Polad Aslanov siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq elan edib
Polad Aslanov siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq elan edib.
Hurriyyet.Az bildirir ki, Xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanov COP29 konfransı ərəfəsində siyasi məhbusların azad edilməsi tələbilə noyabrın 4-dən 1 saylı cəzaçəkmə müəssisəsində aclığa başlayıb. O, özü və digər siyasi məhbuslar üçün azadlıq tələb edir, deyə jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.
"COP29 keçirən ölkədə siyasi məhbus olamalıdır. Hakimiyyət iqlimin, təbiətin, ətraf mühitin, suyun qayğısına qalıb, eyni zamanda insan hüquqlarını poza bilməz", deyə həyat yoldaşı qeyd edib.
Aslanovun sözlərinə görə, "ya siyasi məhbuslar azad edilməli, ya da COP29 ləğv edilməlidir".
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Xeberman.com saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu il tarixində İranın xeyrinə casusluq ittihamı ilə - CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.