"Paşinyanın məqsədi gələcəkdə təkcə Rusiyadan deyil, həm də İrandan xilas olmaqdır" - ZAUR MƏMMƏDOV

"Güman edirəm ki, bir neçə həftə ərzində daha bir tələbimizin reallaşmasının ictimaiyyətə açıqlanmasını izləyə bilərik"
"İran Avropa İttifaqının müşahidəçilərinin Zəngəzura gəlməsinə qarşı deyil. Bu sözləri İranın Ermənistandakı səfiri qeyd edib və əlavə edib ki, regionda sülhün qorunmasına digər dövlətlər də ( regiondan kənar dövlətləri, Avropa İttifaqını nəzərdə tutur) töhfə verə bilərlər. Bundan başqa, İranı təmsil edən diplomat Zəngəzur dəhlizinə Tehran və İrəvanın icazə verməyəcəklərini bildirib. Qeyd edim ki, oktyabr ayında çıxışlarımda Paşinyan - Makron - Rəisi arasında Nikolun vasitəçiliyi ilə dolayısı yolla gizli anlaşma olduğunu qeyd edirdim. Ermənistan baş nazirinin ayrı-ayrılıqda Fransa və İran liderləri ilə gəldiyi razılığa əsasən bölgəyə Avropa İttifaqı xüsusi nümayəndələri yerləşdirilir və Tehran nəinki buna etiraz etmir, hətta alqışlayır. Çünki İran Zəngəzur dəhlizinin açılmasını və Qərbi Zəngəzurda sərhəd dəyişikliklərinin olmaması üçün hər vasitəyə hazırdır". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
"Hətta, ötən ilin sentyabrın 13-14 günlərində məhz İran ordusunun iştirakı ilə Ermənistan ordusunun postumuza Azərbaycan sərhəddi istiqamətinə hücum etdiklərini istisna etmirəm" deyən politoloqun sözlərinə görə, İran İslam Respublikası Fransa polisinin və digər Avropa İttifaqı ölkələrinin Ermənistana gəlişi ilə qırmızı cizgi saydığı Qərbi Zəngəzurda özünü Azərbaycan ordusu ilə toqquşmadan sığortalayır və ümid edir ki, avropalıların gəlişi Azərbaycanın istəklərinin reallaşmaması ilə nəticələnəcək: "Elə buna görə də, Tehran 30 ildə ilk dəfə olaraq NATO və Avropa İttifaqı dövlətlərinin xüsusi nümayəndələrinin Cənubi Qafqaza gəlişinə nəinki etiraz etmir, hətta razılığını Paşinyana verir. Bu addım, Rusiya və İran arasında Ermənistanla bağlı son iki ildə ilk belə fikir ayrılığı deyil. Hərçənd, Rəisi hakimiyyəti hansı ki, müasir İran tarixində ən uğursuz xarici siyasət yürüdən administrasiya kimi tanındı, bilməlidir ki, Paşinyanın məqsədi təkcə Rusiyadan deyil, həm də İrandan gələcəkdə xilas olmaqdır".
Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, ilk baxışdan görünməsə də, Avropa İttifaqı xüsusi missiyasının İranın Paşinyana xeyir-duası ilə Qərbi Zəngəzura gəlməsinin nəticəsi Azərbaycanın deyil, Azərbaycana qarşı məkrli siyasət quranlar üçün iflas ilə nəticələcək: "Və artıq nəticələnməkdədir. Artıq Laçın dəhlizində giriş-çıxış Azərbaycanın nəzarətindədir və bundan sonra belə də olacaq. Güman edirəm ki, bir neçə həftə ərzində daha bir tələbimizin reallaşmasının ictimaiyyətə açıqlanmasını izləyə bilərik. Yaxın vaxtlarda, Vardanyanla bağlı yeni xəbərin gələcəyini istisna etmirəm".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya