Saat:11:43
Haqqımızda

Paşinyanın təyyarəsi Moskva hava limanına eniş edə bilmədi

2025-12-11 11:11:14

Paşinyanın təyyarəsi Moskva hava limanına eniş edə bilmədi

Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya eniş etmək üçün icazə ala bilməyib və bundan sonra Sankt-Peterburqda eniş etmək məcburiyyətində qalıb.

Məlumata görə, "ACJ319" təyyarəsi eniş edə bilmək üçün bir saata yaxın Tver bölgəsi üzərində dövrə vurub, lakin nəticədə "Pulkovo" hava limanına yönləndirilib və gecə saat bir radələrində eniş edib.

Qeyd edək ki, Paşinyan Almaniyaya səfərindən sonra Moskvaya uçurdu və Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etməyi planlaşdırırdı.

Hava nəqliyyatında yaranan problemə son zamanlar Moskva bölgəsinə edilən ən böyük dron hücumlarından biri səbəb olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva bölgəsi üzərində 32 PUA (pilotsuz uçuş aparatı - dron) vurub. Sakinlərin sözlərinə görə, Zelenoqrad, Ramenskoye, Odintsovo və Dubnada partlayış səsləri eşidilib. Hücum nəticəsində Moskvanın dörd əsas hava limanı - "Şeremetyevo", "Domodedovo", "Vnukovo" və "Jukovski" müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib. Bu da 170-dən çox reysin gecikməsinə və ya ləğvinə gətirib çıxarıb. Uçuşların xeyli hissəsi "Pulkovo"dakı alternativ aerodroma yönləndirilib.

Bağlı hava limanlarında ilişib qalan sərnişinlər gecəni terminallarda gecələməyə məcbur olublar.

Hücum ölkənin digər bölgələrinə də təsir edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərində 287 dronun qarşısı alınıb və məhv edilib. Onlardan 118-i Bryansk bölgəsində zərərsizləşdirilib.

Oxu.az