Paşinyanın qoluna QANDALI KİMLƏR VURUR? - DETALLAR

2022-08-29 13:41:00

Paşinyanın qoluna QANDALI KİMLƏR VURUR? - DETALLAR

Ermənistanın ikinci Qarabağ müharibəsində Azərbaycan ordusunun bölmələri tərəfindən məhv edilən hərbçilərinin valideynləri sabah, avqustun 30-da ölkənin Baş naziri Nikol Paşinyanın həbsini tələb edəcəklər.

Məlumata görə, əsgər valideynləri avqustun 30-da Baş Prokurorluqda olacaqlar.

Ölən əsgərlərin valideynləri baş prokurorluq binasının önünə toplaşaraq baş prokuror Artur Davtyanın öz vəzifəsini yerinə yetirməsini tələb edəcəklərini bildiriblər. Onlar hazırda Davtyandan 44 günlük müharibə ərzində özünü Ali Baş Komandan elan etmiş Nikol Paşinyanın həbsini tələb edəcəklərini söyləyiblər.

Bəs, doğrudanmı Ermənistanın baş naziri həbs oluna bilər? Artur Davtyan Ermənistanın baş nazirinin qollarına qandal vura biləcəkmi?

Politoloq Cümşüd Nuriyev Publika.az açıqlamasında bildirib ki, əslində bütün bunlar Rusiyanın və İranın hərbi elitası tərəfindən hazırlanmış təxribatlardır:

“Çünki Rusiya Ermənistanın indiki rəhbərinin – Nikol Paşinyanın daha çox Qərbyönümlü siyasət yürütdüyünü görür. Bu aksiya isə hər şeydən öncə 31 avqustda planlaşdırılan Brüssel görüşünə qarşı bir təxribatdır. Yəni Nikol Paşinyan Brüsseldə hansısa razılaşmaya getməsin deyə, bu cür təxribatlara əl atırlar. Zaman-zaman ermənilərin özləri də bu cür təxribatlardan yararlanıblar. Bütün bunlar bizə tanış ssenarilərdir. Xatirinizdədirsə, rəhmətlik Heydər Əliyevlə görüşlərdən öncə ya İrəvanda, ya da görüşlərin keçirildiyi yerlərdə bu cür təxribatlar ya ermənilər, ya da ayrı-ayrı rəhbər şəxslər tərəfindən törədilib. Yəni, hazırda Paşinyana qarşı başladılan proses də təxribat xarakterlidir. İnanmıram ki, indiki şəraitdə Paşinyanı Ermənistanda həbs eləsinlər. Amma təbii ki, bütün bunlar müəyyən siyasi effekt yaradacaq. Burada maraq başqa şeydir. Bilirik ki, 44 günlük müharibədə ölən ermənilərin tək günahkarı Nikol Paşinyan deyil”.

Ekspertin fikrincə, bu müharibəni gündəmə gətirən erməni diasporu və kilsəsidir, üstəlik, 20 il bu müharibə eyforiyasını saxlayan Koçaryan və Sarkisyan cütlüyü olub:

“Əgər Paşinyan həbs ediləcəksə, ondan əvvəl Koçaryan və Sarkisyanın da qolları qandallanmalıdır. Həmin valideynlər bu iki şəxsin də həbsini tələb eləməlidir. Birtərəfli şəkildə Paşinyanın həbsinin gündəmə gətirilməsi onu göstərir ki, baş verənlər bir təxribatdır və Ermənistan baş nazirini Brüssel görüşü öncəsi qorxutmaq məqsədi daşıyır. Həm dünya siyasətində, həm də Qarabağla bağlı məsələlərdə ermənilərin bu cür təxribatlardan istifadə etməsi məlumdur. İnanmıram ki, bu təxribatlar hansısa uğurla nəticələnsin. Hətta qarşıdurmanın da böyük olacağına inanmıram. Çünki Nikol Paşinyan, demək olar ki, ətrafını tamamilə təmizləyib. Hazırda Ermənistanda elə güclü müxalifət yoxdur ki, keçmiş əsgər analarının siyasi tələblərindən yararlana bilsin. Hər halda bu, xoş bir şey deyil. Fəqət Ermənistanın daxili işidir. Özləri bilər. Atalar məsəlində deyilir ki, nə əkərsən, onu da biçərsən. Ermənilər indi etdiklərinin cavablarını alırlar. Çox şükür ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad elədi. Bizim vaxtilə yaşadıqlarımızı indi ermənilər yaşayır. Onlar başa düşsünlər ki, biz bir xalq olaraq nələrdən keçmişik. Amma heç zaman öz qürurumuzu və şərəfimizi itirməmişik. Xalqımızın böyüklü də bundadır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.073186