Saat:19:42
Haqqımızda

Payıza doğru koronavirusa yoluxan xəstələrin SAYI DAHA DA ARTA BİLƏR

2022-08-17 12:43:00

Payıza doğru koronavirusa yoluxan xəstələrin SAYI DAHA DA ARTA BİLƏR

Mədinə Abdullayeva: "Covid-19-la əlaqədar xəstələrin sayının artması Omikron virusunun bir alt variantı olan BH.4 və BH.5-dəki mutasiyalarla əlaqədardır"

Son günlər qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da yoluxma sayında artım müşahidə olunur. Elə təkcə Qazaxıstanda ötən sutka yoluxma halı 788-i keçib. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 1378687 nəfərə çatıb. Ölkəmizdə və digər qonşu dövlətlərdə Covid-19-un artmasına səbəb əksər məhdudiyyətlərin xeyli vaxtdır ki, aradan qaldırılması, zaman keçdikcə qazanılmış kollektiv immunitetin zəifləməsidir. Yaxın aylarda payız fəslinin yaxınlaşması isə insanları bir çox narahatçılıqla qarşı-qarşıya qoyur. Unutmayaq ki, payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Havalar soyuduqca bədənin müqaviməti azalır, orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır.

Bütün bunları nəzərə alaraq, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halının payızda yüksəlməsi istisna deyil. Məsələ ilə bağlı "Hürriyyət"ə açıqlama verən həkim-infeksionist Mədinə Abdullayeva bildirib ki, son zamanlarda Covid-19-la əlaqədar xəstələrin sayının artması Omikron virusunun bir alt variantı olan BH.4 və BH.5-dəki mutasiyalarla əlaqədardır: "Çunki bu mutasiyaların yoluxduruculuğu yüksəkdir və buna görə də yayılması daha sürətlə baş verir. Burada yayılmanın qarşısının alınması üçün ən önəmli qorunma vasitəsi isə mütləq olaraq qapalı yerlərdə maska taxılması və məsafə saxlanılmasıdır. Xüsusilə, risk qrupuna daxil olan əlli yaş üzəri insanlara, yanaşı xəstəliyi olan, şəkər xəstəliyi, xərçəng xəstəliyi, ürək və s. xəstəlikləri olan vətəndaşlara mütləq olaraq vaksinasiyada iştirak etməsini tovsiyyə edirik. Hazırda mövcud variantlarla əlaqədar yoluxduruculuq faizi artsa da, bizi sevindirən hal xəstəxanalarda xəstə sayının az olmasıdır və  buna görə də biz maksimum qaydalara riayət edərək məsafə saxlayıb qapalı yerlərdə maska taxaraq yoluxmanın yayılmasının qarşısını ala bilərik. Payıza doğru xüsusilə artım ola bilər. Bu, eyni zamanda qrip virusu ilə birlikdə də baş versə, daha ağır seyr edə bilər".

Həkim-infeksionistin sözlərinə görə, məhz bu səbəbdən də xüsusi risq qrupunda olan insanlar payızda mütləq olaraq qripə qarşı da vaksindən istifadə etməlidir: "Əgər belə davam edərsə, virusun yoluxduruculuğu çox olsa belə, xəstəliyin gedişatı üst tənəffüs yolu infeksiyonu kimi gedərsə çox qapanmalar gözlənilmir. Çünki hazırda səhiyyə sistemini yükləyən bir durum yoxdur".

Qeyd edək ki, ilk növbədə qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə etmək, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirərək sosial məsafəni ən azı 1,5 metr gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək, xüsusilə spirtdən mümkün qədər çox istifadə etmək vətəndaşlar üçün olduqca zəruri və faydalıdır.

Nərmin Məmmədli,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR