Saat:11:43
Haqqımızda

Polis müstəntiqi "məsələni yoluna qoymaq" üçün ŞİKAYƏTÇİDƏN 5 MİN İSTƏYİB

2023-01-17 11:26:00

Polis müstəntiqi

Sevda Əsgərova: "Cahangir Dövlətov məndən 2 "Pejo" (Peugeot) markalı maşın və 2 min manat nağd pul alıb, ardınca 11 saylı notariat ofisində aramızda alqı-satqı müqaviləsi bağlanıb, lakin buna baxmayaraq, o, məni və başqa bir neçə nəfəri dolandırıb"

"Binəqədi Rayon Polis İdarəsinin müstəntiq Ramil Qabulov dedi ki, 5 min ver, bu işi düzüb-qoşum, qarşı tərəfdən isə 10 min istəyir"

Bugünlərdə "Hürriyyət"ə müraciət edən Naxçıvan Muxtar Respublikasının sakini, daha dəqiq desək Naxçıvan şəhəri, Bahadur Abbasov küçəsi 100 ünvanında yaşayan Sevda Həsən qızı Əsgərova Bakı şəhər sakini Cahangir Duvangir oğlu Dövlətov tərəfindən aldadıldığını bildirib.

Belə ki, Cahangir Dövlətovun Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, SU-6 qəsəbəsi, ev 9, mənzil 4 ünvanında qeydiyyatda olduğunu deyən şikayətçinin sözlərinə görə, 2022-ci ildə adıçəkilən şəxs onu Binəqədi rayonuna aparıb və orda torpaq alqı-satqısı edib: "Cahangir Dövlətov məni Binəqədi rayonuna apardı, orda bir ev və torpaq göstərdi. Dedi ki, mən buranı satıram. Mən, gəlinim və oğlum gedib evə, torpağa baxmışıq və daha sonra razılaşmışıq. Bundan sonra Cahangir Dövlətov məndən ilkin ödəniş kimi 14 min manat qismində 2 "Pejo" (Peugeot) markalı maşın və 2 min manat nağd pul alıb. Ardınca Binəqədi rayonunda yerləşən 11 saylı notariat ofisinə getmişik. Beləcə, Cahangir Dövlətov mənimlə alqı-satqı müqaviləsi bağlayıb". 

Evin və torpağın satışını ümumi 36 min manata razılaşdıqlarını qeyd edən Sevda Əsgərova bildirib ki, həmin məbləğin 16 min manatını ödədiyi üçün yerdə qalan 20 min manatı ayda 1000 manat olmaqla ödəməyə razılaşıb: "Beləcə, Cahangir Dövlətovla razılaşdıqdan sonra Naxçıvana qayıtdım. Bir müddət sonra ona zəng edim evi nə zaman mənə verə biləcəyi ilə maraqlansam da, hər dəfəsində bir bahənə gətirib. Deyirdi ki, "Bibi narahat olma" düzələcək. Lakin indiyədək evi ala bilmirəm. Qeyd edim ki, Cahangir Dövlətovun məni aldatması, pulumu mənimsəməsi ilə bağlı Bakıda bütün müvafiq dövlət qurumlarına ərizə ilə müraciət etmiş, hətta Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda, Binəqədi Rayon Prokurorluğunda qəbullarda olmuşam. Hazırda iş Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsindədir. Lakin bunun heç bir faydası yoxdur, üzləşdiyim problem həll olunmayıb, Cahangir Dövlətov barəsində heç bir tədbir görülməyib".

Binəqədi Rayon Polis İdarəsinin müstəntiq Ramil Qabulovun "məsələni yoluna qoymaq" üçün 5 min manat istədiyini iddia edən Sevda Əsgərova qeyd edib ki, o, məcbur olub 500 manat verib: "Ramil Qabulov məndən 5 min manat istəyib. Dedi ki, 5 min ver, bu işi düzüb-qoşum. Qarşı tərəfdən isə 10 min istəyir. Buna dair bütün səs yazıları telefonumdadır. Mən ona 5 min yox, 500 verdim, lakin bugünlərdə 3 nəfərin yanında pulu geri almışam. Düz 11 aydır ki, Naxçıvandan Bakıya gedib-gəlməkdən bezmişəm, amma hələ də ortada heç nə yoxdur. Onu da əlavə edim ki, Cahangir Dövlətov məndən başqa bir neçə nəfəri də dolandırıb".

Beləliklə, şikayətçi sonra "Hürriyyət" vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, müvafiq araşdırma aparmalarını və Cahangir Dövlətov barəsində lazımı tədbir görülməsini, ona dəymiş ziyanın ödənilməsində köməklik göstərmələrini xahiş edib.

"Hürriyyət"

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR