Peşman olmayan qiyamçılar – cinayətlərinin “meyvə”si onların boğazında qaldı

2022-06-06 10:57:00

Peşman olmayan qiyamçılar – cinayətlərinin “meyvə”si onların boğazında qaldı

4 iyun qiyamı ilə bağlı söz-söhbətin, mübahisənin 29 ildir bitməməsinin bir çox səbəbləri var. Bu səbəblər düz 29 ildir ki, incələnir, artıq sonuncu atomuna, molekuluna qədər xırdalanıb, böyük ölçüdə hər şey aydındır, ancaq söhbət bitmir ki, bitmir.

4 oyundan əvvəl bir dəfə hakimiyyət qeyri-seçki yoluyla, inqilabi hərəkətlənmə nəticəsində (15 may 1992-ci) dəyişdirilib, ondan sonra, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında iki dəfə hərbi qiyam qaldırılıb, dövlət çevrilişinə cəhd olub, ancaq onların hamısının ildönümündə bu vaqiələrin üzərindən sükutla keçilir, 4 iyun qiyamının ildönümünə gəlincə, ehtiraslar qızışır.

Bu, ona görə belədir ki, 4 iyun qiyamı öz siyasi və hüquqi qiymətini almayıb, bu cinayəti törədənlər mühakimə olunmayıb. Onların bir çoxunu sonradan başqa cinayətlərə görə mühakimə ediblər, bir çoxunun cəzasını əlahəzrət zaman verib, bəziləri yeritdikləri bədnam siyasətin məntiqi nəticəsi olaraq “layiqli yerlər”ini tutublar, amma sırf 4 iyun qiyamına görə cəza çəkən olmayıb.

Prezident qvardiyasının avtobusda namərdcəsinə güllələnmiş zabit və əsgərlərinin qətlinə görə hələ də heç kəs cavab verməyib. Bu qətldən iki ay öncə Füzuli rayonunu düşmən işğalından qoruyan, Məngələnata yüksəkliyini erməni hərbi birləşmələrindən azad edən əsgərləri, silahlarını yerə qoymuş, atışmadan imtina etmiş hərbçiləri kim, niyə, kimin əmri ilə güllələmişdi, hüquqi cavab yoxdur.

1994-cü ilin yayında 4 iyun qiyamına dair keçirilən məhkəmədə müttəhimlər kürsüsündə Elçibəy iqtidarının yüksək vəzifəli şəxsləri oturmuşdu. Həmin vaxt baş qiyamçı Surət Hüseynov baş nazir idi. Məhkəmə heyətinə Şahin Yusifov sədrlik edirdi. Siyasi hakimiyyətin birbaşa nəzarəti və təlimatı altında keçirilən məhkəmədə bir sıra həqiqətlər üzə çıxmaqdaydı. İnsafən Yusifov məhkəməni elə idarə edirdi ki, prinsipcə, prosesin son verdiktində mühakimə olunanlar azadlığa buraxılmalı, onların yerində isə Surət Heseynov və komandası oturmalıydı. Bunu anlayan surətçilər məhkəməni yarımçıq saxlayıb, hakimləri dəyişdilər. Yeni hakim briqadası isə özünü sovet dövrünün ilk illərinin məhkəmə heyəti kimi aparmağa başladı: “Günah sizdədir, vəssalam”.

Həmin məhkəmədə qvardiya əsgərlərinin valideynləri üzlərini məhkəmə sədarətinə tutub deyirdilər: “Bizim övladların qatilləri burada oturanlar deyil, bizə gerçək qatilləri göstərin, onları mühakimə edin!”

888.JPG (35 KB)

Baş qatil isə baş nazir postunda idi, 3 cümləni ard-arda qurub danışa bilməsə də, hüquq-mühafizə orqanlarının qərarlarına təsir edə bilirdi. Ancaq bildirçinin bəyliyi uzun sürmədi, 4 iyun qiyamından dişində şirə qalmış Surət Hüseynov 1994-cü ilin oktyabrında bənzər hərəkətlər etməyə çalışarkən zərərsizləşdirlidi, özü ölkədən qaçmağa məcbur oldu, tərəfdarlarının bir çoxu isə həbsxanaya göndərildi.
4 iyun qiyamının təşkilatçlarından bir neçəsi (başda “Zobik” ləqəbli kriminal avtoritet olmaqla) hələ qiyamın 15-cü günündə Gəncə şəhər İcra Hakimiyyətinin binasında qiyamın “meyvələr”ini bölüşdürərəkən, yağlı vəzifələri özlərinə götürmək üstündə bir-birini güllələyib öldürmüşdülər. Bu, kriminal çetenin ilk itkisiydi. Daha sonra həbsxanadan sağ çıxmayanlar oldu (Aypara Əliyev, Nüsrət Budaqov), bəziləri xərəkdə çıxdı (Müzamil Abdullayev). Surətin özü də sonda Moskvadan qolubağlı qul kimi təhvil alındı, uzun müddət türmə həyatı yaşadı, bir ara özünü dəliliyə də vurdu.

Fəqət onların heç biri hələ də 4 iyun qiyamına görə məhkəmədə cavab verməyib. Yalnız hər il bu vaxtlar bu şəxslər, eləcə də onlara maddi, siyasi dəstək vermiş adamlar jurnalistlərin suallarına cavab verirlər, amma dəvədən yıxılmış olsalar da, “höt-höt” deməkdə davam edir, peşman olmadıqlarını bildirirlər.

Normal adam peşman olardı və bunu deyərdi. Bir halda ki, bu qiyam nə onları, nə xalqı xoşbəxt etmədi, özlərinin fizik məhvinə, sonsuz iztirablarına, ömürlük baş töhməti altında yaşamalarına, siyasi karyeralarının baltalanmasına səbəb oldu, ona görə necə peşman olmamaq olar?

“Qiyamın qarşısı almaq olardımı” sualına doğru-dürüst cavab almaq üçün sonu görünməyən müzakirələr aparmaq artıq mənasızdır. Əlbəttə, istənilən qiyamın qarşısını almaq olar və Surətin başçılıq etdiyi hərbi birləşmənin Bakıya doğru yürüşünü Hacıqabul rayonunun Nəvai kəndi yaxınlığında dayandırmaq və bu qrupu bir həlledici zərbə ilə qaçmağa vadar etmək mümkün idi. İlyarımdan sonrakı hadisələr də göstərdi ki, bu hərbi birləşmə yalnız əliyalın insanlar qarşısında gövdə göstərə bilirmiş. 1994-cü ilin oktyabrında prezident Heydər Əliyevə sadiq hərbçilər onları asanlıqla ram etdlər.

Sadəcə, onu nəzərə almaq lazımdır ki, siyasi təlatümün, hərbi eskalasiyanın ortasında, dərin fikirləşməyə imkan verməyən burulğanın içində çabalarkən doğru qərar qəbul etmək çox çətindir.

Bu gün Elçibəy iqtidarını “cümlə xəyanətlərə bais” kimi qələmə verənlər, bu komandanın devrilməli olduğunu iddia edənlər isə çox qərəzlidirlər. 1 yaşı tamam olmayan, amma müharibə aparan körpə dövlətə rəhbərlik edən gənc iqtidar komandasının heç nəyi yox, təkcə tələbə qəbulu zamanı çoxdan kök salmış korrupsuya və rüşvətxorluq sistemini bir həmlə ilə darmadığın etməsi, halal, dürüst qəbul aparması göstərirdi ki, bu komanda əsasən idealistlərdən ibarətdir və düz yoldadır.

Ola bilərdi ki, o komanda elə ilk seçkidəcə uduzacaqdı və ölkənin ambisiyalı siyasi qüvvələri, revanşistlər koalisiyası qurmaq istədikləri mühiti formalaşdıracaqdılar. O mühit bugünkündən fərqli olmayacaqdı.Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya