isə birbaşa olaraq dövlət başçısına müraciət etməli olduqları bildirilir. Yəni xidmətdə deyirlər ki, müvafiq qanun imzalanmalıdır ki, bunu da dövlət başçısı etməlidir.

Sonucda vətəndaş 1 sot torpağı üzərində mülkiyyət hüququnu əldə etmək üçün dövlət başçısına müraciət etmək zorunda qalır. Elə “Hürriyyət”ə də müraciət edən xeyli sayda vətəndaş məhz torpaqlarına sənəd ala bilməmələri ilə bağlı qəzetimiz vasitəsilə dövlət başçısına müraciət ünvanlayıblar.

Maraqlıdır ki, yaranmış vəziyyətlə bağlı ilk növbədə oratada olan problemlərdən biri də qeyd edilən dövlət xidmətində “arxa qapı” vasitəsilə məsələni hansı formada həll edirlər? Yəni necə olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində 2007-ci ilin dekabr ayının 31-ə qədər torpaq üzərində istifadə hüququ alan adamların problemi dövlət başçısı qanunu imzalamadan həllini tapır? Bununla da sözügedən qurum ölkədə narazı kütlə formalaşdırır.

Doğrudur, müvafiq olaraq qanununların tələblərinə görə Prezident həmin sənədi imzalamlıdır. Lakin “niyə imzalamır” sualına heç bir halda cavab yoxdur.

Bir müddət əvvəl sənədsiz torpaqların və evlərin sənədləşdirilməsinə dair yerli medaiada xəbər yayılmışdı. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilirdi ki, sənədsiz evlərin sənədləşdirilməsinə müvafiq qanunvericilik aktı qəbul edildikdə başlanacaq.

Hazırda qanunvericilik aktının hazırlanıb-hazırlanmadığı barədə Əmlak Məsələləri Dövlət Xidmətində heç bir məlumat yoxdur.

Milli Məclisdə də belə bir qanun layihəsinin hazırlanması ilə bağlı heç bir bilgi yoxdur.

Baxmayaraq ki, 2016-cı ildə dövlət başçısı sənədsiz torpaq sahələrinin və tikililərin araşdırılması, problemin həlli ilə bağlı göstəriş vermişdi. Lakin həmin göstəriş ya həll edilməyib, ya da kimlərinsə tərəfindən dayandırılıb.

Hazırda mövcud problemlə bağlı həllini gözləyən əsasən iki istiqamət üzrə cəmi bir qanun imzalanmalıdır. Yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununa əsasən, həmin sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil etmədiyi üçün xeyli sayda fərdi yaşayış evinin sənədləşdirilməsi mümkün olmurdu.

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə əvvəllər qeydiyyat hüququ verməyən sənədlər artıq Qanunun əhatə dairəsinə əlavə edilib. Lakin sovetlərin dağılmasından sonra 30 ildən çoxdur mülkiyyətçisi olan vətəndaşlar hazırda çıxarışlar əldə edə bilmirlər. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, ortada olan problem ondan ibarətdir ki, bələdiyyələr tərəfindən ayrılan torpaqların da faktiki sahibləri faydlanmaq üçün 2015-ci ildən bəri 7 ildir dövlət başçısının sərəncam verməsini gözləyir.

Məsələn, dövlət başçısının 2021-ci ilin oktyabr ayında imzaladığı sərəncamla "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” qanun qüvvəyə minib.

İmzalanan fərmanla 3 il müddətində 1996-cı ilə qədər kolxoz və sovxozların balansında olan, sonradan vətəndaşların istifadəsinə verilən torpaqlara pulsuz mülkiyyət hüquqları verilir.

Lakin maraqlıdır ki, bu yalnız Bakıdan kənar rayonları əhatə edir. Bakı şəhərində isə prosses dayandırılıb. Prezident bir imzayla prossesi daha da asanlaşdıra və onminlərlə mülkiyyət hüququ almaq istəyən vətəndaşların problemini həll edə bilər. Yəni osmanlıların təbirincə desək, bir qələmdə onminlərin problemi həllini tapa bilər. Lakin illərdir ki, kimlərsə o qələmin mürəkkəbini qurudub. İndi Bakıda illərdir bələdiyyədən aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququ qazanmaq istəyən xeyli sayda insan həmin fərmanı, qanunun qəbul edilməsini gözləyir…

“Hürriyyət”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR