Saat:18:45
Haqqımızda

Prezidentdən ultimatum: Savaş getdiyini elan etdi

2021-12-07 12:09:00

Prezidentdən ultimatum: Savaş getdiyini elan etdi

Hətta Soçi görüşündən sonra belə Ermənistan Baş naziri Nikol Paşinyanın verdiyi vədi tutmayaraq, öhdəliklərini yerinə yetirməkdən yayındığı bir daha Prezident İlham Əliyev tərəfindən elan edildi.

“Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq...”

Bu, əslində Azərbaycanın, onun liderinin Haqqı Olanı tələb etməsinin daha bir elanıdır.

Bu, əslində, Azərbaycanın Haqqı Çatanı əldə etmək üçün hər şey edəcəyinin elanıdır.

Həm də bu, diplomatik cəbhədə Böyük Savaş getdiyinin elanıdır.

44 günlük müharibədə tarixi Qələbədən sonra hər kəsə bəlli idi ki, masa arxasında, diplomatiya, informasiya cəbhəsində daha ağır, gözəgörünməz, xəyanətlərlə, sözündən qaçmalarla müşayiət olunacaq bir savaş başlayacaq.

Bu savaşın bu qədər kəskinləşdiyini və hərbi meydana sıçradığını 16 Noyabr döyüşləri göstərdi.

Nə baş verir?

10 noyabr 2020-ci il bəyanatı hazırlanarkən “Zəngəzur dəhlizi” ifadəsinin ora salınmamasını erməni tərəfinin xahiş etdiyi, ancaq dəhliz öhdəliyi götürdüyü haqda hələ o zaman xəbərlər yayılmışdı və Prezident İlham Əliyevin Qələbə çıxışında da buna işarə vardı.

10 noyabr 2020-ci il bəyanatının “Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yol” bəndi də (9-cu bənd) bütün şərtləri ilə 6-cı bənddəki Laçın dəhlizinin eynisidir. Yalnız və yalnız “Zəngəzur dəhlizi” ifadəsi yoxdur və Ermənistan Baş naziri və komandasının məhz “dəhliz” sözünün olmamasından maksimum istifadə etməyə çalışması, bağlı qapı arxasında öhdəlik götürəndən sonra “bu ifadə yoxdur” deyib, manipulyasiya etməsi və cidd-cəhdlə dəhlizdən imtina etməsi artıq düşmənlə heç bir ortaq məxrəcə gəlməyin mümkün olmadığını göstərir.

Paşinyan Rusiyanın vasitəçiliyindən kənarda, Brüsseldə görüşmək və müəyyən üstünlük əldə etməyə çalışırdı. Təsadüfü deyil ki, erməni politoloq Ambarsum Kabaryan Brüssel görüşü üçün erməni diasporunun külli miqdarda vəsait xərclədiyini, aylarla hazırlıq aparıldığını bildirmiş, Ermənistan üçün tarixi şansın yarandığını qeyd etmiş, ancaq İlham Əliyevin sayəsində bu planın məhv olduğunu vurğulamışdı. Belə ki, 15 dekabr Brüssel görüşü elan ediləndən cəmi 2 gün sonra Paşinyan Soçiyə getməyə məcbur edilmişdi.

N.Paşinyan 9 və 15 noyabra təyin edilən görüşlərdən müxtəlif yollarla boyun qaçırmışdı. Hədəf Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək, həmin zaman isə rəsmi Bakıya “demokratiya təzyiqi” göstərmək idi.

Buna ciddi hazırlığın getdiyini 1 dekabr aksiyası da göstərdi. Həmin gün Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun 13-cü Assambleyası da gedirdi. Və bu tədbirdə “humanitar” məsələlər, Azərbaycanda “demokratiyanın vəziyyəti” və s. müzakirə edilirdi. Azərbaycan “vətəndaş cəmiyyətini” guya təmsil edən şəxslərin orada kimin əlinə və necə oynadığı, hansı xəyanətlər etdiyi haqda artıq Mir Şahin məlumat verib.

Ermənistanın Baydenin “Demokratiya sammitinə” dəvət edilməsi, Azərbaycan və Türkiyənin kənarda qoyulması; Ermənistana 2,6 milyard avro yardımın ayrılması qarşılığında Azərbaycana bir qəpik də təklif edilməməsi, yalnız 160 milyon avrodan danışılması və bu vəsaitin də “vətəndaş cəmiyyəti institutlarına” (oxu: Azərbaycan dövlətinə - məhz dövlətinə - qarşı fəaliyyət aparan “milli” ünsürlərə) verilməsi müzakirəsi, “insan haqları” təzyiq rıçaqının yenidən gündəmə gətirilməsi və s. – hər biri düşünülüb-daşınılmışdı.

Ancaq bütün təşəbbüslərə ağır zərbə vuruldu və 26 noyabrda Soçidə bir daha bundan əvvəlki bəyanatlar təsdiqləndi, o bəyanatlara sədaqət nümayiş etdirildi və Zəngəzur dəhlizi məsələsinin elan edilməsi Moskvada baş nazir müavinlərinin üçtərəfli görüşünə saxlanıldı.

Moskvada görüş oldu – ancaq Ermənistan yenidən öhdəliklərindən qaçaraq, Zəngəzur dəhlizinin sənədlərdə əksini tapmasına qarşı çıxdı. Moskva görüşünün nəticəsiz bitməsinin səbəbi kimi Ermənistan Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” ifadəsinin sənədlərə yazılmasında təkid etməsini göstərmişdi.

Əlbəttə ki, təkid etməli idi: çünki Ermənistanın bağlı qapılar arxasında vəd verib, öhdəlik götürüb, ictimaiyyətə isə “sənədlərdə dəhliz yoxdur” deyib, öhdəliklərindən qaçması ənənəsi davam edir və bunun qarşısının alınması üçün mütləq hər bir söz sənədləşdirilməlidir.

Ermənistanın Moskva görüşünün nəticəsiz bitməsinə nail olandan sonra Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla 3 dekabrda Stolholmda planlaşdırılan görüşdən imtina səbəbi indi gün kimi aydındır. Azərbaycan XİN bunun səbəbi kimi görüşə hazırlıq getdiyi bir məqamda Ermənistan parlamentinin təxribatçı addım ataraq, Xankəndiyə qanunsuz olaraq “deputatlar qrupu” göndərmək barədə qərar qəbul etdiyi və həmin deputatların Azərbaycan ərazisində, rus sülhməramlılarının arxasında gizlənən separatçılarla “parlament dinləmələri” keçirmə istəyini əsas göstərmişdi.

Əlbəttə, bu səbəb də var. Ancaq əsl səbəb şərtlərin müəyyənləşdiyi Soçi və Moskva platformalarının Stolholm və Brüssel platformalarına dəyişilməsinə cəhdin qarşısının alınmasıdır.

Ermənistan hərbi meydanda uduzduğu və öhdəliklər götürdüyü “Moskva/Soçi platformaları”ndan yaxa qurtarmağa, yeni danışıqlar meydanı açmağa və “sıfırdan” başlamağa cəhd göstərir. Azərbaycan isə Rusiyanın moderatorluğunda və zaminliyində, üçtərəfli danışıqlarda qəbul edilən öhdəliklərin icrasını tələb edir və heç bir halda Qərb, Avropa meydanlarının danışıqlar yeri kimi seçilməsi, yeni “arbitrlərin” ortaya atılmasını qəbul etmir.

Şərtlər kimin zaminliyi ilə əldə edilib? Bağlı qapılar arxasında götürülən öhdəliklərə kim zəmanət verib? Sənədlərdə yalvar-yapışla əksini tapmayan öhdəliklərin təminatçısı, zamini kimdir?

Əlbəttə ki, Rusiya və onun lideri Putin! Azərbaycan Prezidenti məhz müharibənin bitməsinə, atəşkəs bəyanatı imzalanmasına səbəb olan və erməni tərəfinin götürdüyü öhdəliklərə zamin duran Rusiya və Putinin iştirakı ilə görüşlərdən yanadır. Çünki bu görüşlərdə Putin zamin durduğu vədlərin icrasını tələb edir.

Ermənistan isə bir daha, ənənəvi etibarsız partnyorluğunu təsdiqləyir və bu, Serj Sərkisyandan qalma bir ənənədir.

Artıq indi kimsəyə sirr deyil ki, 2016-cı il aprel savaşları da Putinin vasitəçiliyi ilə dayandırılmış, həmin zaman S.Sərkisyan erməni ordusunun 7 rayondan çıxacağı öhdəliyini götürmüş, bunun üçün vaxt istəmişdi. Ancaq savaş dayandıqdan sonra Sərkisyan müxtəlif bəhanələrlə vədindən yayınmağa və işğalı davam etdirməyə çalışdı. Ən böyük bəhanəsi isə seçki idi.

Seçki başa çatdıqdan sonra da öhdəlikləri yerinə yetirmək məcburiyyəti vardı və Sərkisyan hakimiyyəti “qərbyönlü” Paşinyana ötürməklə, İrəvanın yeni hakimiyyətinə danışıqlardan qaçmaq üçün şans yaratdı.

N.Paşinyan hakimiyyətə gəldiyi ilk gündən vədlər verərək, prosesi uzatdı və növbəti ildə Avropadan dəstək aldıqdan sonra ritorikasını dəyişdi: “Qarabağ Ermənistandır və nöqtə” şüarının ardınca “Yeni ərazilər üçün yeni müharibə” məhz Qərbdə ifadə edilmişdi.

Bütün bunlar 44 günlük savaşın başlanmasına səbəb oldu.

Bütün bunlar Putinin 44 gündə bitərəfliyini şərtləndirdi.

Eyni proses gedir – bu dəfə də diplomatik cəbhədə vədlərdən yayınan N.Paşinyan dəhlizdən qaçmaq, sərhədlərin delimitasiya və demarkasiyasından yayınmaq, prosesi uzatmaq, Avropa dövlətlərinin müdaxiləsinə imkan yaratmaq və Ermənistanın işğal siyasətini davam etdirmək üçün manevrlər edir.

Qərb Gürcüstandan sonra Cənubi Qafqazda Ermənistanı da ələ keçirməkdədir və əlbəttə ki, rəsmi İrəvanın mövqelərini cidd-cəhdlə müdafiə etməkdə qərarlıdır. Məqsəd Cənubi Qafqazda Rusiyanın dayaqlarını sarsıtmaq və bu ərazini Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Buna görə də Ermənistanı Azərbaycana qarşı bütün vasitələrlə dəstəkləyir – həm “demokratiya və insan haqları” məsələsində, həm külli miqdarda maliyyə ayrılmasında və s. Ənənəvi taktikası da işə düşüb – Azərbaycana təzyiq üçün “vətəndaş cəmiyyəti institutlarının nümayəndələri” tapılıb ortaya çıxarılıb, onlar Azərbaycanın hətta Qarabağ savaşında “mücahidlərdən” istifadə etməsi ittihamına belə cavab vermirlər; onlar Bakının mərkəzində tez-tələsik aksiya keçirib, kimlərisə oyuna salırlar və insan haqlarının pozulduğunu dərhal müzakirə masasına çıxarırlar; onlar bir uzun “siyasi məhbus” siyahısı da hazırlayıb; Azərbaycanda erməni terrorçuların da “əsir” kimi qeydiyyatını artıq aparıblar və bu da təzyiq vasitələrinin predmetidir.

Rəsmi Bakı 26 noyabr Soçi görüşünə gedərkən iki – biri hərbçi olmaqla, iki gün öncə isə daha 10 erməni hərbi əsiri (16 Noyabr döyüşlərində ələ keçirildiyi üçün onlar terrorçular deyil, hərbi əsirlərdir) geri qaytardı.

Azərbaycan Brüssel görüşünün əhəmiyyətini azaltmaq və onu sıradan bir görüşə çevirmək üçün hər şey edir. Əsas danışıq və saziş yeri kimi Rusiya seçilir, humanitar vasitəçi isə Rüstəm Muradovdur – yenə o gəlir, yenə əsirlər ona verilir və mina xəritələrini də o gətirir...

Brüsseldə müzakirə ediləcək çox az şey qalıb: yəqin ki, ona qədər müəyyən addımlar, o cümlədən “siyasi məhbus” sayılanlardan da Amnistiya aktı çərçivəsində buraxılanlar olacaq.

Bütün bunlar pərdə arxasında hansı oyunlar və savaşların getdiyini təsəvvür etməyə imkan verir.

Ancaq Prezidentin bugünkü çıxışı artıq bu Siyasi Əxlaqdan kənar, erməni xasiyyətinə uyğun oyunlardan təngə gəldiyinin açıq ifadəsi idi.

Prezident elan etdi: Zəngəzur dəhlizinin açılması qrafikini ver! Prezident bu sözləri deyərkən Vətən müharibəsindəki ritorikasına istinad etdi!

Bu, olduqca ciddi ultimatumdur.

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin xoşluqla, yaxud güclə açılacağı haqda bir müddət öncə rəsmən elan etmişdi. İndi isə daha açıq mətnlə xəbərdarlıq etdi.

Bu, o deməkdir ki, Rusiya da Paşinyanın masa arxasında vəd verib, qapıdan çıxan kimi vədindən dönməsindən bezib!

Bu, o deməkdir ki, Ermənistan “Dəmir Yumruq”dan başqa yol tanımır!

Bu, o deməkdir ki...

Allah Ordumuzu, Ali Baş Komandanımızı və Xalqımızı qorusun! Axaraz

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR