Saat:16:05
Haqqımızda

Paşinyanın Rusiyanı köməyə çağırmasına Bakıdan reaksiya - "Güya ki, camaatın bunlara borcu var....

2021-07-30 21:37:00

Paşinyanın Rusiyanı köməyə çağırmasına Bakıdan reaksiya -

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib ki, demarkasiya işləri aparmaq üçün bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiyanın sərhəd postlarını qurmaq lazımdır.

 

İyulun 29-da hökümətin iclasında o habelə qeyd edib ki, bu məsələni Rusiya tərəfi ilə müzakirə etməyə hazırlaşırlar.

N.Paşinyan Azərbaycanı təcavüzkar ritorika və hərəkətlərdə, həmçinin vəziyyətin siyasi, davamlı şəkildə həlliylə bağlı beynəlxalq aləmin təkliflərini cavabsız qoymaqda günahlandırıb.

 

Kremlin sözçüsü Dmitri Peskov isə məsələ ilə bağlı jurnalistlərə konkret heç nə deməyib. O, bildirib ki, İrəvanla təmaslar davam edir: «Buna heç nə əlavə edə bilmərəm».

 

Bir müddət əvvəl N.Paşinyan sərhəd məntəqələrdən birində beynəlxalq müşahidəçilərin yerləşdirilməsini də təklif etmişdi.

Onun bu təkliflərinin reallaşdırılması nə dərəcədə mümkündür? Rusiya hərbçiləri sərhəddə yerləşdirilsə, bunun nəticələri nə olacaq? Görək Azərbaycanda bu sualar ətrafında nə düşünürlər?

 

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov «Turan» Agentliyinə bildirib ki, hər bir müstəqil dövlət öz sərhədini qorumalıdır:«Azərbaycan buna qadirdir və öz sərhədlərini özü qoruyur. Əgər Ermənistan öz sərhədlərini qorumaq iqtidarında deyilsə, təbii ki, o bütün tarixdə olduğu kimi bu gün də kənardan köməyə ehtiyac duyur».

 

O, qeyd edib ki, Ermənistan ərazisində Sovet dövründən qalma Rusiya dövlətinin böyük hərbi bazası yerləşir: «N.Paşinyan da Azərbaycanla sərhəddə hərbçilərinin yerləşdirilməsi üçün Rusiyaya bir neçə dəfə müraciət edib. Onsuz da bundan əvvəl də Rusiya qoruyurdu. Ermənistanın hava məkanında təhlükəsizliyin ərazisi onların nəzarətində idi».

 

Komitə üzvü hesab edir ki, indi Ermənistan buna daha çox ehtiyac duyur: «Güya ki, Azərbaycan onların ərazisinə müdaxilə edə bilər, onlar təhlükə qarşısındadır və onların təhlükəsizliyini qorumaq lazımdır».

 

Onun sözlərinə görə, Ermənistan təkcə Rusiyadan yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da kömək istəyir: «Ermənistan bu təşkilatın bir üzvü kimi onlardan xahiş edir ki, gəlin təhlükəsizliyimizi təmin edin. Güya ki, camaatın bunlara borcu var».

 

E.Məmmədov vurğulayıb ki, Ermənistan bununla da kifayətlənmir: «Onlar hətta Rusiyadan başqa Minsk Qrupunun digər həmsədr dövlətlərini – Fransanı və ABŞ-ı dəvət edir ki, gəlin burada təhlükəsizliyimizi qoruyun. Yaxşı, özün- özünü müdafiə edə bilmirsənsə, gücünə uyğun hərəkətlər et».

 

Deputat hesab edir ki, Ermənistan indi sülh sazişini imzalamalı, dinc qonşuluq şəraitində yaşamaq yolunu seçməli və Qarabağla bağlı əsassız iddialardan əl çəkməlidir.

 

Onun vurğulamasına görə, bütün bunları Prezident İlham Əliyev Ermənistana təklif edib və edir: «Azərbaycan bəyan edir ki, bölgədə dayanıqlı sülhün tərəfdarıdır və bunun üçün nə lazımdırsa edir. Ermənistana da sülh sazişinin imzalanması üçün öz təkliflərimizi göndərmişik. Ancaq Ermənistan öz yersiz ərazi iddialarından əl çəkmir». \\AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR