Saat:20:32
Haqqımızda

“Plagiatçılıqla məşğul olan şəxsə “dosent” elmi adı verilməsinin qarşısını alın” – TƏHSİL İŞÇİLƏRİ

2023-01-31 13:13:00

“Plagiatçılıqla məşğul olan şəxsə “dosent” elmi adı verilməsinin qarşısını alın” – TƏHSİL İŞÇİLƏRİ

Gəncə Dövlət Universitetinin əməkdaşları adından Ali  Attestasiya Komissiyasının sədri Famil Mustafayevə müraciət

Gəncə Dövlət Universitetinin "Coğrafiya" kafedrasının əməkdaşları adından Seymur Əjdər oğlu Xəlilov və Rəşad Məmməd oğlu Nuriyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Azərbaycan Respublikası Prezidenti yanında Ali  Attestasiya Komissiyasının sədri Famil Mustafayevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Famil müəllim!

Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi  haqqında  Azərbaycan  Respublikası Təhsil nazirinin 05.07.2016-ci il tarixli 464 saylı əmri mövcuddur. Əmri o vaxtkı Təhsil naziri Mikayıl Cabbarov imzalamışdır. Həmin əmrin 5-ci bəndində deyilir:

"Təhsil müəssisələrinin rəhbərlərinə qrif almaq üçün təqdim olunan tədris  vəsaitlərinin  formal  müzakirəsinin  qarşısının  alınması, müasir  yoxlama metodlrının tətbiqi  və plagiat faktı təsdiqləndiyi bütün tədris vəsaitlərinin təhsil müəssisələrində tədris prosessindən, kitabxanalardan və satışdan çıxarılması, onların müəlliflərinin isə əmək müqaviləsinə xitam verilməsi tapşırılsın".

Sizə bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetinin "Coğrafiya" kafedrasının baş müəllimi, coğrafiya  üzrə fəlsəfə doktoru Nəsibə Niyaz qızı Hacıyevanın müəllifi olduğu  "Coğrafiyanın ekoloji əsasları" adlı dərs vəsaitinə Təhsil Nazirliyi tərəfindən verilmiş  nəşr  hüququ (22.01.2013-cü il  tarixli  94  saylı  əmr)  Təhsil  Nazirliyinin  23.06.2015-ci  il tarixli 698 saylı əmri ilə plagiat faktının aşkarlanması ilə əlaqədar ləğv edilmişdir. Bununla bağlı məsələyə  Azərbaycan Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Kollegiyasının  09.02.2016-cı il tarixli  (protokol № 04-K) iclasında baxılmış  və  AAK  Kollegiyasının  05.11.2013-cü  il  tarixli  (protokol № 27-K)  iclasında ona verilmiş "Coğrafiya" kafedrası üzrə dosent  elmi  adı və attestatından məhrum edilməsi haqqında qərar qəbul edilmişdir.

Təhsil Nazirliyinin  yuxarıda qeyd edilən  05.07.2016-cı il tarixli 464 saylı əmrinin  5-ci  bəndinə  əsasən, plagiata görə müəlliflə bağlanmış əmək müqaviləsinə  xitam verilməli olduğu halda, Gəncə Dövlət Universitetinin rəhbərliyi  rüşvət  müqabilində  qərarın bu bəndinin icrasını təmin etməmişdir.

Hal-hazırda  isə  Gəncə Dövlət Universitetinin  tədris məsələləri  üzrə prorektoru, dosent  Şahin Xurşudov  baş müəllim Nəsibə Hacıyevadan nəyinsə qarşılığında ona  müvafiq  ixtisas  üzrə dosent elmi adı almaq üçün Elmi Şura tərəfindən  AAK  qarşısında  vəsatət  qaldırılmasına  çalışır.

Hörmətli  Famil müəllim!

Saxtakarlığa, plagiatlığa  yol verən adamlar cəmiyyətdə düzgün mövqe tutmur. Belə adamlar elmə ləkədir, bunlar həm özünü, həm  də işlədiyi  kollektivi hörmətdən salır. Onun-bunun kitablarını köçürüb öz adına nəşr etdirən belə bir adama yenidən “dosent” elmi adının verilməsini  bu elmi  ada təhqir hesab edirik.

Hörmətli  Famil müəllim!

Biz  Sizi  obyektiv adam  kimi tanıyırıq. Ona görə də 10 000 manat rüşvət müqabilində Gəncə Dövlət Universitetinin rəhbərliyi tərəfindən  AAK  qarşısında  vəsatət  qaldırılaraq,  belə  bir  saxta "alimə"  dosent elmi  adının  verilməsinin  qarşısının  alınmasını kafedra əməkdaşları adından Sizdən  xahiş edirik”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.                                               

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR