Pensiya ilə bağlı dəyişiklik: Məbləğ artmasa da, uşaq sayı artacaq? - Ekspert danışır

2022-04-19 16:50:00

Pensiya ilə bağlı dəyişiklik: Məbləğ artmasa da, uşaq sayı artacaq? - Ekspert danışır

“Hazırda Milli Məclisdə müzakirəsi keçirilən ""Əmək pensiyaları haqqında" Qanuna növbəti dəyişikliklər də pensiya sistemində aparılan islahatların tərkib hissəsi kimi əhəmiyyətlidir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri qeyd edib ki, sözügedən qanunun 10 maddəsinə 43 dəyişiklik təklif olunub:

“Əsas istiqamətlər ilk növbədə uşaqlara görə pensiyanın verilməsi şərtləri daha da yumşaldılır və genişlənir. Mövcud qanuna görə, beş və daha çox uşaq doğub böyüdən qadınlar, eyni zamanda beş və daha çox uşağı qəyyumluğa götürən atalar və yaxud ana vəfat edərsə və ya boşanarsa, beş və daha çox uşağı böyüdən atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. İndi isə sağlamlıq imkanı məhdud uşağı böyüdən atalara və analara da bu güzəştlər şamil olunacaq”.

Qanuna təklif olunan dəyişikliyə görə, Azərbaycanda pensiya yaşı ilə bağlı unifikasiya aparılacaq, yəni kişilərin və qadınların güzəştli şərtlərlə bəzi hallarda pensiya yaşı bərabərləşdirilir. Dəyişikliyə əsasən, pensiyaya çıxmaq üçün şərtlər yumşaldılır.

Qeyd edək ki, illər pensiya sistemi ilə bağlı bir sıra problemlər var və bu, narazılıq yaradır. Əsas problemlərdən biri kimi pensiya ilə bağlı yaş həddinin çox olması göstərilir ki, hazırda yaş həddinin bərabərləşdirilməsi yumşaldılma kimi təqdim edilir.

Belə ki, 5 və daha çox uşağı böyüdən atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. Bu da bir faktdır ki, hazırda ölkədə 4-5 usaqlı ailələrin sayı o qədər də çox deyil və yaxud çox az hallarda atanın 4-5 uşağı təkbaşına böyütdüyünə rast gəlmək olar.

Təklif olunan dəyişikliklər pensiya sistemindəki hansı problemləri həll edəcək?

Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bir neçə il bundan əvvəldən başlayaraq qadınlarla kişilərin pensiya yaşının bərabərləşdirilməsinə başlanılıb:

“O cümlədən də bu gün güzəştli şərtlərlə bərabərləşdirilmə düzgündür. Statistika göstərir ki, Azərbaycanda qadınların ömrü kişilərin ömründən çoxdur. Bu baxımdan qadınlara edilən güzəştləri kişilərə də etmək lazımdır. Daha çox uşaq böyüdən kişi nə deməkdir? Daha çox işləyən, zəhmət çəkən, ailəcanlı insandır və niyə ona pensiya verilməsin? Mən bu təşəbbüsü müsbət qarşılayıram”.

Ekspert hesab etmir ki, ölkədə pensiya yaşı yüksəkdir:

“Beynəlxalq aləmdə də belədir. Azərbaycanda başqa bir problem var. Əhalinin işsizlik problemi var. Dövlət strukturlarında çalışanları məcburən pensiyaya göndərirlər. Özəl sektorda pensiya yaşına çatma işəgötürənə əsas vermir ki, işçini işdən çıxartsın. Ancaq dövlət qulluğunda bu əsasdır. Pensiya yaşına çatanda işdən çıxarırlar, vətəndaş isə çıxmaq istəmir, işləmək istəyir. Biz pensiya yaşını azaltsaq, nə qədər əmək qabiliyyəti olan şəxslər dövlət qulluğunda işsiz qalacaqlar. Bütövlükdə həm dünyada, həm də Azərbaycanda insanların cavanlaşma prosesi var. Yəni ötən əsrin əvvvəlində Üzeyir Hacıbəyovun ölməz əsərindəki “Məşədi İbad” obrazının 50 yaşı var, hamı deyir ki, qocadır. Ancaq indi 50, 60 yaşında insan da özünü qoca hiss etmir. Bu da təbiidir, fiziki, texnikanın əldə etdyi nailiyyətlərdir. Bu baxımdan hesab etmirəm ki, 65 yaş elə də çoxdur”.

5 və daha çox uşağı böyüdən ataların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ ilə bağlı ekspertin fikrincə, bu, o baxımdan yaxşı təşəbbüsdür ki, insanlar hazırda çox uşaq istəmirlər:

“Onlar bilsələr ki, pensiya məsələsində güzəşt var, bu da uşaq sayının çoxalması üçün müəyyən stimuldur. Biz əgər regionda lider ölkə kimi qalmaq istəyiriksə, əhali sayının artması vacibdir”.

Ekspertin sözlərinə görə əsas problemlərdən biri pensiya məbləğidir:

“Dövlət qulluğunda çalışanların pensiyası pis deyil. Ancaq təəssüf ki, özəl strukturlarda çalışanların pensiyası azdır. Bu gün bir sıra ölkələrdə, o cümlədən Türkiyədə vərəndaşların daha tez pensiyaya çıxmaqda maraqlı olmasına gəldikdə isə bizim bununla bağlı Türkiyə səviyyəsinə çatmağımıza çox var. Bu da iqtisadiyyatımızın qeyri-şəffaflığı ilə bağlıdır. Maaşları az göstərirlər ki, bu da pensiyaya təsir etmir. Hesab edirəm ki, 10-15 ilə bu məsələ həllini tapacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya