Saat:01:47
Haqqımızda

Patriarx Dəşti-Qıpçağı rus torpağı sayır, bizim Şeyx isə bir fars şovinistinə cavab vermir

2022-01-18 11:20:00

Patriarx Dəşti-Qıpçağı rus torpağı sayır, bizim Şeyx isə bir fars şovinistinə cavab vermir

Sərvəxt olmalıyıq, rus irticası kinini gizlətməyi bacarır, əlinə fürsət düşən kimi zəhərli neştərini işə salacaq…

Putin Azərbaycan ordusundan tutarlı zərbə almış Ermənistandan 70 əsgər və zabitin Qazaxıstana göndərilməsinə əmr edir. Sanki erməni faşistinə deyir, pərt olma, arxanda durmuşam, Qazaxıstan da türk elidir, acığını çıx, nə qədər istəsən qırıb çata bilərsən, sənin orada kifayət qədər müttəfiqin var...

Rusiyanın özündə bir alim tapılmadı ki, patriarxa da, Putinə də, deyəydi, a kişilər, sizin iştaha ilə baxdığınız torpaqlarda sivilizasiyalar bir-birilərini əvəzləyəndə rusun adı heç tarixdə yox idi, həyanız olsun...

Prezident sarayında oturanlar doğrudan da başa düşmürlər ki, özəl telekanallarda hökm sürən hərcayalıqla, elza seyidcahanlarla, faiq ağayevlərlə, xalqın zəndi zəhləsi getdiyi qondarma ideoloqlarla vətənpərvərlik təlqin etmək bihudə zəhmətdir?  

1945-ci ilin yazında Moskvada əzəmətli qələbə rəsm-keçidi təşkil edildi. Sinələri orden və medallarla bəzənmiş əsgər və zabitlərə təp-təzə paltar geyindirmişdilər. Çox təfərrüata varmıram, təntənənin kulminasiya nöqtəsi nasist Almaniyasının bayraq və standartlarının mavzoley qarşısında yerə atılması idi. Barabanların gurultusu altında dünən bütün Avropa üzərində qürurla dalğalanmış bayraqların ayaq altına tullanması unudulası deyildi. Nasistlərə, xar olmuş Almaniyada münasibət öz yerində, amma açığını demək lazımdır, bu aksiya bütöv bir millətin alçaldılması və qəsdən təhqir olunması demək idi. Alman xalqı ona qarşı törədilmiş bu kimi əməlləri unutmayıb. Elə buna görə də hər il o alman yoxdur ki, bu və ya digər formada Hitlerin ad gününü yad etməsin.

Xruşşovun axmaq hakimiyyəti illərində Berlinin düz ortasında hündür beton divarın çəkilməsi alman xalqının Rusiyaya nifrətini birə on artırdı. Bu həngamələrin aqibətini gördük...

Sankt-Peterburqun hansı kilsələrində bizim xanlıqların ələmlərinin tuğlarının hərbi qənimət kimi saxlandığını bilirik. İllər keçib, neçə üsuli-idarə dəyişilib, amma rus irticası bu qədər vaxt ərzində onların Azərbaycana qaytarılması barədə düşünməyib. Ümumiyyətlə istəyən də olmayıb, bizdə o qeyrət nə gəzirdi.

...Dənizkənarı bulvarda qənimət kimi götürülmüş hərbi texnikanın, silahların sərgiyə qoyulması rus irticasına sillə kimi dəyib. Rus buna necə dözəcək ki, dünənləri “baran”, “çuşka”, “turok”, “spekulyant” deyib alçaltdığı azərbaycanlı onun mənfur nökəri ermənini tar-mar etsin, üstəlik onun silahlarını da eksponat kimi dünyaya göstərsin? Yəni baxın, yaxşı baxın, dünyaya hədə-qorxu gələn, hara gəldi burnunu soxan Rusiyanın silahlarının qarşısına çıxan kişilər var.

Mən 1945-ci ildə Moskvada keçirilmiş mərasimlə bizim təşkil etdiyimiz qənimətlər sərgisini bir eləmirəm. Sadəcə onu deyirəm ki, biz sərvəxt olmalıyıq, rus irticası kinini gizlətməyi bacarır, əlinə fürsət düşən kimi zəhərli neştərini işə salacaq. İblisanə məkrə baxın, Putin Azərbaycan ordusundan tutarlı zərbə almış Ermənistandan 70 əsgər və zabitin Qazaxıstana göndərilməsinə əmr edir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır, Moskva sanki erməni faşistinə deyir, pərt olma, arxanda durmuşam, Qazaxıstan da türk elidir, acığını çıx, nə qədər istəsən qırıb çata bilərsən, sənin orada kifayət qədər müttəfiqin var. Biz heç vaxt qoymarıq ki, xaçpərəst qardaşımız müsəlmanın, özü də türkün qarşısında xəcil olsun. Bəziləri deyəcək ki, əşşi, bu təxəyyülün məhsuludur, belə şey ola bilməz. Tarix boyu belə şeylər baş verib, hamı ibrət alıb, bir Azərbaycandan başqa.

İnternetdə erməni faşistlərinin qazaxlar barəsində dediklərini oxuyanda ittihamlarımda haqlı olduğuma inandım.

Rusiya patriarxının qədim Dəşti-Qıpçaq üçün “bura rusların torpağıdır” deməsi, daha sonra Putinin də eyni sayıqlamanı təkrar etməsi boş-boşuna deyildi.

Amma təəssüflər olsun ki, elə Rusiyanın özündə bir alim tapılmadı ki, patriarxa da, Putinə də, deyəydi, a kişilər, sizin iştaha ilə baxdığınız torpaqlarda sivilizasiyalar bir-birilərini əvəzləyəndə rusun adı heç tarixdə yox idi, həyanız olsun. Sözümün canı bu deyil. Qazaxıstanda baş verənlər xudanəkərdə bizdə gözlənilirmi, bu sual çoxunu narahat edir.

Ayın 12-də hörmətli Prezidentin jurnalistlərlə görüşü televiziya kanalında göstərildi. Ölkədə çox az adam tapılardı ki, onu izləməsin. Nə lazım gəldisə deyildi, hiss olunurdu ki, müzəffər Prezidentimiz ölkənin üstünü almış təhlükəni bizdən min qat artıq bilir. O, təqdir olunası, alqışlanmalı açıqlamaları ilə bütün bədxahlarımıza bildirdi ki, heç kim Azərbaycandan təbəəlik gözləməsin və heç kim onunla ağayana danışıb iradəsini diktə edə bilməz. Yəni bizim zərimiz də var, zorumuz da. Belə dövlət xadimini qorumamaq olarmı?

Gəlin açıq danışaq, burada heç kim pis məna filan axtarmasın. Qafqaz xalqları içində bizim qədər rusa ehtiram, hörmət, qanaq sevərlik göstərən ikinci xalq yoxdur. Dil məsələsində də azərbaycanlı heç bir vaxt rusu bizim dildə danışmağa məcbur etməyib.

Əksinə, azərbaycanlının özü rus dilində danışmağa başlayıb və illər boyu o qədər qızışıb ki, gül kimi dədə-baba dilini rus dilindən əxz etdiyi sözlərlə tamam murdarlayıb. Dərd burasındadır ki, indinin özündə dilini tam zay etmiş azərbaycanlıya irad tutanda, o üzünə bozarır. Bir qövmün adamı ki istər ahılı olsun, istər cavanı, danışıq zamanı hər kəlmə başı rus sözü işlədirsə və bunun qəbahət olduğunu başa düşmürsə, daha nə deyəsən?

 Hələ indi də düzəlmirik, vaxtilə Xəzər sahili yaşayış məskənlərinə dəfələrlə hücum etmiş, yüzlərlə qız-gəlini əsir-yesir edərək Rusiyaya qul kimi aparmış Stepan Razinin adını unutmuruq. Bu kimi mətləblərdən az qala min dəfə yazılıb, xeyri yoxdur ki, yoxdur.

Ermənistanda rus dilində danışan, bir rusdilli məktəb yoxdur, camaat içində rus dilində sula versən, səni adam yerinə də qoymayacaqlar. Amma Moskva irticası erməni üçün sinov gedir. Biz arsızlar isə hətta, Qələbə günü bayram ediləndə imlan verdik ki, beş-on nakəs Bakı küçələrinə rus bayrağını çıxartsın. Bu rəzalətə qol qoyanlar yaxşı bilirdilər ki, bu tayfanın içindən üç-dörd kişi çıxıb onların üzünə tüpürməyəcək.

Qazaxıstan variantının Azərbaycanda təkrar olunmasını həsrətlə gözləyənlər var. Özü də onlar bir deyil, iki deyil. Dəfələrlə yazmışam, demişəm, biz hər hansı xarici təcavüzə qarşı vahid milli cəbhə kimi çıxmasaq, uduzacağıq. Birdəfəlik bilmək lazımdır ki, bu müharibədə bizə qələbə qazandıran prezident İlham Əliyevin ustalıqla bütün sahələrdə yeritdiyi siyasət və xalqın indiyə qədər görünməmiş əzmi, birliyi oldu. Şanlı Şuşa əməliyyatını uğurla başa vurmuş, indinin özündə ön xətdə heç bir çətinliyə  baxmadan gecə-gündüz Vətənin keşiyində durmuş, təsərrüfatın bütün sahələrində qeyrətlə işləyən, çalışan soydaşlarımıza layiq ideoloji iş aparılmır. Prezident sarayında oturanlar doğrudan da başa düşmürlər ki, özəl telekanallarda hökm sürən hərcayalıqla, elza seyidcahanlarla, faiq ağayevlərlə, xalqın zəndi zəhləsi getdiyi qondarma ideoloqlarla vətənpərvərlik təlqin etmək bihudə zəhmətdir?             

Bəzən məni günahlandırırlar ki, ifrata varıram, nifrətim hüdudsuzdur. İkinci cahan savaşında Azərbaycan ümumiyyətlə ona dəxli olmayan müharibədə 700 min övladını qurban verib, nefti ilə Rusiyanı məhvdən xilas etdi. Müharibədən sonra da xalqımın dərisi soyulurdu, şəhərlərimizin, kəndlərimizin  vəziyyətini nə tez unutdunuz? Bütün kənd təsərrüfat məhsulları Rusiyaya daşlınmırdı? Pambıq tarlalarında işləməkdən vaxtından əvvəl sər-sifətdən düşmüş Azərbaycan anaları istirahətin nə olduğunu bilmirdilər, Abşeronun qızıl qumlu çimərliklərində isə şimaldan gəlmiş qədim peşə sahibləri bizim biqeyrətlərin pulu ilə gündə kabab yeyirdilər. Bəli müstəqillik dövründə milyardlar oğurlanıb, talanıb, nuvorişlər özləri üçün saraylar ucaldıb, hakim partiyanın “fürerləri” neynim demirlər, soyğunçuluq, rüşvətxorluq bir gün də dayanmır, amma ətrafa da baxın bu qədər həngamədən sonra əldə qalan sərvətin hesabına  görün nələr baş verib. Bakı gözəlliyi ilə dünya şəhərlərinə meydan oxuyur, ölkə başdan başa inşaat meydanına dönüb, quruculuq işləri bir saat da dayanmır, qüdrətli ordu yaranıb, qədim şəhərlərimiz bərpa edilir və s. Bir qərinə ərzində Azərbaycan böyük itkilərə baxmadan elə vüsətlə inkişaf edib, elə zirvələr fəth edib ki, bunu təsvir etməkdə qələm acizdir. İki əsrdən çox vaxt ərzində bütün var-yoxumuz Rusiyaya axıdılırdı.  Özünüz təsəvvür edin, əgər bir qərinə ərzində Azərbaycanda belə intibah baş veribsə, bu iki əsr ərzində ölkənin sərvətləri Rusiya tərəfindən daşınmasaydı nələr baş verəcəkdi. Putin kimilərin fikrincə əvvəlki imperiya bərpa olunmalıdır, yəni özbək, qazax, türkmən, tacik, qırğız, azərbaycanlı kölə kimi işləməli və yenidən rus təpiyi altına düşməsinə sevinməlidir.     

Qazaxıstan fiaskosu Rusiyaya göstərdi ki, bundan sonra min fırıldağa, təxribata qol qoysa da heç nəyə nail olmayacaq.

Allahın köməyi ilə xalqımız rus irticasının araxalandığı “5-ci kolonnanı” başını əzəcək!

Firuz HAŞIMOV                                                             

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR