Saat:01:56
Haqqımızda

Prezident nə vaxt “ƏZİZ TƏRTƏR, SƏN AZADSAN!” deyəcək?

2023-05-31 13:22:00

Prezident nə vaxt “ƏZİZ TƏRTƏR, SƏN AZADSAN!” deyəcək?

Abid Qafarovun da, hamımızın da azadlığı bu deyimdən asılıdır

Tərtər soyqırımından, millətə, xalqa “vətən xainlərinin bəlirlənməsi” kimi sırınan tükürpədici, dəhşətli cinayət(lər)dən 6 il keçir. Hələ də ordunun, hüquq mühafizə orqanları adı ilə hüquq pozucularının  xalqa, əsgərə, zabitə qanlı terroru, şərəfsizliyi hüquqi qiymətini almayıb. Əksinə, bu cinayəti işıqlandıranlar “üzəduranlıq xidməti” ilə məhbəslə cəzalandırılıblar.

Tanınmış jurnalist, yazıçı, Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun “müti” sözünə görə bir illik məhbəslə “ödülləndirilməsi” də Tərtər cinayətinə biganə qala bilməzliyindən qaynaqlanır. Yəqin, onun televiziya ekranından ana-bacılarımıza edilən şərəfsizliyə hönkürtü ilə reaksiya verməsi unudulmaz.

16.02.2023-cü ildə Ali Məhkəmə aşağı instansiyanın Abid Qafarovun barəsində olan hökmünü ləğv edib və işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. “Tısbağa sürəti” ilə hərəkət edən apellyasiya instansiyası, axırı 25.05.2023-cü ildə iclas təyin edib və... ittiham tərəfinin gəlməməsi bəhanəsilə (buna bəhanədən başqa ad vermək mümkün deyil, nədən prosessual qanunvericilikdə belə “əsas” nəzərdə tutulmayıb ) baxışı 01.06.2023-cü ilədək ertələyib . Süründürməçiliyin “tısbağa gedişi”! Neyləmək olar,  etiraz hüququmuz yox, dinlənilmək hüququmuz yox; çox o yan – bu yan edərik, heç baxmazlar, 43 gündən sonra bir ilin tamamında yeni suç, yeni cəza icad edərlər( Meşədə tısbağanın marketə içki almağa göndərilməsi barədə gülməcə yadıma düşdü. Tısbağanın göndərilməsindən xeyli keçir, başlayırlar deyinməyə ki, harda qaldı bu yaramaz və s. Tısbağa otların içindən başını qaldırır ki, bir də söysəniz, heç getməyəcəm).

1 iyun -uşaqların beynəlxalq müdafiəsi günüdür. Abid Qafarovun dörd körpə uşağına ən böyük hədiyyə atalarını azadlıqda görmək olar. Onsuz da Abid bəyin üzərində qurulan bu məhkəmə gerçəkdə hakim vicdanlarının həbsi deməkdir. Birinci növbədə vicdanlar həbsdən azad edilməlidir.

Vicdanın azadlığı Konstitusiya ilə məhkəmə müstəqilliyinin təminatçısı rolunu daşıyan Azərbaycan Respublikası Prezidentinin “MƏHKƏMƏ, SƏN AZADSAN!” , “VİCDAN, SƏN AZADSAN!”  sözlərindən keçir. Onda biz Abid Qafarovun da, digər vicdansızcasına həbs edilənlərin də azadlığını görərik.

Prezident haçan “ƏZİZ TƏRTƏR, SƏN AZADSAN!” deyəcək? Gözümüz yolda, qulağımız səsdə...

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR