Prezident Qərbi Azərbaycana qayıdışın detallarını açıqladı - mühüm mesajlar

2023-01-12 13:23:00

Prezident Qərbi Azərbaycana qayıdışın detallarını açıqladı - mühüm mesajlar

Dövlət başçımızın Qərbi Azərbaycanı Böyük Qayıdış üçün növbəti məntəqə elan etməsi düşmənlərin yuxusunu qaçırıb, xalqımızda böyük inam və əminlik yaradıb

Son həftələrdə ciddi müzakirə mövzularından biri də Qərbi Azərbaycana qayıdış, onun şərtləri, bununla bağlı aparılan prosesə aiddir. Bəllidir ki, bu proses məhz Prezidentin təşəbbüsü ilə həyata keçirilir. Dövlət başçısı yanvarın 10-da ölkə telekanallarına müsahibəsində bu haqda növbəti açıqlamalar verib.

Prezident “biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik” deməklə çox mühüm mesaj vermiş olub. İlham Əliyev daha sonra bildirib: “Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış icma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq”. Prezident qeyd edib ki, bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. “Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır. Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Əlbəttə, burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Mən bu barədə də fikirlərimi bildirmişəm. Yəni çox geniş proqram hazırlanır” - dövlət başçısı əlavə edib. Prezident deyib ki, bizim bütün proqramlarımız bir qayda olaraq icra edilir: “Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik”.

Prezident: "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd  olmalıdır" - Ayna.az

Prezidentin çıxışı olduqca mühüm mesajdır və görünən budur ki, qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması məsələsi həllini tapanadək Prezident bu məsələni masadan kənara qoymayacaq. Ermənistanda da bunu çox yaxşı anlayırlar və fərqindədirlər ki, İlham Əliyev Qərbi Azərbaycandan bəhs edərkən zarafat etmir. 44 günlük müharibə, xüsusilə də Şuşanın azad edilməsi ermənilərə dərs oldu. Xüsusilə də müharibənin ilk günlərində “Şuşasız işimiz yarımçıq olar” - deməsi, bir ay sonra anons etdiyi taleyüklü məsələni həll etməklə tarix yazması erməniçiliyin belini qırdı. Odur ki, artıq prezident Əliyevin hər bir xəbərdarlığına tam fərqli bir yanaşmanı müşahidə edirik. Ermənilər artıq bu kimi mesajları zarafat kimi qəbul etmirlər, əksinə, hay-haray salırlar ki, guya Azərbaycan Ermənistanı məhv etməyə, onun torpaqlarını işğala hazırlaşır. Ancaq bunlar hələ də anlamaq istəmirlər ki, ermənilər Azərbaycan ərazilərində rahat yaşamaq istəyirlərsə, o halda qərbi azərbaycanlıların, bu torpaqların əzəli sahiblərinin də öz yurdlarına qayıdışı təmin edilməlidir. Əslində bu, ermənilərlə birgəyaşayış anlayışına da aid olan məsələdir. Qeyd etdiyimiz kimi, əgər ermənilər Xankəndidə yaşayacaqsa, təbii olaraq Ermənistandan deportasiya olunmuş soydaşlarımız da yurdlarına qayıtmalıdır. Bizim haqqımız həm də odur ki, ermənilər bölgəyə son 2-3 əsrdə gəlib, ancaq azərbaycanlılar indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycanda min illər boyu yaşayıblar. Bunun sübuta ehtiyacı da yoxdur. Bu il Laçın əhalisinin öz evlərinə qayıdışı baş verəcək, artıq bu barədə rəsmən açıqlama verilib. Həmçinin Qarabağ, Şərqi Zəngəzur yenidən tikildikcə, sakinlər yurduna dönəcək. Amma paralel qaydada dövlət başçımızın Qərbi Azərbaycanı Böyük Qayıdış üçün növbəti məntəqə elan etməsi düşmənlərin yuxusunu qaçırıb, xalqımızda böyük inam və əminlik yaradıb. Söhbət 5 milyonluq Qərbi Azərbaycan kökənli insanlarımızdan gedir... Prezident İlham Əliyev ötən ilin sonlarında Qərbi Azərbaycan İcmasının inzibati binasında, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zaman da bununla bağlı özünün şəxsi və ümumən dövlətin mövqeyini açıqlamışdı, bu məsələnin onun üçün nə qədər vacib mövzu olduğunu vurğulamışdı. Həmin görüşdə iştirak etmiş deputat, əslən Basarkeçər rayonunun Kiçik Məzrə kəndindən olan, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Yeni Müsavat”a açıqlamasında maraqlı fikirlər söylədi.

Məlahət İbrahimqızı: Paşinyanın məqaləsi Azərbaycana qarşı düşmənçilik  mövqeyində olan ölkənin baş nazirinin etirafıdır

Məlahət İbrahimqızı: “Bu çıxışın hər cümləsi Azərbaycan dövlətinin dəyişməz mövqeyi, yaxın gələcəkdə tarixi yurd yerlərimizə qayıtmağımıza, itirilmiş torpaqlarımız üzərində hüquqlarımızın bərpa ediləcəyinə ümid və əminliyin ifadəsidir”=

M.İbrahimqızı bildirdi ki, ötən il 24 dekabr tarixində möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz doğum günündə yeni yaradılmış Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və bir qrup taninmış ziyalılarla İcmanın binasında görüş keçirdi və tarixin qızıl səhifələrinə əbədi yazılmış fikirlərini Azərbaycan xalqına çatdırdı: “Həqiqətən mən heç bir mübaliğə etmədən demək istərdim ki, bu görüş və XXI üçün Azərbaycan xalqının vizionu olan bu çıxış həm də yaxın, orta və uzaq məsafə üçün strategiya və konsepsiyasıdır. Möhtərəm Prezidentimizin çıxışındakı bir sıra məsələlər iki gün əvvəl yerli televiziya kanallarına verdiyi müsahibədə daha geniş şəkildə öz əksini tapır. Bu məsələlərə keçməzdən öncə onu demək istərdim ki, Birinci  və İkinci Qarabağ savaşında 1000-dən çox şəhid vermiş Qərbi Azərbaycan, Azərbaycan adlı Ana Vətənimizin ayrılmaz, tarixi parçasıdır. Qərbi Azərbaycan tarixi xəyanətin qurbanı olmuş əcdadımızın məskəni və mədfənidir. Qərbi Azərbaycan onilliklər boyu deportasiyaya, etnik təmizləməyə, soyqırıma məruz qalmış yüz minlərlə soydaşlarımızın məcburi boşaldılmış və viran edilmiş tarixi yurd yerləridir. Qərbi Azərbaycana gedən yol Qarabağdan, Şuşadan, Xankəndidən, Laçından, Zəngilandan, Cəbrayıldan, Kəlbəcərdən keçir. Qarabağ işğaldan azad olmayınca, Qərbi Azərbaycana qayıdış haqqında danışmaq sadəlövhlük və utopiya olardı. Qarabağın həlli edilməsi isə Qərbi Azərbaycan qıfılının açarıdır”.

Deputat qeyd etdi ki, məhz 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə Qərbi Azərbaycan məsələsi də həlli mümkün olan aktuallığa çevrildi: “Ötən dövr ərzində möhtərəm Prezidentimiz təkcə Qarabağın işğaldan azad olunması ilə mübarizə aparmadı, ən mötəbər kürsülərdə və mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycan xalqının tarixi yurd yerləri olduğunu səsləndirməklə, Azərbaycan xalqının bu tarixi ədalətsizliklə barışmayacağını bəyan edirdi. Bu mesajlarla Qərbi Azərbaycanın Azərbaycan ictimaiyyətinin tarixi yaddaşında saxlanmasına çalışırdı. Qərbi Azərbaycan İcmasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə görüş Azərbaycan xalqının ruhən və mənən Qərbi Azərbaycana qayıdışı və görüşdəki çıxışı isə bu qayıdışın yol xəritəsidir. Bu çıxışın hər cümləsi Azərbaycan dövlətinin dəyişməz mövqeyi, yaxın gələcəkdə tarixi yurd yerlərimizə qayıtmağımıza, itirilmiş torpaqlarımız üzərində hüquqlarımızın bərpa ediləcəyinin umid və əminliyin ifadəsidir”.

M.İbrahimqızının sözlərinə görə, Prezidentimizin səsləndirdiyi kimi, Qarabağ uğrunda bir yumruq olan xalqımız Qərbi Azərbaycan məsələsinə də eyni mövqe göstəriləcəyinə inamdır: “Bu mənada tezliklə Qərbi Azərbaycana qayıtmağımız zamanın tələbidir. Möhtərəm Prezidentimiz də yerli televiziya kanallarının Qərbi Azərbaycanla bağlı verdiyi sualın cavabında konkret olaraq, "necə ki, Qarabağ mövzusu bütün xalqı birləşdirdi və biz istədiyimizə nail olduq, eyni yanaşmanı Qərbi Azərbaycan problemində görməliyik media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var, həm ölkə daxilində, həm də ölkə xaricində" fikirlərini səsləndirdi. Eyni zamanda dövlət başçımız “Qərbi azərbaycanlılar mütləq öz tarixi yurdlarına qayıdacaqlar və bu onların hüquqlarıdır” - deyərək 2023-cü ilin önəmli hədəflərindən biri kimi həm ölkə, həm bölgə, həm də beynəlxalq ictimaiyyət üçün də açıq mesajları vurğuladı. Əlbəttə, möhtərəm İlham Əliyev də dəfələrlə bunu bəyan edib ki, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq. Bunun üçün Qərbi Azərbaycan İcmasının, eləcə də hər bir azərbaycanlının üzərində məsuliyyət var. Bu gün açıq deməliyik ki, ötən 30 il ərzində Qarabağın azadlığı uğrunda dövlətimiz və dövlət başçımız nəinki ermənilərin təcavüzkarlıq siyasətinə qarşı, həmçinin bütün dünya erməniliyinə qarşı mübarizə aparırdı və indi də bu mübarizə davam edir".

Qəzetimizə açıqlamasında deputat bir məsələni xüsusilə vurğuladı və təəssüfünü ifadə etdi: “Çox təəssüf ki, ölkəmizin daxilində və xaricində olan "beşinci kolon" və onların havadarları da antimilli mövqedədirlər. Milli satqınlarımız eyni mövqeni bu gün Qərbi Azərbaycan məsələsində də göstərirlər. Bu mənada biz çalışmalıyıq ki, Dədə Qorqud kitabəsində qeyd edilmiş bütün toponimlərin mövcud olduğu Qərbi Azərbaycan torpaqlarının hər birimizin Ana Vətəni olan Azərbaycanın ayrılmaz parçası olduğunu hər bir vətəndaşlmız, xüsusilə gənc nəslin yaddaşına həkk olunsun və bu haqlı mübarizəyə inansın. Çünki insan ancaq inandığı mübarizədə qələbə qazana bilər. Daha konkret, ölkə və ölkə xaricində tarixi gerçəkliklərin ciddi təbliğatının aparılması ən vacib şərtlərdən biridir. Bunun üçün də bizim əlimizdə kifayət qədər dəlillər var. Qərbi Azərbaycan tarixi ilə bağlı çoxsaylı xarici alimlər tərəfindən yazılmış əsərlər müxtəlif dillərə, eləcə də Azərbaycan dilinə tərcümə edilərək təbliğ edilməlidir. Biz azərbaycanlıların Qərbi Azərbaycanda tarixən mövcudluğumuzu sübut etməyimiz üçün xalqımızın o torpaqlarda əsrlər boyu yaratmış olduğu qeyri-maddi və mənəvi irsi təbliğ etməliyik. Bu mənada milli mədəniyyətimizə Qərbi Azərbaycan məktəbi tərəfindən verilmiş çoxsaylı töhfələr toplanmalı və müvafiq beynəlxalq təşkilatlara təqdim edilməli və onlar tərəfindən qəbul etdirilməlidir".

Deputat qeyd etdi ki, bununla bağlı QAİ-nın bütün qurumları, eləcə də Qadınlar Şurasının görməli olduğu kifayət qədər işlər var: “Sözsüz ki, QAİ, onun ayrı-ayrı qurumları eləcə də konkret, ardıcıl və sistemli Fəaliyyət Planı əsasında fəaliyyət göstərəcək. Əminik ki, Qarabağın azadlığı uğrunda və möhtəşəm Zəfər qazanmış Azərbaycan xalqı hər birimiz üçün milli məsələ olan Qərbi Azərbaycana qayıdış yolunda, öz haqlı mübarizəsində qələbə qazanacaq”.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.128780