Saat:11:40
Haqqımızda

Postmüharibə siyasətində yeni mərhələ başlayırmı?

2021-09-22 15:31:00

Postmüharibə siyasətində yeni mərhələ başlayırmı?

2016-cı il aprel döyüşlərindən sonra Ermənistan 21 sentyabr müstəqillik gününü təntənəli qeyd edib, ilk dəfə  meydanda “ İsgəndər” raketlərini nümayiş etdirmişdi. O vaxt apreldə bir neçə yüz hektarın itirilməsindən sonra, Rusiya ermənilərin etimadını qazanmaq üçün heç bir dövlətə vermədiyi raketlərini hədiyyə edib, bu yolla müttəfiqliyini kompensassiya etmişdi. Bu ilki müstəqillik günü ermənilərin ağır məğlubiyyətdən sonra qeyd etdiyi tarixi gündür. Bu dəfə hərbi parad kiçik bir əsgər bölüyünün marşı ilə kifayətləndi. Amma, düşmən aldığı “dərs”dən nəticə çıxarmaq əvəzinə iddialarından geri çəkilmədiklərini həm prezident Sarkisyanın, həm də baş nazir Paşinyanın çıxışlarında nümayiş etdirdilər. Söhbət onların millətə ürək-dirək verməyindən, gələcəyə nikbin baxmaq haqqında təbliğatlardan getmir. Məsələ burasındadır ki, hansısa siyasi şərhçi və ya media nümayəndəsi deyil, düşmənin başçıları Azərbaycan torpaqlarını bir daha özlərininki elan etdilər.  

Prezident Armen Sarkisyanın çıxışındakı “ ...vətənimiz Ermənistanı və Artsaxı təhlükəsiz və çiçəklənən etmək məqsədilə real addımlar atılmalıdır”. Qarabağın təhlükəsizliyini təmin etmək deyəndə Sarkisyanın nəyi nəzərdə tutduğu məlumdur – yəni, Azərbaycan “təhlükəsi” və qarşısının alınması” . 

Guya son vaxtlar mülayim mesajlar verən Nikol Paşinyanın çıxışı isə daha radikaldır. Paşinyan:” İgidlər Ermənistan və Artsax üçün öldülər. Neçə ki, iki erməni dövləti mövcuddur, qəhrəmanlar sağdırlar”. Qarabağdakı separatçı rejimi yalnız Paşinyan deyil, bütün ermənilər “ikinci erməni dövləti” kimi təqdim edirlər, müharibədən əvvəl də, indi də. 

Erməni rəhbərlərinin bəyanatlarını ona görə xatırlatdıq ki, düşmən “sülh danışıqları” adı altında manipulyasiya edir, real addım atmaq əvəzinə zamanı uzatmaq siyasəti aparır, çünki məqsədləri sülh müqaviləsi bağlamaq deyil. Nə sərhədlərin müəyyənləşməsində, nə də 10 noyabr üçtərəfli razılaşmanın tələblərini yerinə yetirmək istiqamətində bir ilə yaxındır ki, düşmən heç bir real addım atmayıb. Zəngəzur dəhlizi isə, ümumiyyətlə yaxına buraxılmır. 

Ermənistanın yaxın gələcəyinin suallar altında olması reallıqdır. Yüz illərdir yalan və saxta ideologiya ilə beyinləri dolmuş bir millət 44 gündə darmadağın olandan sonra dərin psixoloji böhran içərisindədir, sabahları qeyri-müəəyəndir. Amma, diaspora, kilsə və havadar ölkələr bu əzilmiş və yıpranmış milləti hələ də iddialarında qalmağa sövq edirlər. Elə buna görə də, yas kimi qeyd etdikləri bayramlarında, bizim torpaqlarda dövlət qurduqlarına özlərini inandırmağa çalışırlar. Bunlar aydındır. Bəs, biz nələri etməmişik ki, qalib dövlət qarşısında məğlub olan erməninin hələ də “ikinci erməni dövləti” reveransları davam edir? 

Qarabağın bir hissəsi, o ərazi ki, oranı düşmən “ikinci erməni dövləti” sayır, hələ də düşmənin işğalı altındadır. Düşmənə birinci olaraq bu vəziyyət ruh verir, ikincisi isə bu ərazidə müvəqqəti yerləşən Rusiya silahlı qüvvələri. Sonuncuların müvəqqəti statusunun zaman kəsimi hər kəsdə bir şübhə yaradır – bu müvəqqətiliyin sonu ən azı 10 noyabr bəyanatında göstərilən vaxtda bitəcəkmi? 

Keçmiş Dağlıq Qarabağın nəzarət etmədiyimiz hissəsi, üstəlik Laçın rayonunun dəhliz boyu əraziləri ilə bağlı postmüharibə dövrü siyasətimizi aktiv hesab etmək olmur. Elə bu passivlik və ya bəyanatda əksini tapmayan hansısa danışıq, düşmənə bu cür bəyanatlar verməyə şərait yaradıb və bizi sanki növbəti uzunmüddətli qeyri-müəyyənliyə doğru aparır. Həm də, bu vəziyyətdən üçüncü dövlət(lər) də öz siyasi və iqtisadi maraqları üçün yararlanır. Əgər biz Laçın istiqamətindəki dövlət sərhədinə nəzarət etmiş olsaydıq, yəqin İran risk edib Xankəndinə yük aparmazdı. Başqaları da tez-tez sərhədi keçib ideoloji təxribatlarını davam etdirməzdilər. Bir sözlə, keçmiş Dağlıq Qarabağın düşmən əlində qalan hissəsi ilə bağlı rəsmi siyasətimizdə konkret addımlar real olaraq atılmasa, gələn müstəqillik günündə Paşinyanla Sarkisyan “Artsaxın təhlükəsizliyinin artıq təmin olunmasından, çiçəklənməsindən” danışacaqlar.

44 günlük müharibənin və qələbəmizin ildönümünə 47 gün qalıb. Müharibə günlərini bir daha xatırlayıb, şəhidlərimizi yad edəcək, 8 noyabrı isə təntənəli şəkildə bayram edəcəyik. 30 il Qarabağ rayonlarının işğal günlərini  yada saldıq, indi isə azad edildikləri günlər bizim üçün bayram olacaq və o günlərin coşqusunu bir daha yaşayacağıq. Bu coşqunu bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə şəfa arzulayacağıq. Amma, işimiz bununla yekunlaşmır. 

Siyasət birbaşa Qarabağın azad olunmayan hissəsinə istiqamətlənməli, zəruri olan diplomatik addımlar atılmalıdır. Rəsmi mövqelərimiz bildirilməli, ardınca tələb olunmalıdır. Keçmiş Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının doğma yurdlarına qayıtmaq məqsədilə beynəlxalq təşkilatlara müraciətləri başlanmalı və intensiv xarakter almalıdır. 10 noyabr bəyanatının erməni silahlı birləşmələri haqqında bəndi yerinə yetirilməlidir. Keçmiş Dağlıq Qarabağla əlaqədar rəsmi mövqelərimizin səslənməsi düşmənə zərbə olacaq və bu vəziyyət azad olunmuş torpaqlarda quruculuq işlərinin və məskunlaşmanın inkişafına stimul verəcək. Bu siyasi addımlar düşmənin digər məsələlərə də yanaşmasında dəyişikliyə gətirəcək. Qarabağdan başlanan aktivlik sərhədlərin delimitasiyasını və demarkasiyasını da sürətləndirəcək və Zəngəzur dəhlizi ilə əlaqədar pozitiv qərarlar verməyə məcbur olacaqlar. Aydındır ki, deyilənlər asanlıqla başa gəlmir, amma bir yerdən başlamaq lazımdır. Bir real nəticə olandan sonra qalanı corab sapı kimi söküləcək. Düşməni tanıdığımız üçün bunu inamla deyə bilərik. moderatoraz

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR