“Polis rəisi deyib ki, Tağını şərləyib tutmağı mən əmr etmişəm” – PREZİDENTƏ MÜRACİƏT

2022-08-02 13:41:00

“Polis rəisi deyib ki, Tağını şərləyib tutmağı mən əmr etmişəm” – PREZİDENTƏ MÜRACİƏT

Astara sakini Tağı Quliyevdən ölkə başçısına müraciət: “Məndə bu faktı təsdiq edən səsli “Whatsapp” mesajı da var...

Astara rayon, Ərçivan qəsəbəsinin sakini Quliyev Tağı Xatəm oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Hörmətli Birinci vitse-prezident!

Mən dəfələrlə Sizin və bütün dövlət məmurlarının ünvanına Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərov başda olmaqla, şöbənin əməkdaşı Rauf Aslanovun qanunsuz əməlləri, dövlət qanunlarına açıqcasına məhəl qoymamaları və vəhşicəsinə etdiyi işgənclər barədə şikayət ərizələri yazmışam. Bütün bunlara baxmayaraq, polis rəisi Azər Cəfərov şəhid ailələrinə kabinetində bildirir ki, “mən Rauf Aslanova əmr vermişəm ki, Tağını şərləyib tutsun, onun belini qıracam”. Bu faktı təsdiq edən səsli “Whatsapp” mesajı da məndə var.

Hörmətli Ali Baş komandan!

Siz dəfələrlə dövlət məmurlarına sərt mesajlar versəniz də, bəzi “məmrular” öz hegemonluqlarına son qoymurlar. Görəsən, Sizin göstərişlərinizə məhələ qoymayan bu şəxslər kimlərə güvənirlər?!

Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərov heç nədən çəkinmədən şəhid atasını açıq-aşkar şər-böhtan və iftiralarla öyrədərək, mənə qarşı qaldırmaqla, əslində, şəhid valideyni adına hörmətsizlik edir. Dəfələrlə irəli sürdükləri şər-böhtanlar saxta hesab edilərək, ifşa edilmişdir. Mən 9 aydır Astara Rayon Polis Şöbəsinin şər-böhtanlarından doğma kəndimə gedə, 1 aydır dünyaya gələn övladımı görə bilmirəm.

Hörmətli Prezident!

Sizdən xahiş edirəm ki, Astara Rayon Polis Şöbəsinin rəisi Azər Cəfərovun qanunsuz əməllərinə son qoyulması üçün aidiyyəti orqanlara lazımi göstəriş verəsiniz. Əminəm ki, Sizin mərhəmətiniz sayəsində qanunamüvafiq qaydada tədbirlər görüləcəkdir”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069684