Saat:15:28
Haqqımızda

Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - Elşad Hacıyevlə özəl müsahibə

2022-07-02 13:21:00

Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - Elşad Hacıyevlə özəl müsahibə

İctimai yerlərdə rastlaşdığımız ən kiçik problemdə belə ağlımıza gələn hüquq-mühafizə orqanlarına müraciət etmək olur. Cəmiyyətdə ictimai asayişin keşiyində dayanan məhz polislərdir. Polislər olmasa, bəlkə də bir çox dünya ölkələri kimi Azərbaycan da kriminal vəziyyətin hökm sürdüyü ölkəyə, tez-tez quldurluq, cinayət və digər xoşagəlməz faktların qeydə alınan yerə çevrilərdi.

Beynəlxalq hesabatlarda Azərbaycan təhlükəsiz ölkə kimi ön sıralarda yer alır. Bu isə daxili işlər orqanlarında vicdanla xidmət aparan polis əməkdaşlarının gecə-gündüz, bayram-seyran demədən çalışaraq vətəndaşların təhlükəsizliyini təmin etməsinin nəticəsidir.

Bəzən cəmiyyətdə polislərə qarşı münasibət birmənalı olmur. İnsan amili varsa, doğrudan da iş varsa, orada nöqsanlar da qaçılmazdır. Bu nöqsanlar yalnız hüquq-mühafizə orqanlarında deyil, bütün sahələrdə müşahidə edilir.

Bəs insanlar zaman-zaman niyə polisləri müdafiə edir, daha sonra da həmin polislərdən giley-güzar edir? Ölkədə təhlükəsiz mühiti pozanlarla, cəmiyyət arasında pis vərdişləri aşılayanlarla və narkomaniyaya qarşı mübarizə hansı mərhələdədir?

Oxu.Az-ın bu və digər suallarına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ilə müsahibə zamanı cavab aldıq:

- Bu gün ölkədə ən çox diqqət mərkəzində olan sahə hüquq-mühafizə orqanlarıdır. Xüsusilə də polislərin cəmiyyətdəki rolu. Sizcə, cəmiyyətdə müəyyən məqamlarda polisə qarşı birmənalı olmayan yanaşmanın səbəbi nədir?

- Bunun obyektiv və subyektiv səbəbləri var. Polisə münasibət insanların davranış, hərəkət və niyyəti ilə bağlıdır. Polis, başqa sözlə, hüquq, ziddiyyət və maraqların kəsişdiyi ünvan olduğu üçün fəaliyyət mübahisəli görünə bilər. Hər görünən, hər göstərilən, hər düşüncə də həqiqət ola bilməz. Barəsində cinayət, yaxud inzibati icraat aparılan şəxs bir kənara, onun yaxınları polisdən razı qala bilərmi? Hər biri öz əzizini “müqəddəs” hesab etdiyi üçün polis haqqında müxtəlif məzmunlu fikirdə olurlar. Fikir müxtəlifliyinin səbəbi insanın “tərcümeyi-hal”ı ilə əlaqəlidir.

Biz iddia etmirik ki, polis tam qüsursuzdur, iş olan yerdə nöqsan da olur. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Baxın, mətbuatın “arsenalın”da çap mediası, radio, televiziya ilə yanaşı, sosial şəbəkələr var. Sərhəd yoxdur. Mötəbərliyindən asılı olmayaraq, informasiya elə sürətlə yayılır ki, onun idarə olunması bəzən bir jurnalistin yox, sadə bir vətəndaşın subyektiv mülahizələrinə köklənməklə, nəticədə hansısa hadisə haqqında yanlış ictimai rəy formalaşır. Bunu nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti 24 saat fasiləsiz xidmət göstərir ki, informasiya mübadiləsində hansısa çətinlik və gecikmələr olmasın.

- Cəmiyyətdə belə bir yanaşma var ki, polis ictimai yerlərdə baş verən bütün xoşagəlməz hadisələrə cavabdeh olmalıdır. Sizcə bu yanaşma doğrudurmu?

- İctimai yerdə asayişin qorunması və mühafizəsi polisin əsas vəzifələri sırasındadır. Polisin səlahiyyət çərçivəsində bu məsələ ilə bağlı məhdudiyyət yoxdur. İstənilən neqativ hala qarşı polis çevik reaksiya verməli, hüquqazidd halın qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini təmin etməlidir.

Diqqətə alınmalıdır ki, tək polis əməkdaşı deyil, istənilən mülki vətəndaşın konstitusiyada vətəndaşların vəzifələrinə əsas yaradan hüquq norması var. Orada qeyd edilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Ali hüquq dəyərlərinə ehtiramla yanaşılmalı və əməl edilməlidir.

- Öyrəşmişik ki, polislər cinayətkarlarla mübarizə aparır və onların məsuliyyətə cəlb edilməsini təmin edir. Bəzən isə təəssüf doğuran faktlar baş verir. Dünən cinayətkarla mübarizə aparan polis bu gün özü cinayətkar kimi hakim qarşısına çıxarılır. Sizcə, bu kimi halların baş verməsinə sənən nədir? Polislər xidmətə götürülən zaman onların psixoloji vəziyyəti, dözümlülüyü yoxlanılmırmı?

- Vəzifəsindən asılı olmayaraq əsas amil insanın düşdüyü emosional-affekt vəziyyətidir. Heç kim bundan sığortalanmayıb. İnsanlar üçün elə prinsip və dəyərlər var ki, o, həyatını belə qurban verməkdən çəkinmir. Ona görə də emosional-affekt vəziyyətlərdə istisnalar var. Polis peşəsi şüurlu seçimdir. Polis ağır peşələrdən hesab olunur, bu peşədə çalışmaq üçün dözüm, iradə tələb olunur. Çünki standart olmayan iş rejimi dövlət qulluğunun xüsusi forması olan polis peşəsi üçün xarakterikdir. Hər bir polis əməkdaşı, müvafiq tibbi yoxlamalardan keçirilir və bu diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır. Xidmətə çıxmazdan öncə gündəlik təlimatlar verilir, rəislər tərəfindən hər bir əməkdaşın xidmətə, işə münasibəti nəzarətdə saxlanılır.

- Bu gün polis orqanlarında xidmət edən əməkdaşların dəqiq sayı varmı?

- Say, kvota təhkim olunduğu əraziyə müvafiqdir. Yetərli sayda xidmətə əməkdaş cəlb olunur ki, çatışmadıqda digər xidmətlərdən ezam edilir.

- Son zamanlar fərdi şəxslərdən odlu silahların tapılması xəbərləri xeyli artıb. Bu nə ilə bağlıdır və qarşısını almaq üçün nə kimi işlər görülməlidir?

- Qanunsuz saxlanılan odlu silahların yığımı, istər profilaktik-maariflənmə imkanları ilə könüllü təhvil vermə, digər halda isə əməliyyat-axtarış yolu ilə müəyyən olunaraq götürülür. Məlumdur ki, qanunla müəyyən olunan ov və digər silahları vətəndaş yalnız xüsusi icazə əsasında əldə edə bilər. Xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar müvafiq qanun var. Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Hətta sənədi olsa belə, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsinə icazə verilmir.

Silah insan həyatı üçün təhlükəlidir. Bu hal o zaman daha təhlükəli olur ki, silah reyestrdə olmur. Belə bir halda qeydiyyatda olmayan silah hansısa cinayətkar şəxsin əlinə düşdükdə ağır hadisələr baş verə bilər. Ölkədə kriminogen durumun sabit olması daxili işlər orqanlarının fasiləsiz fəaliyyətini göstərir. Bütün bunlara baxmayaraq, xidmətdə arxayınlıq anlayışı, “baş verə bilməz” düşüncəsi yoxdur. Polis dövrün çağırış və təhdidlərinə uyğun fəaliyyət göstərir.

- Bu aşkarlanan silahların nömrələri yoxlanılırmı? Bu silahların Qarabağ müharibəsi zamanı ermənilərdən qənimət kimi götürülmüş silahlar olduğu da iddia edilir. Bu məlumat nə dərəcədə dəqiqdir?

- Aşkarlanan hər bir odlu silaha ballistik və trasoloji ekspertizalardan keçirilməklə rəy verilir. İddialar həmişə olub. İndiyə qədər həmin iddialarla bağlı ictimai təhlükəli fakta rast gəlinməyib.

- Dövrün bəlası narkomaniya. Bununla mübarizə üçün bir çox qurumlar tərəfindən maarifləndirmə tədbirləri aparılır. Lakin yenə də əsas yük DİN əməkdaşlarının üzərinə düşür. Necə düşünürsünüz son zamanlar narkomaniya ilə bağlı məlumatların bu qədər artmasına təkan verən nədir?

- Narkotik vasitələrin aludəçiliyinə səbəb olan, onun genişlənməsinə rəvac verən amil, “bir-iki dəfə ilə heç nə olmaz” kimi fikirlərin şəxs və ya şəxslər tərəfindən bilərəkdən kütləviləşdirilməsidir. Bu elə bir bəladır ki, kimsə düşünməsin ki, “mənim yaxınım, əzizim, övladım, qardaşım, qızım, bacım, atam, anam bunu etməz”. Edə bilər. Çünki edənlər və bu bəlanın qurbanına çevrilənlər də belə düşünülərb. Bu bəlanın faciəvi, qorxunc nəticələrindən danışarkən, unutmayaq ki, narkomaniya insanı faydasız və təhlükəli varlığa çevirir. İnsanın özünə olan mənəvi nəzarəti zəifləyir, əxlaqi keyfiyyətlərinin aşınmasına səbəb olur, şəxsiyyətin ikiləşməsi ilə zamanla potensial cinayətkara çevrilir.

Zəhmətsiz gəlir əldə etmək naminə, insanların fəlakəti üzərindən varlanmaqdan çəkinməyən narkotacirlər hər gün satış şəbəkələrini genişləndirmək üçün yeni-yeni insanları cəlb etməyə çalışırlar. İnkarolunmaz faktdır ki, DİN-nin həyata keçirdiyi effektiv-idarəçilik, təşkilatçılıq tədbirləri ilə narkotiklərlə mübarizə daxili işlər orqanlarının xidməti fəaliyyətinin əsas strateji xəttini təşkil edir. Bu sahədə aparılan iş yeni inkişaf səviyyəsinə yüksəlib və nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Bu hüquqazidd əməllərlə bağlı cinayət təqibi və əməliyyat-axtarış fəaliyyəti gündən-günə təkmilləşir. Narkotiklərin yayılmasını təşkil edən cinayətkar qrup və dəstələrin zərərsizləşdirilməsi, narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilməkdədir.

- Bu istiqamətdə hər hansısa statistikanı deyə bilərik mi?

- Daxili işlər orqanlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisində cari ilin beş ayı ərzində qeyri-leqal dövriyyədən 1 ton 571 kiloqram narkotik vasitə və 191,5 kiloqram psixotrop maddə çıxarılıb. Eyni zamanda, 97 nəfərdən ibarət 33 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Narkotiklərlə əlaqədar bütövlükdə 4 783, o cümlədən satışı ilə bağlı 1 713 cinayət faktı aşkarlanıb. Bu növ cinayətlərə görə 2 990 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının aşkar edilməsi istiqamətində də xüsusi əməliyyatlar keçirilərək, ümumi çəkisi 500 kiloqrama yaxın kultivasiya edilmiş çətənə kolları aşkar edilib. Bu və digər müsbət nəticələrin əldə olunması polis əməkdaşlarının nümunəvi xidməti və fədakar əməyi hesabına mümkün olub.

- Onlayn qaydada narkotik vasitələrin alqı-satqısı halları da artmaqdadır. Həmin səhifələrin sahiblərinin ölkə xaricində olması onların kimliklərinin müəyyənləşdirilməsini daha da çətinləşdirdiyi qeyd edilib. Bununla bağlı konkret çıxış yolları tapılıbmı? Çünki səhifələrin sayı günbəgün artır.

- Sayın artması reallıqdır. Hazırda bu ticarət internet saytları, sosial şəbəkələr, habelə ödəniş üsulu olaraq bank kartlarından və elektron ödəniş vasitələrindən istifadə edilməklə başqa şəxslərlə birbaşa təmas olmadan həyata keçirilir.

Narkotiklərin məhz xarici ölkələrdən idarə olunan sosial şəbəkə profilləri vasitəsilə, eləcə də mobil tətbiqlər (“Whatsapp” və s.) üzərindən satışı hallarının artması müvafiq sahədə kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsini zəruri edib. Bu baxımdan, Baş Narkotiklərlə Mübarizə İdarəsində ixtisaslaşmış şöbə fəaliyyət göstərir. Yüksək nəticələr əldə edilib. Yaydığımız informasiyalarda görülən işlərlə bağlı ictimaiyyətə məlumat verilir. Eyni zamanda narkotik vasitələrin onlayn satışının həyata keçirilməsində istifadə olunan 49 sosial şəbəkə profili müəyyən edilib.

- Hər kəsi düşündürən və narahat edən məqamlardan biri əvvəllər narkotiklərin qramla aşkarlandığı halda, son vaxtlar kiloqramlarla, hətta tonlarla aşkarlanmasıdır. Bunun başlıca səbəbləri nədir? Əvvəllər mübarizə zəif idi, indi gücləndirilib, yoxsa maarifləndirmə tədbirləri zəif nəticə verir?

- Qramla da aşkarlanır, ancaq hər qrama görə məlumat yaymırıq. Daha kütləvi, böyük həcmdə aşkarlanma faktları ilə bağlı məlumatlandırma təmin edilir. Mübarizə heç vaxt zəif olmayıb, hətta mütəmadi olaraq daha da gücləndirilib. Narkomaniya ilə mübarizədə beynəlxalq təcrübədə əsas istiqamət maarifləndirmə, təbliğat və profilaktika işinin səmərəli təşkilidir. O da məlumdur ki, narkotik ilə cinayətkarlıq arasında səbəbli əlaqə var. Çünki narkotik maddə qəbul edən şəxsdə artıq ikiləşmiş şəxsiyyət formalaşır, onlar üçün heç bir dəyər qalmır. Ona görə də cinayət hüquq qanunvericiliyinə görə narkotik vasitələrin qəbulu zamanı, onun təsiri altında olan şəxs hərəkət və ya hərəkətsizliyə yol verdikdə, “anlaqsız” vəziyyətdə olsa belə, məsuliyyətdən azad edilmir. Ona görə ki, belə şəxslərin islah olunması labüddür.

- Aşkarlanan narkotik maddələrin aqibəti necə olur? Hansı formada məhv edilir?

- Narkotik vasitələr qanunvericiliyinə uyğun olaraq məhv edilir. Narkotiklərin məhv edilməsi prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu fəaliyyət göstərir. Cari ilin may ayında müsadirə olunmuş iki tondan çox müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.

Tədbir zamanı 1 430 məhkəmə hökmü əsasında barəsində məhvetmə qərarı çıxarılan 2 402 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə (973 kiloqram 7 qram heroin, 1 ton 112 kiloqram 241 qram marixuana, 287 kiloqram 357 qram tiryək, 30 kiloqram 274 qram həşiş, 446 qram kokain, 64,753 qram və 35 min 647 həb metadon, 215 kiloqram 254 qram və 6 966 ədəd həb və 38 kapsul psixotrop maddə, 238,724 qram, 4 182 kapsul, 189 konvalyut, 49 914 həb), o cümlədən 28 697 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib. Məhv edilən narkotik vasitələrin qara bazarda təqribi dəyəri 85 milyon manatdır. Məhvetmə prosesində mətbuat nümayəndələri iştirak edib.

- Televiziya verilişlərində çıxış edən ekspertlərdən biri son dövrlərdə ölkədə oğurluq hallarının artması ilə bağlı belə bir məqam səsləndirib. 14 yaşdan aşağı şəxslər məsuliyyətə cəlb edilmir və bəzən onlar oğurluq əməllərinə cəlb edilirlər. Bu fikrin nə dərəcədə doğruluq payı var?

- Cinayət Məcəlləsində (CM) cinayət məsuliyyətinin ümumi şərtləri ilə bağlı normalar var və orada konkret məqamlar göstərilib. Müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.

On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.

- Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayətin üstünü bağlamağa çalışan əməkdaşların statistikası varmı? Neçə belə əməkdaş olub? Onların aqibəti necə olub?

- Polisin fəaliyyətinə bələd olan hər bir şəxs bilir ki, hansısa cinayətin üstünü bağlamağa çalışmaq absurd istəkdir. Qanunla bəraətverici əsaslar olmadan cinayət işi rədd edilə bilməz, bu prosessual qanunvericiliyə uyğun olaraq əsaslandırılmalıdır. Cəzanın labüdlüyü prinsipinə əməl edilməlidir.

Hansısa cinayətkar, yaxud inzibati xətaya meyilli şəxsin cəzadan yayındırılması ağır fəsadlarla nəticələnə bilər. Bu həqiqət hər bir polis əməkdaşının fəaliyyətinə əsas meyardır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR