Saat:07:01
Haqqımızda

Prezident Administrasiyasının vətəndaş qəbul mərkəzində 1-ci dərəcəli Qarabağ qazisinə zor tətbiq edilib

2023-06-01 12:36:00

Prezident Administrasiyasının vətəndaş qəbul mərkəzində 1-ci dərəcəli Qarabağ qazisinə zor tətbiq edilib

Qəbula yaz(may)an Səmayə Əliyeva kimin sifarişi ilə əlilin hüququna qadağa qoyub?

Müraciət etmək hüququ, inzibati və məhkəmə təminatı , özbaşınalıqdan müdafiə və vicdanlı davranış  hüququ kimi Konstitusiya ilə təminat verilən əsas insan və vətəndaş hüquqlarındandır və bu hüquqa Ana Qanunun 71-ci maddəsinə görə heç kəs qadağa qoya bilməz. Nə yazıq, bizdə hakimiyyətin xalqdan qaynaqlandığı da unudulub, dövlətin ali məqsədinin vətəndaşın layiqli həyat səviyyəsini, insanın hüquq və azadlıqlarını təmin etmək olması da. Əsas insan və vətəndaş hüquq və azadlıqlarındansa heç danışmağa dəyməz. Hərbi güc qurumları, polis məhkəməsiz insanı, vətəndaşı linç edər, hətta məhkəmənin azad etdiyi şəxsi elə məhkəmə zalında həbs edər, sosial təminat orqanları məhkəmə qərarı olmadan hətta məhkəmə qərarı ilə ayrılan  pensiyanı kəsər...

Bu sətirlərin yazarının məhkəmə təminatı hüququna qadağa qoyulması ilə bağlı Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri,  MHŞ üzvü Fuad Ələsgərovun qəbuluna yazılmaq hüququna 9 aydır qadağa qoyulub. Təsəvvür edin, artıq 15-ci ilə keçdi, Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli iki  (!!) qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ əlilinə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri -yaşayış otaqlarını - əlilin , vətəndaşın daşınmaz  əmlakını  borclular ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri ələ keçirib , özünü isə üç dəfə  (??) evindən alt paltarında 39 dərəcə qızdırma içində polisdə işgəncəyə uğradıb , məhkəməsiz azadlıqdan məhrum ediblər. Sonuncu dəfə 03.09.2022-ci ildə Nizami RPİ-nin 24-cü Polis Şöbəsi 66 yaşlı 1-ci dərəcəli Qarabağ əlilinə işgəncə verib, 9 qabırğasını sındırmaqla, ağ ciyərində hematoma əmələ gətirməklə, açıq – qapalı baş beyin travması vurmaqla yetərlənməyib, üstəlik əlili tibbi yardımdan da məhrum edərək, yaralı durumda işgəncə kamerasında qoluqandallı  saxlayıb , evində axtarış adına qiymətli əşyaları, sənədləri, dərs vəsaiti noutbuku – daşınar əmlakını atalarının malı kimi  05.09.2023-cü ildə götürüblər. PA -nın şöbə müdirinin qəbuluna yazmaqdansa imtina edilib ki, şöbə müdiri 6 aydan bir qəbul edir! (?) Bəs yazılı müraciətə nə deyirsiniz? Nə yazıq, müraciət xidməti pulludur və sifarişlə göndərilən məktub da PA-ya daxil olandan sonra “yoxa çıxıb”.

Məhkəmə təminatı hüququna daha bir qadağa: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin  (qərarı qəbul etmiş Şərafət Məmmədova və Aygün Abdullayeva) 20.06.2016 tarixli 1-ci dərəcəli Qarabağ əlilinin on nəfərlik ailəsinin mənzillə təmin olunması öhdəliyinin ƏƏSMN Dövlət Sosial Təminat Xidmətinin  ( hazırda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin) üzərinə qoyulması haqqında qərarının icrasını məhkəmənin özü 7 ildir qərəzlə təmin etmir, heç indiyədək icraya da yönəltməkdən borclunun rüşvət paketi ilə imtina edir.

Son xidmət yerim olan DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi hərbi qanunvericiliyin tələblərinə qarşı çıxaraq nə işdənçıxarma pulu, nə geyim əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi, nə sanatoriya yollayışı və əvəzində kompensasiya verib, nə rütbəm artıb, nə vəzifəm düzgün qeyd edilib (döyüş komandirinə olmayan kimya müdafiəçisi vəzifəsi yazılıb), 1978-dən leytenant hərbi rütbəsi daşıyan 45 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı bildirilərək, xidmət illəri düzgün hesablanmır, nə tibbi təminat, mənzil təminatı və digər güzəştlər tətbiq edilir. MƏHKƏMƏ TƏMİNATI HÜQUQUNA DA İDDİA MÜDDƏTİNİ ÖTÜRMƏK ADI İLƏ QADAĞA QOYULUB. Halbuki, əmək, pensiya təminatı hüququna iddia müddəti tətbiq edilmir. Son 6 ildə  İDDİANIN MÜMKÜN SAYILMAMASI HAQQINDA ŞƏKİ İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİNİN 15.02.2019 tarixli saxta  QƏRARDADI ilə məhkəmə təminatı hüququna qadağanı sürdürürlər. Halbuki, 1-cisi, 15.02.2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində qərar qəbul edilmədiyini , iclasın növbəti tarixə təyin edildiyini “e -məhkəmə” sistemi  sübut edir; 2-cisi, Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 bəndinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad , yenidən mümkünlük şərtlərinə əməl etməklə, eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin kimdir Ali Məhkəmənin qərarını,  Konstitusiyanı saya salan, məhkəmənin saydığı Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü, fərdi vəkil Əlirza Həbilovun DİN-in adından məhkəməyə qeyri-prosessual sifarişidir. Bu vəkil peşə kodeksini, etikasını pozaraq 6 ildir DİN-in vəkili və nümayəndəsi kimi məhkəmə işlərinə çıxır və məhkəmələrlə qeyri-prosessual münasibətə girərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli saxta qərardadını Konstitusiya aktı kimi qəbul etdirir. Özbaşınalıq o həddədir ki, bu saxta qərardadı iş üzrə tərəf olmayan ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da məhkəmə təminatı hüququna qadağa kimi sırıyır. Bakı İnzibati Məhkəməsi  (hakim Orxan Həsənov ) bir ildən sonra apellyasiya instansiyasına göndərdiyi DİN-ə və DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddianı bu əsasla mümkün saymayıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardadı qətidir, heç bir qurum tərəfindən təfsir oluna bilməz , şikayət verilə bilməz, Konstitusiyadan da  üstündür  .(??) Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifovdan ibarət heyəti də Şəki “dövlətinin” qərardadını Ali Məhkəmə Plenumunun qərarından,  Konstitusiyadan üstün tutub, ümumiyyətlə, işi apellyasiya baxışından çıxarıb. Hər iki instansiya tərəflərin hüquq bərabərliyi prinsipini pozaraq,  iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasından imtina edib, amma qarşı tərəf Vəkillər Kollegiyası səviyyəsində dövlət hesabına vəkillə təmin olunub. Əlirza Həbilov indi DİN-in nümayəndəsi kimi 3 ilin vəkili Orxan Qılman oğlu Babayevi etibarnaməsi olmadan məhkəmə işlərinə göndərir. Qanunun aliliyinə, hüququn üstünlüyünə baxın, VƏKİL DÖVLƏT HESABINA DÖVLƏT ORQANINA XİDMƏT GÖSTƏRİR , 1-ci dərəcəli Qarabağ əlilinə isə dövlət hesabına hüquqi yardımdan imtina edilir! (?) Əcəb hüquqi, demokratik dövlətdir!

Məhkəmə təminatı hüququna qadağanı elə məhkəmənin özünün  (də) qoymasından son çıxış yolu kimi Prezident Administrasiyasına üz tutmağı seçdim. Təsəvvür edin,  DİN Daxili Qoşunları Prezidentə, məhkəməyə müraciət etdiyinə görə 1-ci dərəcəli Qarabağ əlilindən MƏHKƏMƏ YOLU İLƏ 30 MİLYON MANAT TƏLƏB EDİR, pensiyanı ödəyən XÜSUSİ ŞƏRTLƏRLƏ TƏYİNAT ÜZRƏ MƏRKƏZİ FİLİALI 6 İL QABAQ 05.07.2017 TARİXLİ 2-1 (81)-1889/17 SAYLI QƏRARLA PENSİYAYA ƏLAVƏ OLUNAN 110 MANATI KƏSİB, PENSİYANI 138.79 MANAT AZ HESABLAYIR! (?) 1-ci dərəcəli Qarabağ əlili məhkəməyə müraciət edir ki, pensiyası düzgün hesablansın, artsın, əksinə, biri 30 milyon tələb edir,  o biri daha da azaldır. (?)

12.05.2019-cu ildə PA-nın 1111 çağrı mərkəzinə zəng sonucu Prezident Administrasiyasının Vətəndaşların qəbulu mərkəzində qəbula yazılmağımı bildirdilər. 39-cu otaqda xidmət edən xanım Səmayə Əliyeva Fuad Ələsgərovun mayın 16-da olacaq qəbul planının dolduğunu  (?) bildirib, ayın sonuncu dördüncü günü gəlməyi məsləhət gördü. Deyilən vaxtda - 25.05.2023-cü ildə 39-cu otaqda “saat 12-dək gəlməli idin, 20 dəqiqə  gecikmisən” ittihamı ilə üzləşib, iyun ayında qəbula yazılmağımı dilədim. Qəbul cədvəlinin bəlirlənməsindən sonra 30.05.2023-cü ildə Prezidentin hüquqi mühafizə orqanları ilə iş şöbəsinin və hərbi məsələlər şöbəsinin müdir(lər)inin qəbuluna yazılmağa getdim. Növbə nömrəmi  (C-0029) götürüb, monitoru izləməyə başladım. Nömrəm 39-cu otağı nişan verəndə mərkəzin nəvəm yerində olan könüllüləri ilə birgə liftlə 3-cü qata qalxdıq. Bu zaman monitorda 30-cu nömrənin işıqlandığını  gördüm və könüllüyə gələn zəngdən sonra mənim nömrəmin “yandığı” və bu səbəbdən qəbula yazılmaq hüququma qadağa qoyulduğu bildirildi. İnsana, vətəndaşa, əlilə sayğısızlığa, açıq-aşkar diskriminasiyaya baxın, Səmayə Əliyeva 39-cu otaqda kompüterin ekranında adımı görən kimi, növbəmi “yandırır”, məndən sonrakı 30-cu nömrənin yiyəsini çağırır. “Könüllü -könülsüz” xidmətçilərin “mühasirəsindən” çıxıb, 39-cu otağa girdim və Səmayə xanımdan 1-ci dərəcəli Qarabağ qazisinə qərəzi, ayrı-seçkiliyi kimin sifariş etdiyini soruşdum. “Könüllü” nəvələrim” arxamca tökülüşüb, zorakılıqla çıxarmaq istədilər , dartışdırdılar . Polis naryadını çağırmağı məsləhət gördüm. Prezidentin mühafizə xidmətinin zabitini çağırdılar, yaxşı ki obyektiv adam oldu, sənədlərimi yoxlayıb, qəbula yazılmaq hüququmun qanuni olduğunu dedi.

Hələ də özümə gələ bilmirəm bu ilgidən. İçdən ağrıyıram, sındım. Mənim suçum nədir ?Almaz İldırımı sayğı ilə,  ağrılarla  anıram:

Mən nə üçün qəribəm bu doğma eldə

Məhbəsmi dörd yanım, mən ki boğuldum.

Məlun bir zamanda, məhkum bir ildə

Allahım, mən neyçin şair doğuldum?

Məğrur BƏDƏLSOY

P. S. Prezident Administrasiyasının Vətəndaşların qəbulu mərkəzi məhkəmədə cavab verəcək. Məhkəmə təminatı hüququna qadağa qoyulmasa. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR