POLİS, “DTX İŞÇİLƏRİ” VƏ BƏLƏDİYYƏ SƏDRİNİN DƏLƏDUZLUQ ƏMƏLLƏRİ… - 16 500 manatı mənimsənilən Masallı sakininin özünü məhkəməyə verdilər

2022-06-08 22:40:00

POLİS, “DTX İŞÇİLƏRİ” VƏ BƏLƏDİYYƏ SƏDRİNİN DƏLƏDUZLUQ ƏMƏLLƏRİ… - 16 500 manatı mənimsənilən Masallı sakininin özünü məhkəməyə verdilər

Xəbər verdiyimiz kimi, Masallı rayonu, İsi kəndinin sakini Hüseynov Cavid Cəfər oğlu özünü "DTX" işçiləri kimi təqdim edən şəxslər tərəfindən dələduzluğa məruz qalıb. "Hürriyyət"ə müraciət edən C.Hüseynov deyir ki, 10 min manatının dələduzluq yolu mənimsənilməsi ilə bağlı rayon polis şöbəsinə şikayət etsə də, orda da Xəzər Şahbazov adlı polis əməkdaşı onu “öz toruna” salaraq, 3 min manatını da o, mənimsəyib. Aldadıldığını anlayan rayon sakini şikayətlərini davam etdirib. Lakin öz pulunu tələb etməsinə cavab olaraq evinə silahlı hücumlar edilib:

"15 aprel 2020-ci il tarixində Yardımlı rayon Ostair kənd sakini Mansurov Aslan Dadaş oğlu və əmisi oğlu, həm də qaynı Cəlilabad rayon Ağdaş kənd sakini Mansurov Əfsus Nəzər oğlu özlərin "DTX işçisi" kimi təqdim edib (hər biri qırmızı-qaraya çalan vəsiqə göstərməklə), 6 sot torpağı 1 həftəyə mənim adıma sənədləşdirmək şərtilə 10 min manata satdılar. Aslan Mansurov deyir ki, mən Allahşükür Paşazadənin dostu və yaxın qohumuyam. Sonradan Əfsus dostlarıyla gəlib məndən yenə 3 min manat aldı ki, sənədləşməyə pul çatmır.

İşlərin düz olmadığını görüb, şikayətə başladım. Masallı Polis Şöbəsində tanımadığım polis əməkdaşı mənə yaxınlaşıb soruşdu ki, sən Cavid Hüseynovsan? Dedim ki, bəli, mənəm. Mənə haqqımda müəyyən məlumatları bildirdi. Daha sonra dedi ki, səni aldadanlar mənim yerlilərimdir, mənim adıma xələl gəlir. Qeyd etdi ki, danışmışam, 3 min manat gətir verim rəisə, sənin pulun qaytarılsın və dələduzlar da həbs olunsun.

12.05.2020-ci ildə, saat 15:16 rardələrində Xəzər Şahbazovla bazarda görüşdüm və ona 3 min manat verdim. Daha sonra aldandığımı görüb, şikayətlərimi artırdım. Nəticədə evimə 2 silahlı və 5 silahsız hücum olub. Bir dəfə isə döyülmüşəm".

Qeyd edək ki, Cavid Hüseynovun başında gələnlər bununla da bitməyib. Bu dəfə də rayonun bələdiyyə sədri Camal adlı şəxs rayon rəhbərliyinin adından ondan 2 min manat istəyib. Pulun müqabilində torpağı adına keçirəcəklərini deyən bələdiyyə sədri Cavid Hüseynovdan ilkin olaraq 500 AZN alıb. Lakin rayon sakini növbəti dəfə də aldadıldığını anlayıb:

"Məni polisə  apardılar. Şöbədə çox ağır hədə-qorxu ilə guya barışdırmağa çalışırdılar. Amma mümkün olmadı. Bələdiyyə sədri Camal gəlib mənə dedi ki, rayon rəhbəri deyir Cavidi aldadıblar. Məndən 2 min AZN istədilər ki, torpağı adıma keçirsinlər. Dedim ki, yoxdur. Daha sonra dedilər ki, 500 manat ver, 15 günə sənədləşdiriləndən sonra 1500 manat da verərsən. Camala 500 manat verdim. Sonra dedi ki, mənə pul verməyibsən. Heç sübut da edə bilməyəcəyimi dedi. Qeyd etdi ki, mənim dayım Prezident Aparatında işləyir, mənə bata bilməzsən.

Mən indiyə kimi 136 məktub, 66 teleqram, bir neçə dəfə DİN-in və Prezidentin saytına rəsmi müraciət etmişəm. Daxili İşlər Nazirliyində - “Bandoteldə” qəbulda olmuşam. Yenə də məni təhdid edirlər. Ölkə başçısından xahiş edirəm ki, bu işin araşdırılması ilə bağlı göstəriş versin. Mənə ümumilikdə 16 500 AZN zərər dəyib". 

Bu gün Cavid Hüseynov bir daha “Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) sədri Əli Nagıyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək, başına gələnlər haqda növbəti dəfə açıqlama verib. Daha sonra onu da əlavə edib ki, iki il ərzində rəsmi qurumlara ünvanladığı şikayət məktublarına heç bir reaksiya verilmədiyindən, qarşılaşdığı dələduzluq faktı ilə bağlı “Hürriyyət” qəzetinə müraciət edib. C.Hüseynov deyir ki, bu yazı qəzetdə dərc olunduqdan sonra, bu gün – 08.06.2022-ci ildə polis Xəzər Şahbazovun ondan şikayət etdiyi haqda mobil telefonuna məhkəmədən mesaj gəlib və 29 iyun tarixində hazırlıq iclasının olacağı bildirilib.

“Necə olur ki, 2 ildir mən yazıram, şikayətimə baxılmır, indi təqsirləndirilən məni qabaqlamaq məqsədiylə müraciət edir, məhkəmə başlayır?! Nə adla şikayət edir?!”, - deyən Cavid Hüseynov ölkə rəhbərliyindən bu məsələnin araşdırılması və ona dəyən maddi ziyanın geri qaytarılması ilə bağlı müvafiq qurumlara göstəriş vermələrini xahiş edir.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya