PESKOVUN OĞLU "VAQNER" SIRALARINDA DÖYÜŞMƏSİNDƏN DANIŞDI - "Ora gedəndə soyadımı dəyişməli oldum..."
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay “Vaqner” PMC-dəki xidməti haqqında danışıb. O, bildirib ki, Ukraynadakı döyüşlərdə iştirak edib və Rusiyanın “İgidliyə görə” medalını qazanıb. Nikolay özü bu barədə “Komsomolskaya Pravda”ya məlumat verib.
Kiçik Peskovun sözlərinə görə, o, “Uraqan” reaktiv raket sisteminin ekipajında xidmət edib.
Bundan əvvəl PMC-nin rəhbəri Yevgeni Priqojin mətbuat xidməti vasitəsilə bu barədə açıqlama verib. Deyib ki, Peskovun oğluna nizami qoşunlarda xidmət etməyi tövsiyə etməyib.
Priqojin iddia edir ki, orada kiçik Peskov “qərargahda oturardı və ya ət yeməyə gedərdi”.
O, iddia edir ki, məmur oğlu adını gizlətmək üçün saxta sənədlərdən istifadə edib.
Nikolay Peskovun “Komsomolskaya pravda”nın müxbiri ilə söhbətini təqdim edirik:
- Nikolay, cəbhə bölgəsinə getmək kimin təşəbbüsü idi?
- Bu, öz təşəbbüsüm və sırf mənim qərarım idi.
- Mənim başa düşdüyüm qədər məsləhət üçün əvvəlcə atanıza müraciət etmisiniz…
- Özüm üçün Xüsusi Hərbi Əməliyyatda iştirak etmək qərarına verəndə, ora necə gedə biləcəyimi bilmirdim. O səbəbdən atamın yanına getməli oldum. Mən “Vaqner”lə necə əlaqə saxlaya biləcəyimi soruşdum. O da bu işdə mənə kömək etdi.
- Bəs, niyə məhz aktiv döyüş bölgəsində xidmət etmək qərarına gəldiniz?
-Bunu özümə borcum hesab etdim. İştirak etmək, orada olanlara kömək etməli idim. Kənarda oturub dostlarımın və başqa gənclərin cəbhə zonasına getməsinə baxa bilməzdim.
- Bəs dostlarınızdan cəbhə zonasına gedənlər var?
- Əlbəttə, çoxları gedib.
- Atanızın sizin qərarınıza ilk reaksiyası maraqlıdır…
- Düzünü desəm, atam və ailəm təbii ki, narahat oldular. Amma onlar qərarımı dəstəklədilər.
- Ailə deyərkən? Dmitri Sergeyeviç və Tatyana Navka?
- Bütün ailə. Hamımız yığılmışdıq, belə bir qərar verdiyimi dedim. Cavab vermədilər. Məndən soruşdular ki, hara getmək istədiyini başa düşdüyümə əminəmmi? Mən də “bəli” cavabı verdim. Dedilər, o zaman get…
- Orada sizi necə qarşıladılar?
- Normal. “Vaqner” komandası mehribandır. Biz hamımız orada eyni işi görürdük.
- Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun oğlu olduğunuzu bilirdilər?
- Yox. Bilirsiniz, mən ora gedəndə soyadımı dəyişməli oldum. Həqiqətdə kim olduğumu bilmirdilər. Orada adla, soyadla deyil, ayamalarla(pozıvnoy-red) çağırılırıq. Bu mənim kimliyimi saxlamağı asanlaşdırdı.
-Orada soyadınız nə idi? Budyonny deyildi, təsadüfən?
- Əlbəttə yox. (Nikolay Peskov marşal Semyon Budyonnının nəvəsidir-red) Amma bu soyad mənə lazım ola bilər...
- Bəs orduda bu qədər xidmət keçdiniz?
- Müqavilə əsasında altı aydan bir az xidmətdə oldum.
- Atan sənə heç zəng etdimi?
- Yox. Heç kim bizə zəng etmirdi. Çünki bu təhlükəsiz deyil. İmkan düşdükcə özüm əlaqə saxladım. O da nadir hallarda. Həyat yoldaşıma və atama zəng edir, hər şeyin qaydasında olduğunu, sağ-salamat olduğumu bildirdim. Vəssalam…
- Neçə ildir evlisiniz?
- Bir ildən artıqdır.
- Övladlarınız var?
- Hələ yox.
-Konkret harada döyüşmüsünüz, hansı əməliyyatlarda iştirak etmisiniz?
- Təəssüf ki, bu məlumatları sizə açıqlaya bilmərəm.
-Qorxduğunuz vaxtlar olubmu?
- Əlbəttə. Məncə əsgər qorxusunu itirərsə, gərək əməliyyat zonasından çıxsın. Heç kim cəbhə zonasında qorxmadığını deməz. Amma o qorxunu dəf etmək də olur…
- Hansısa hərbi rütbəniz vardımı?
- Orada hər şey bir az fərqlidir. Mən sıravi idim.
- Xüsusi əməliyyatda olmuş adam kimi nə deyə bilərsiz, yaxın gələcəkdə bizi nə gözləyir?
- Bir şeyi deyə bilərəm ki, orada olan hər kəslə qürur duyuram, bütün uşaqlar çox çalışırlar. Və hesab edirəm ki, qarşıya qoyulan bütün vəzifələr yerinə yetiriləcək. Mən buna əminəm.
- Bu müddət ərzində nə iləsə mükafatlandırılmısınız?
- (könülsüz cavab verir) Mükafat verildi, hə… Yeni ildən sonra “İgidliyə görə” medalı aldım. Bu, həm də bütün ekipajın mükafatıdır. Təəssüf ki, bundan artığını deyə bilmərəm.
- Atanız xidmətinizi necə qiymətləndirir? O nə deyir?
- Məncə, fəxr edir.
- Atanıza medalınızı göstərmisiniz?
- Hələ yox.
- Mayın 9-da sinənizə taxacaqsınız?
- Hələ bu barədə düşünməmişəm.
azpolitika.info