Prezident tərəfindən təltif olunan, həm də qonşusu tərəfindən qulağı kəsilən məmur kimdir
(1).jpg)
“Canişin” əfəndinin dövlət qulluğunda “əsrarəngiz” xidmətlərinə görə ikiqat mükafatlandırılan ( Prezident tərəfindən təltif olunan, həm də qonşusu tərəfind qulağı kəsilən) məmuru barədə maraqlı məlumatlar əldə etmişik.
Ovqat.com-un məlumatına görə, Şahbuz İcra Hakimiyyətinin məsul işçisi Söhrab Kərimov əvvəl rayonda kafel ustası kimi çalışırmış.
Bir gün ona rayon icra başçısının villasının ayaq yolunun kafelini döşəmək səadəti nəsib olur. Bununla da Söhrab müəllimin ulduzu parlamağa başlayır. Kafellərin düzülmə şəklindən xeyli məmnun qalan icra başçısı onu öz idarəsində işə götürür. Özü də nə işinə? Lütfən, təəccüblənməmək üçün yenə kəmərlərinizi sıxın; Şahbuz İcra Hakimiyyətinin inzibati ərazi dairələri ilə iş üzrə şöbə müdiri vəzifəsinə.
Ürəyi bununla da toxdamayan İcra başçısı usta Söhrabın adını dövlət qulluğundakı fəaliyyətində seçilən şəxs kimi siyahıya salır və beləcə, həmin siyahı “canişin” həzrətləri vasitəsilə Prezidentin önünə çıxarılır. Prezident də, təbii ki, siyahıda adı olan bu şəxsin əslində dövlət qulluğundan fərqlənən məmurdan çox, yaxşı bir kafel ustası olduğunu bilmədən həmin sənədi imzalayır. Beləcə, Söhrab usta həyatının ilk böyük mükafatını almış olur.
İkinci daha böyük “mükafatı”na gəlincə, sən demə, qonşusu onun bir yox, iki qulağını birdən kəsib. Ağlından başqa yerlərini də kəsmək keçirmiş. Ona da təsadüfən yoldan keçən Nurs kəndinin icra nümayəndəsi mane olur. Qonşu məcburən iki qulaqla kifayətlənir və “qənimət”lərdən birini götürüb polis idarəsinə gəlir. Polislərə “canişinliyin” ən qabiliyyətli məmurunu cəzalandırdığını bildirir və əlində tutduğu qulağı əşyayi-dəlili kimi onlara göstərir. Maraqlıdır ki, polislər kəsilmiş qulağı onun əlindən almağa bir xeyli çətinlik çəkirlər. Nəticədə qulaq öz “svejiliyini” itirir və Naxçıvan MR tibbi onu yerinə “yapışdıra” bilmir.
