Saat:18:05
Haqqımızda

Politoloq: “Atəşkəs rejiminin müntəzəm pozulması yenə antiterror əməliyyatının keçirilməsinə əsas yaradır”

2022-08-13 21:05:00

Politoloq: “Atəşkəs rejiminin müntəzəm pozulması yenə antiterror əməliyyatının keçirilməsinə əsas yaradır”

“Ermənistan ordusu tərəfindən həm sərhədlərdə, həm də hal-hazırda Qarabağ ərazisində qalan hərbi birləşmələr tərəfindən atəşkəs rejiminin pozulması qəbuledilməz hallardır. Azərbaycan Ordusu bu tipli hərəkətlərin cavabını qətiyyətli şəkildə verir. Atəşkəs rejiminin müntəzəm pozulması əlbəttə ki, Azərbaycanı müxtəlif addımlar atmağa, o cümlədən antiterror əməliyyatları keçirtməsi üçün əsaslar yaradır”.

Hurriyyet.az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Politoloq qeyd edib ki, yaxın bir neçə gün əvvəl də bunun şahidi olduq:

“Bu yaxınlarda Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması, o cümlədən Azərbaycan hərbi qulluqçusunun şəhid edilməsinin Ermənistan üçün hansı nəticələrə gətirdiyinin şahidi olduq. Azərbaycanın hər zaman belə əsasları var və bu əməliyyatları həyata keçirtmək üçün əsaslar hər zaman var. Bu əsaslar Ermənistan tərəfindən 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməməsi ilə bağlıdır. 



Bilirsiniz ki, şərtlərdən biri də erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması məsələsidir. Bu, Azərbaycan tərəfindən konkret olaraq həyata keçirilməsi tələb edilən şərtlərdəndir. Ölkə başçısı da dünən bu məsələlərə toxundu. Bildirdi ki, Azərbaycan Ordusu tərəfindən istənilən təxribata cavab verməyə hazırdır. Hər bir əməliyyatın, o cümlədən antiterror əməliyyatının da özünün hədəfləri olur ki, ehtiyac olduğu zaman bu əməliyyatlar həyata keçirilir”. 

“Hazırda ermənilərin qarşısına qoyulan əsas tələblər birincisi Laçın yoluna alternativ yeni yolun artıq hazır olması ilə bağlı ayın sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini tərk etmələri ilə bağlıdır. Bilirsiniz ki, orada işğal dövründə qeyri-qanuni məskunlaşma həyata keçirilib. Azərbaycanın tələbi ilə ayın sonuna qədər orada yerləşdirilən ermənilər həmin yaşayış məntəqələrini tərk etməlidirlər. İkincisi isə hal-hazırda Rusiya sülhməramlıların fəaliyyət göstərdiyi ərazilərdə qalmaqda olan erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması və tərkisilah edilməsi məsələləridir. 

Düşünürəm ki, əgər bu məsələlər yenə də ləngilədiləcəksə və həyata keçirilməsinə əngəllər törədiləcəksə ermənilər tərəfindən, o zaman Azərbaycan məqsədəuyğun hesab etdiyi halda antiterror əməliyyatlarını həyata keçirdə bilər. Bu hüquq Azərbaycandadır. Azərbaycan siyasi rəhbərliyi ehtiyac duyduğu zaman və Ermənistan tərəfindən proseslərə yenə də əngəl törədildiyi zaman yenidən həyata keçirilə bilər”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR