Saat:17:54
Haqqımızda

"Payıza doğru Rusiya-Ukrayna savaşı daha da şiddətlənəcək" - SƏRDAR CƏLALOĞLU

2022-06-14 11:29:00

"Ukraynadan sonra İsveç, Finlandiya, Polşa, Orta Asiya və Cənubi Qafqaz respublikaları Rusiyanın işğalına məruz qala bilər"

"Rusiya işğalçılıq siyasətini genişləndirərsə, o zaman NATO da prosesə birbaşa müdaxilə edəcək"

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Rusiya-Ukrayna müharibəsinin gedişatı və onun sonu, NATO-nun prosesə müdaxilə imkanları, Rusiyanın beynəlxalq nüfuzunun zədələnməsi, Yunanıstanın Lozanna və Paris sülh müqavilələrinə zidd olaraq adaları silahlandırması və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

"Rusiyanı bir qədər də tükəndirmək lazımdır ki, nəinki hücum, hətta müdafiə qabiliyyətini itirsin"

- Hazırda Rusiya-Ukrayna müharibəsinin 111-ci gününü yaşamaqdayıq. Sizcə, savaş hələ nə qədər davam edəcək?

- Savaşın tezliklə bitəcəyini gözləmək olmaz. Çünki proqnozlara görə, ABŞ Konqresinin "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı" avqust ayında işə düşəcək. Beləliklə, əgər Ukrayna əsas silahları və digər zəruri dəstəyi o vaxt alacaqsa, deməli müharibə ondan sonra şiddətlənəcək. Yəni, payıza doğru savaş daha da alovlanacaq. Odur ki, müharibənin bitməsinin ancaq bir yolu var ki, o da Rusiyanın öz ambisiyalarından imtina etməsidir. Lakin Vladimir Putinin 1-ci Pyotrun 350 illiyinə həsr olunmuş tədbirdəki çıxışına baxdıqda məlum olur ki, Rusiya orta əsrlərdəki 4-cü İvanın apardığı siyasəti yeni dövrdə təzədən həyata keçirmək istəyir. Onu da qeyd etmək lazımdır ki, bu, yalnız Ukrayna ilə məhdudlaşacaq plan deyil. Putinin İsveçin adını çəkməsi, 25 illik müharibəni xatırlatması bir daha onu göstərir ki, Ukraynadan sonra Rusiyanın hədəfində İsveç, Polşa, Orta Asiya və Cənubi Qafqaz respublikalarıdır. Yəni, bu ölkələr Rusiyanın potensial işğalına məruz qala bilər. Müasir dövrdə bu cür imperialist dövlətin yaradılması, dünyaya meydan oxunması, bütün milli sərvətin silahlanmaya sərf olunması mümkün deyil. Çünki bu gün o qədər çox nüvə başlıqları, cürbəcür müasir silahlar var ki, qloballaşan dünyada bu cür tendensiyalara imkan verilməyəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyaya öz ambisiyalarını həyata keçirməyə imkan verilməyəcək. Ukrayna isə öz növbəsində, avqustdan etibarən Rusiyanın qarşısını daha sərt şəkildə almağa başlayacaq. Hələlik isə Ukrayna öz gücü ilə Rusiyanın qarşısını ala bilir. Bu səbəbdən də Qərb və NATO Ukraynaya hərbi texnika və digər zəruri dəstəyi versə də, açıq şəkildə prosesə müdaxilə etmir. Amma Rusiya işğalçılıq siyasətini genişləndirərsə, o zaman NATO da prosesə birbaşa müdaxilə edəcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusunun özünün hücum potensialını itirdiyini və daha iri əməliyyatlar aparmaq imkanının olmadığını bəyan edib. Fikrimcə, Rusiyanı bir qədər də tükəndirmək lazımdır ki, nəinki hücum, hətta müdafiə qabiliyyətini itirsin. Ancaq bu halda Rusiya ordusunu Ukrayna ərazisindən çıxarmaq mümkündür.

"Müstəqillik günü münasibəti ilə dünyada cəmi 7 ölkə Putini təbrik edib ki, bu da Rusiyanın beynəlxalq nüfuzunun ciddi şəkildə aşağı düşdüyünü göstərir"

- Qərb, əsasən də NATO nədən Ukraynanın tələb etdiyi silahları vermir?

- Açığı deyim ki, Ukraynanın silahlarla bağlı tələbləri reallıqdan yuxarıdır. Qərb də bunu nəzərə alır. ABŞ Ukrayna ərazisində gedən müharibəni çox dəqiqliyi ilə izləyir və incələyir. Belə ki, ABŞ-ın Rusiyanın taktika və strategiyası ilə bağlı, yəni qoşunların yerləşməsi, texnikaların cəlb edilməsi, hətta planları ilə əlaqədar dəqiq məlumatı var. Odur ki, ABŞ ona uyğun planlı şəkildə Ukraynanı silahlandırır. Yəni, Ukraynaya birdən-birə hədsiz sayda silah vermək olmaz. O zaman Ukrayna özü dünya üçün real bir təhlükəyə çevrilə bilər. Bir çoxları məhz bu məsələləri anlamaqda çətinlik çəkir. Halbuki, bu gün Ukraynanın əlində olan silahlar, Rusiyanın apardığı əməliyyatlar Ukraynanın xeyrinədir. Hətta son günlər Ukrayna bəzi yerlərdə ərazilərini azad etmək istiqamətində ciddi addımlar atır, Rusiya isə artıq 12-ci generalını qurban verib, çoxlu sayda canlı və texkika itkisi var. Bundan başqa, Rusiya iqtisadi cəhətdən blokadaya alınıb, beynəlxalq ictimaiyyət arasında olan-qalan nüfuzunu itirib. Məsələn, Rusiya Günü, yəni Rusiya Federasiyasının müstəqillik günü münasibəti ilə dünyada cəmi 7 ölkə Putini təbrik edib. Onlardan da 4-ü keçmiş SSRİ respublikalarıdır. Bütün bunlar Rusiyanın beynəlxalq nüfuzunun ciddi şəkildə aşağı düşdüyünü göstərir. İndiki mərhələyə qədər cərəyan edən prosesləri göz önünə aldıqdan sonra belə düşünürəm ki, artıq Ukraynanın qalib gəldiyini deyə bilərik. Bir dövlət ki, planlaşdırdığı əməliyyatı 48 saat ərzində yerinə yetirəcəyini bəyan etməsinə baxmayaraq, 3 aydır həmin planın heç 100-də 1-ni yerinə yetirə bilməyibsə, deməli məğlub olub.

"Rusiya Ukraynadan bir qarış belə, torpaq qopara bilsə, uzun illər dünyanın sülh və əmin-amanlığını təhdid edəcək"

- Sərdar bəy, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynada sülh mümkündür, yeganə məsələ onun Ukraynaya hansı ərazi güzəştləri bahasına başa gələcəyidir. Ukraynanın ərazilərindən imtina edəcəyini, sülh naminə torpaqlarını Rusiyaya güzəştə gedəcəyini düşünürsünüzmü?

- Təbii ki, əgər Ukrayna birtərəfli qaydada sülh, müharibənin dayanmasını istəyirsə, o zaman ərazilərinin bir hissəsindən imtina etməlidir. Lakin bu cür alçaldıcı sülh Ukraynaya lazım deyil. Ümumiyyətlə, ədalətli müharibə ədalətsiz sülhdən yaxşıdır. Hər bir sülhün dəyərinə baxmaq lazımdır. Əgər o baha başa gəlirsə, elə sülh heç kəsə lazım deyil. Odur ki, Ukrayna heç vaxt bu cür alçaldıcı sülhü qəbul etməz. Bundan başqa, o da məlumdur ki, Rusiya Ukraynadan müəyyən ərazi qoparmaqla dayanan deyil. Əksinə, bundan sonra Rusiyanın iştahı daha da qabaracaq. Çünki Rusiya Ukraynadan bir qarış belə, torpaq qopara bilsə, bu, o deməkdir ki, Rusiya uzun illər dünyanın sülh və əmin-amanlığını təhdid edəcək.

"Mənə elə gəlir ki, Putin gedəcəyi təqdirdə Rusiyada heç bir lider onun siyasətini davam etdirməyəcək"

- Necə düşünürsünüz, Putinin ölümü həm Rusiya daxilində, həm də Rusiya-Ukrayna savaşında ciddi dəyişikliklərə səbəb ola bilər?

- Adətən liderlərin hakimiyyətdən getməsiylə həmin liderlərin həyata keçirmək istədikləri ideyalar onlarla birlikdə dəfn olunur. İnanmıram ki, Putindən başqa onun ətrafındakı kimlərsə bu cür avantürist ideyalarla silahlanıblar. Putinin həm dövlət təhlükəsizlik orqanlarından gəlməsi, həm də idmançı psixologiyası onun bu cür iştaha düşməsinə gətirib çıxarıb. Mənə elə gəlir ki, Putin gedəcəyi təqdirdə Rusiyada heç bir lider onun siyasətini davam etdirməyəcək.

"Putin özünü beynəlxalq hüquqdan kənara çıxan avtoritar rejim lideri kimi aparır"

- Belə bir fikir səsləndirilir ki, Fransa və Almaniya hakimiyyəti Ukraynanın qələbəsindən, Rusiya prezidenti Vladimir Putinin məğlubiyyətindən qorxur. Çünki Ukraynanın qələbəsi beynəlxalq münasibətlərin bütün strukturunu, Avropanın təhlükəsizlik strukturunu dəyişəcək. Siz bu mövqe ilə razısınızmı?

- Əvvəla, Rusiyanın tam məğlubiyyəti bu ölkənin dağılması deməkdir. Rusiyanın dağılması isə dünya üçün də çox ciddi problemlərə səbəb ola bilər. Buna görə də heç kəs Rusiyanın məhv olmasını istəmir. Hamı istəyir ki, Rusiya da başqa dövlətlər kimi beynəlxalq hüquq çərçivəsində mövcud olsun. İndiki halda isə Putin özünü beynəlxalq hüquqdan kənara çıxan avtoritar rejim lideri kimi aparır. Təhlükə məhz bununla bağlıdır. Əgər Putin də beynəlxalq hüquq normalarına əməl etsə, BMT-nin qərarlarına hörmət etsə, beynəlxalq ictimaiyyətin tövsiyələrini qulaqardına vurmasa, işğalçılıq siyasətindən əl çəksə, o zaman həm Rusiya, həm də dünya üçün problem qalmayacaq. Putin bəhanə gətirir ki, guya orda rusların hüquqları pozulur. Guya Rusiya ərazisindəki rusların hüquqları Ukraynadakı ruslardan çoxdur?! Hazırda Rusiyada çoxlu sayda xalq yaşayır və onların bir çoxu mədəniyyətindən, dinindən və dilindən məhrum edilib, assimilyasiya olunub. Buna baxmayaraq, Rusiya Ukraynanı məcbur edir ki, orda yaşayan ruslara əlavə səlahiyyət, rus dilinə isə dövlət dili statusu verilsin. Təbii ki, bu da kökündən yanlış, beynəlxalq hüquqa zidd tələbdir.

"ABŞ-ın da maraqlarına uyğundur ki, Türkiyə super güc iddiasından imtina etsin, bəzi bölgələrdə öz təsirlərini zəiflətsin, çünki..."

- Yunanıstanın 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə şərti olaraq ona verilmiş adaların statusunu pozması, adaları silahlandırması Yunanıstanla Türkiyə arasında savaşa səbəb ola bilər? Əgər bu, baş verərsə, onda ABŞ tərəflərdən hansının yanında olacaq?

- Düşünürəm ki, Yunanıstanla Türkiyə arasındakı münasibətlər müharibə vəziyyətinə gətirib çıxarmayacaq. Çünki Yunanıstanın Türkiyə ilə müharibə etmək şansı yoxdur. İkincisi, Türkiyə NATO üçün çox əhəmiyyətli partnyordur. Xüsusilə də Rusiyanın davranışları Türkiyənin əhəmiyyətini, onun rolunu bir qədər də artırır. Həm də vaxtilə Yunanıstan Türkiyənin razılığı ilə NATO-ya üzv olub. Bu baxımdan, düşünmürəm ki, tərəziyə qoyulsa Yunanıstan ağır gəlsin, Türkiyəyə qarşı o müdafiə olunsun. Sözsüz, ABŞ-ın da maraqlarına uyğundur ki, Türkiyə super güc iddiasından imtina etsin, bəzi bölgələrdə öz təsirlərini zəiflətsin. Çünki bu gün Türkiyənin təsirinin gücləndiyi bölgələrdə ABŞ-ın maraqları daralır, təsir gücü zəifləyir. Odur ki, ABŞ yunanların maraqları baxımından deyil, məhz öz maraqları baxımından Yunanıstanı dəstəkləyir. Lakin istənilən halda Türkiyə ilə Yunanıstanı bir tərəziyə qoymaq mümkün deyil. ABŞ özü də bunu yaxşı bilir.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR