"Politologiya təhsili olmayan birinin "mən politoloqam" deməyə haqqı yoxdur" - TURAN RZAYEV
"Hesab edirəm ki, politoloq olmaq, efirlərə çıxış əldə etmək bu qədər asan, əlçatan olmamalıdır, ona görə də bu sahədə müvafiq kriteriyaların tətbiqinə, habelə sertifikasiyaya ehtiyac var"
"Azərbaycanda politoloq, siyasi şərhçi, siyasi ekpsert, siyasi təhlilçi, analitik (əslində hamısı eynidir) olmaq çox asandır. Xüsusilə də dünya gündəmini izləyə bilir, baş verən hadisələrdən nəticə çıxarır və bunu maraqla təqdim edə bilirsənsə, yuxarıda qeyd etdiklərimdən biri olursan. Halbuki politoloq olmaq, efirlərə çıxış əldə etmək bu qədər asan, əlçatan olmamalıdır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Turan Rzayev bildirib.
Turan Rzayevin fikrincə, politologiya təhsili olmayan birinin "mən politoloqam" deməyə haqqı yoxdur: "Diqqət edirəm, bu vəziyyətdən jurnalistlər də, tamaşaçılar da narahatdır. Tamaşaçının tənqidi başqa cürdür, jurnalistin tənqidi tamam başqa cür. Şübhəsiz, ölkədə çox savadlı, uzaqgörən təhlilləri sevilərək oxunan, proqnozları özünü doğruldan, bu sahədə saçını-saqqalını ağartmış yaşlı və gənc həmkarlarım var. Amma mənasız, məzmunsuz yazılar yazan, efirlərdə boş pafoslu çıxışlar edən şəxslərin sayı da çoxdur".
Məhz bu səbəbdən də politoloq hesab edir ki, bu sahədə müvafiq kriteriyaların tətbiqinə, habelə sertifikasiyaya ehtiyac var.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az