Saat:12:26
Haqqımızda

"Pensiya və müavinət artımı ilə qiymət artımları arasında uyğunsuzluq meydana gəlir” - RƏŞAD BAYRAMOV

2025-11-27 23:21:35

“2026-cı ilin dövlət büdcəsində ilk baxışdan sosialyönümlü xərclərin artırılması diqqət çəkir. Büdcənin təqribən 41 faizi, yəni 17, 1 milyard manatının sosial sahələrə ayrıldığını görürük”. 

Bu barədə Hurriyyet.az-a AMİP Ali Məclisinin sədri Rəşad Bayramov 2026-cı ilin büdcə zərfi ilə bağlı fikirlərini bölüşərkən deyib.
“Gələn il sosial müdafiə və sosial təminat üçün ayrılan vəsait bildiyimiz kimi, təxminən 4,9 milyard manat, pensiya və müavinətlər üçün ayrılan xərclər isə 2,8 milyard manat təşkil edəcək. Əlavə olaraq, təhsil, səhiyyəyə ayrılan vəsaitlər də var. Bu, aztəminatlı təbəqələrin, pensiyaçılar və sosial yardıma ehtiyacı olan şəxslərin gəlirlərində ilk baxışdan müəyyən artım olacağını deməyə əsas verir. Lakin bütün bunlara baxmayaraq, büdcənin sosial rifaha təsiri yalnız ayrılan vəsaitlə məhdudlaşmır”,-deyə R.Bayramov qeyd edib.
 R.Bayramov hesab edir ki, əsas sual həmin vəsaitin necə və hansı səmərəliliklə xərclənməsdir: “Yəni infliyasiyanın davam etməsi, xüsusilə ərzaq və xidmət qiymətlərinin artımı sosial xərclərin real təsirini də avtomatik olaraq azaldır. Nəticədə pensiya və müavinət artımı ilə qiymət artımları arasında uyğunsuzluq meydana gəlir. Bundan əlavə, büdcənin sosiayönümlülüyü daha çox aztəminatlı təbəqələri əhatə edir. Lakin orta təbəqənin real gəlirlərindəki durğunluq ölkə üzrə ümumi sosial rifaha təbii olaraq mənfi təsir göstərir”. 
“Odur ki, 2026-cı ilin büdcə zərfində sosial sahənin gücləndirilməsi baxımından müəyyən irəliləyişlər olsa da, bu büdcənin əhalinin real yaşayış səviyyəsini nəzərə çarpacaq qədər yaxşılaşdırması üçün səmərli icra, ölkədə mikroiqtisadi sabitlik və əlavə institutsional islahatlar həyata keçirmək lazım olacaq. Yəni bunlar baş verəcəyi halda, biz büdcənin müəyyən təbəqənin həyat şəraitinin yaxşılaşmasına müsbət təsir göstərə biləcəyini deyə bilərik”,-deyə AMİP Ali Məclisinin sədri əlavə edib.
CAVİD