Saat:01:41
Haqqımızda

Prezident 6 aylıq nəticələrdən razıdır - iqtisadiyyat tənəzzüldən çıxır, amma...

2021-07-24 10:56:00

Prezident 6 aylıq nəticələrdən razıdır - iqtisadiyyat tənəzzüldən çıxır, amma...

Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxmağa başlayıb. Regionlara səfərdən sonra AZTV-yə müsahibə verən Prezident İlham Əliyev bu barədə danışaraq ilin ilk yarısının iqtisadi yekunlarını müsbət qiymətləndirdiyini bildirib.

“Çünki altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq, görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”, - deyə ölkə başçısı qeyd edib.

Prezident diqqəti sənaye istehsalındakı vəziyyətə cəlb edib: “Əgər sənaye istehsalına fikir versək görərik ki, sənaye istehsalı 0,3 faiz azalıb. Amma bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir. Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi - təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istədiyimiz qədər inkişaf edə bilməz”.

İlham Əliyev bildirib ki, inflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır - 4,3 faiz: “Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, - çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, - bu artım 1,7 milyard dollar olacaqdı. Yəni biz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir. Yəni bu, nəyi göstərir? Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik. Lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da ki, hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, artım qeyri-neft-qaz sənayesində 16,6 faiz, bitkiçilikdə 8,9 faiz, heyvandarlıqda 2,4 faiz, informasiya və rabitə xidmətlərində 5,5 faiz və pərakəndə ticarət dövriyyəsində 1,7 faiz olub: “Bu il dünyada sənaye artımı 3,5 faiz proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6 faiz artması təqdirəlayiqdir. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir. Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalıb, inflyasiya isə 4,3 faizə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, məzənnə, pul təklifi və faiz dərəcələrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Həm dövlət büdcəsinin, həm də cari əməliyyatlar hesabının profisitdə olması, həmçinin strateji valyuta ehtiyatlarının dövlətin xarici borcunu altı dəfə üstələməsi makroiqtisadi sabitliyin fundamental əsasları sayıla bilər. Qeyri-neft sektoru üzrə ixrac ilk beş ayda 25,8 faiz və Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorundan ilk altı ayda 9,5 faiz artıb. Fiskal və monetar siyasətin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir”.

Vüsal Qasımlı: “Yeni format iqtisadi baxımdan böyük potensial vəd edir”

Vüsal Qasımlı: “Bundan sonra iqtisadi siyasətin hədəfi iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır”

V.Qasımlının fikrincə, Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir: “Artıq Qarabağda minalardan təmizlənmə yeni vüsət alıb, müasir şəhərsalma prosesi tam sürətlə gedir, ”ağıllı yaşayış" məntəqələri salınır, aqrobiznes, dağ-mədən, tikinti, nəqliyyat-logistika, xidmət sferaları bərpa olunur. İşğaldan azad olunan ərazilərdə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları regional ixtisaslaşmanı dərinləşdirməklə, idarəetmənin səmərəliliyinin artırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətlidir. Xüsusən Şərqi-Zəngəzurun nəqliyyat-logistika qovşağı kimi “Zəngəzur dəhlizi” perspektivi ilə tamamlayıcı olmasının böyük siyasi, iqtisadi və tarixi əhəmiyyəti var".

V.Qasımlının sözlərinə görə, Azərbaycanın maliyyə-bank sektorunda böhrandan sonra sabitləşmə davam edir, likvidlik və kapital adekvatlığı yüksək səviyyədədir: “İlin əvvəlindən kredit qoyuluşları 3,3 faiz, depozitlər 7,7 faiz, əhalinin əmanətləri 5,3 faiz və bankların xalis xarici aktivləri 10,3 faiz artıb.  Bu il pul siyasətinin əsas istiqamətləri manatın və qiymətlərin sabitliyi, monetar siyasətin effektivliyi, maliyyə sektorunun sabitliyinin təmin edilməsi və requlyativ güzəştlərdən istifadə etməklə iqtisadiyyatın post-pandemiya dövründə canlanmasına dəstək verməkdir”.

V.Qasımlı deyib ki, ölkənin post-konflikt quruculuğu beynəlxalq miqyasda da yüksək qiymətləndirilib: “Bu il Azərbaycan ”Doing Business" hesabatında 34-cü yerdən 28-ci yerə, “İqtisadi azadlıq indeksi” hesabatında 44-cü yerdən 38-ci yerə və “Qlobal kibertəhlükəsizlik” hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlib. IMF-nin missiyası hesab edir ki, Azərbaycan hökuməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır".

İqtisadçı-alim Elşad Məmmədovun fikrincə, ilk yarımildə ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatda artım qeydə alınsa da, bir sıra dərin problemlər həll olunmamış qalır: “Bu problemlərin əsas səbəblərinin təhlilinə böyük ehtiyac var. Əslində iqtisadi göstəricilərdə biz bunun real mənzərəsini görə bilərik. Belə ki, dövlət başçısının qoyduğu hədəflər real sektorun maliyyələşdirilməsi, investisiya artımının təmin edilməsi olsa da, hökumətin iqtisadi bloku, Mərkəzi Bank bu hədəflərin reallaşdırılması ilə bağlı ciddi nəticə əldə edə bilmir. Biz 2020-ci ildə ölkə iqtisadiyyatına kapital qoyuluşunun, investisiyaların xeyli dərəcədə azalmasının şahidi olduq. İnvestisiyalar azaldığı halda isə dayanıqlı iqtisadi artımı təmin etmək mümkün deyil. Bu, iqtisadiyyatın, iqtisad elminin əlifbasıdır. Bu sahəyə məsul olan dövlət qurumları, təəssüf olsun ki, effektiv fəaliyyəti qura bilmirlər”.

Zəngəzur dəhlizinin iqtisadi faydaları - ekspertlərdən maraqlı açıqlamalar

Elşad Məmmədov: “Bəzi qurumlar Prezidentin qoyduğu hədəflərə çatmaq üçün yetərincə səy göstərmirlər”

İqtisadçı-alimin fikrincə, xüsusilə İqtisadiyyat Nazirliyinin fəaliyyətində koordinasiya yetərli səviyyədə deyil: “Biz faktiki olaraq investisiyaları azalmasının səbəblərini xeyli dərəcədə bu qurumdan soruşmalıyıq. İnvestisiyalar azalırsa, makroiqtisadi sabitliyi dayanıqlı hala gətirmək mümkün deyil. Eyni zamanda ölkədə büdcə siysətinə ciddi korrektələr edilməlidir. Büdcə xərcləmələrinin artması iqtisadiyyatın artımı ilə səsləşmir. Yəni büdcə xərcləmələri iqtisadiyyatın əsas təkanverici amillərindən biri olmalıdır, biz Azərbaycanda bunu müşahidə etmirik. Dövlət başçısı keçən ilin elə bu vaxtlarda iri şirkətlərin fəaliyyətini kəskin tənqid etmişdi. Bu gün SOCAR-da həyata keçirilən islahatlar məhz həmin tənqidin nəticəsidir. Halbuki şirkətin fəaliyyəti elə qurulmalıydı ki, ölkə prezidenti bu məsələyə müdaxilə etmək məcburiyyətində qalmayaydı. İqtisadiyyatda aparıcı funksiyaya malik qurumların az qala hamısının əsas vəzifələri Prezidentin üzərinə yüklənir. Bütün işləri Prezident görəcəkdisə, onda bu qurumların rəhbərlərinin işi nədir? Dövlət başçısının üzərində xarici siyasətin həyata keçirilməsi kimi ağır bir iş var. İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, digər qurumların işini Prezidentin üzərinə qoymaqla haraya qədər getmək olacaq?”

E.Məmmədov hesab edir ki, iqtisadi blokda aparıcı mövqeyə malik bütün qurumların fəaliyyətinin səmərəliliyi qiymətləndirilməlidir: “Bu qiymətləndirmədən sonra onların hər birinin üzərinə konkret və ölçülə bilən işlər qoyulmalı, icrasına ciddi nəzarət olunmalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR